Zığdakı sürüşmə aktivləşib, sakinlər kömək gözləyir

 

”Bizə ”gözləyin” deyirlər, amma nə vaxtadək?”

“Bakıda aktiv sürüşmə əraziləri var və bu ərazilərdə çatlar hər ay dərinləşir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının mətbuata açıqlamasında belə qeyd olunur.

Məlumatda göstərilir ki, məsələn, yanvarda Zığ-1 sürüşmə sahəsində 43 saylı binada quraşdırılmış mayaklarda 1 santimetrə qədər genişlənmə müşahidə olunub.

Çatların genişlənməsi təsdiqlənir

Azərbaycan Milli Elmlər Akademiyası da son monitorinqin nəticəsini açıqlayıb və Zığ sürüşmə ərazisində çatların genişləndiyini təsdiqləyib. Hazırda sürüşmə ərazisi hesab edilən Suraxanı rayonu, Zığ qəsəbəsində 90 ailənin yaşadığı bina da daxil olmaqla 500-dək qəzalı ev var. Ötən il bu evlərin 105-də yaşayışın təhlükəli olduğuna dair sakinlərə xəbərdarlıq göndərilmişdi. Köçmək istəməyən sakinlərin zorla çıxarılması üçün Suraxanı rayon İcra Hakimiyyəti sakinlərə qarşı məhkəmə iddiası qaldırıb.

Qəzalı evlərin sakinlərinin bir neçəsi kirayə evə köçürülüb. Amma sakinlərköçürülmə prosesinin dayandırıldığını, qəzalı evlərin siyahısına yenidən baxıldığını, evlərin sayının azaldığını deyirlər.

Binanın arxasında beton divarlar çəkilib. Lakin bu divarlar bir neçə yerdən çatlayıb və əyilib. Binada çatların dərinliyinin ölçülməsi üçün bir neçə ərazidən möhürlər vurulub. Möhürlərdən də bəlli olur ki, hər ay çatlar yaranır.

“Deyirlər, büdcədə pul yoxdur”

 Qəsəbə sakini Arif Əliyev deyir ki, ötən il evdən köçmələri məsləhət görülsə də, bu il təmirdən sonra yaşayışın mümkün olduğunu deyiblər: “Əvvəl dedilər ki, sizə evlərinin əvəzinə kompensasiya veriləcək. Sonra dedilər ki, ya Abşeron rayonu, Sultəpə, ya da Suraxanı rayonu “Dədə Qorqud” qəsəbəsində torpaq sahəsi veriləcək. Sakinlər torpaq sahəsinin verilməsinə etiraz etdilər. İndi də büdcədə pul olmadığını deyib, gözləməyi məsləhət bilirlər”.

Kirayəyə köçən ailələr də narazıdırlar. Zığ qəsəbəsi, Hatəm Allahverdiyev küçəsi ev 63-də yaşayan Rəfiqə Baxşiyeva deyir ki, 6 nəfərlik ailə neçə aydır kirayədə yaşayır: “Evimiz qəzalı vəziyyətdədir. Bizə “gözləyin” deyirlər, amma nə vaxtadək? Uşaqlar məktəbə gedəcək. Evimiz tam qəzalı vəziyyətdədir. Evin əvəzinə kompensasiya, torpaq və ya ev versinlər”.

“Biz də büdcədə pul olmadığını bilirik”

Hatəm Allahverdiyev küçəsinin digər sakini Səlim Məmmədov da deyir ki, evləri uçmaq üzrədir: “Buna görə də məcbur olub kirayəyə köçdük. Kirayə haqqını Suraxanı Rayon İcra Hakimiyyəti ödəyir”.

S.Məmmədov deyir ki, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin rəyinə əsasən, 55 ev qəzalı ev kimi qiymətləndirilib. Amma belə evlərin sayı 40-a endirilib: “Ötən il bir neçə dəfə aksiya keçirdik. Biz də büdcədə pul olmadığını bilirik, heç olmasa icra hakimiyyətlərinin balansındakı boş evlərdən bizə versinlər. Bizim evin bütün sənədləri qaydasındadır”.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, Zığdakı sürüşmə ərazisindəki evlərin qəzalı vəziyyətdə olmasından hər kəs xəbərdardır. “Tədbir görüləndə sizin də xəbəriniz olacaq. Hələlik qəzalı evlərdə yaşayanlar kirayəyə köçürülür”,-deyə adını söyləməkdən imtina edən icra nümayəndəsi cavab verib.

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button