“Qaynar Qazan”da İsa Qəmbər (IV-sonuncu hissə): “Zindandan, ölümdən qorxsam, özümə hörmət etmərəm”

İsa Qəmbər: “2003-cü ildə prezident seçkilərindən əvvəl bilirdim ki, Rusiya hakimiyyətə dəstək verir, Qərb də müdaxilə eləməyəcək”

 

Əslində, İsa Qəmbər “Qaynar Qazan”ın ilk qonağı olmalı idi. Amma bir az da bizim özümüzdən qaynaqlanan səbəblərdən olmadı. Və onunla bir də müsahibə üçün vaxtlaşmaq, danışmaq, görüşümüzü müəyyənləşdirmək 3 aya qədər vaxt apardı. Təbii ki, müsavatçıların da basqısı bir tərəfdən. Xüsusilə, AXCP sədri Əli Kərimlinin “Qaynar Qazan”dakı müsahibəsindən sonra müsavatçıların İsa Qəmbər basqısı vardı üzərimizdə. Elə düşünənlər vardı ki, biz özümüz İsa Qəmbəri çağırmırıq. Halbuki sosial şəbəkələrdə yazılan və “Qaynar Qazan”da olması istənilən hər kəslə bu və ya digər formada əlaqə yaratmağa çalışırıq və onların hamısı ilə bu “qazan”da görüşməyə istəkliyik.

İsa Qəmbər az, qısa, konkret danışan müsahibdir. Tənqidə dözümlüdür, amma tənqiddən də xoşlanmaz. Biz bunu jurnalist fəaliyyətimizdən bilirik. Ona görə də əlimizdə olan tənqidi suallar dosyesi ilə müsahibəyə gedəndə uzaqbaşı 1 saata yekunlaşacağımızı təxmin etmişdik. Həm də arada yaranan illərin uçurumu müsahibənin o qədər də rəvan keçməyəcəyi həyəcanını verirdi. Sonuncu dəfə İsa Qəmbərlə 2003-cü ildə “Xural”ın “Mənim Prezidentim” layihəsində görüşmüşdük və müsahibə o zaman alınmamış, yarımçıq da qalmışdı.

Bu düşüncələrlə getdiyimiz müsahibəni başqa ovqatda bitirdik. Saat saatı keçdi və bizim “danışmaz” deyə düşündüyümüz İsa Qəmbərlə düz 2 saat yarımı keçən müsahibəmiz baş tutdu. Hələ əlimizdə xeyli suallarımız qaldı və… danışılacaq da xeyli mövzularımız.

Beləcə, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərlə maraqlı və tarixi bir müsahibə alındı. Və biz o müsahibəni Oxucu-tamaşaçılara təqdim edirik.

“Qaynar Qazan”da İsa Qəmbərdir…

Əvəz Zeynallı

IV-Sonuncu hissə

 

I hissəni bu linkdə oxuya bilərsiniz: https://www.xural.com/?p=28507 “Hakimiyyətin dəyişməsi və rejimin getməsi zaman məsələsidir”

 

II hissəni bu linkdə oxuya bilərsiniz: https://www.xural.com/?p=28598 “Əliyev rejimində 10 il parlamentdə oturan İsa Qəmbər deyil”

 

III hissəni bu linkdə oxuya bilərsiniz: https://www.xural.com/?p=28756 “Qiyamdan əvvəl Elçibəylə dərin və açıq söhbətlərimiz oldu”

 

 

ABŞ-ın mövqeyi: 3 nəfərdən kim prezident olursa-olsun, böyük  fərq etməz

 1

– İsa bəy, burada o tip bir sual da var. Yəqin siz onu oxudunuz: “İsa bəy, Amerikaya gedəndə mən də orada idim. İsa bəyə orada dedilər ki, bu iqtidardan sizə pay olmaz” və onu da dedilər ki, siz ona görə də 15-16 oktyabrdan sonra əslində nələrin baş verəcəyini bilibsiniz. Belə bir şey real idimi?

– Bildim, söhbət nədən gedir. Deyəsən, bu yaxınlarda ülke.tv-də “Əbülfəz Elçibəyi kim yıxdı?” mövzusunda bir veriliş olub. Mən baxmamışam, amma mənə dedilər ki, orada belə bir fikir səsləndirilib. Mənim 2003-cü ilin sentyabrında Amerikaya səfərim olub. Həmin sözü deyən də həmin vaxt Vaşinqtonda səfərdə olub. Görüşlərimiz olub, amma səfəri o təşkil etməmişdi və səfər də onun proqramı deyildi. Mənim Vaşinqtona dəvətim var idi, ora gedəcəkdim, həmin şəxs də Vaşinqtona getmək fikrində olduğuna və eyni günlərdə orada olacağımıza görə, müəyyən təmaslarımız, müzakirələrimiz oldu. Həmin şəxsin də geniş əlaqələri var idi. Mən öz proqramımı gerçəkləşdirərkən, o da müəyyən şəxslərlə görüşmüşdü. Həmin şəxslərdən də bilgi almışdı ki, ABŞ hakimiyyəti hazırda – o zaman sentyabrın ortaları idi – Azərbaycanda rejimin dəyişməsinə hazır deyil. Bu informasiyanı o mənə dedi. Mən Vaşinqtonda olduğum müddətdə gördüm. Çünki artıq 1-2 ay ərzində yüksək səviyyələrdə diskussiyalar getmişdi. Bunu bilməyənlər bilsinlər, düşünmək istəyənlər də ciddi qəbul eləsinlər. Amerika Birləşmiş Ştatları bütün dünyada demokratiyanın olmasında maraqlıdır. Bu təbiidir, hər bir dövlət, hər bir demokratik qüvvə dünyanın onun kimi olmasını istəyir…

– Təbii ki…

– Amerika Azərbaycanda da demokratiyanın olmasında maraqlıdır. 2003-cü ildə Heydər Əliyev dönəminin yekunlaşması ilə bağlı ABŞ Azərbaycanda normal bir seçki keçirilməsini və xalq kimin tərəfindədirsə, həmin şəxsin hakimiyyətə gələrək, ölkəni idarə etməsinin tərəfdarı idi. ABŞ-ın yanaşması bu idi. Rusiya birmənalı olaraq, buna qarşı idi. Məsələni də belə qoymuşdu ki, “yalnız bizi təmin edə bilən fiqur Azərbaycanı idarə edə bilər”. Bu haqda Amerikanın tanınmış siyasi analitiklərindən biri müsahibəsində 5 adamın adını çəkmişdi və bildirmişdi ki, bunlardan ikisinin Azərbaycanda prezident olması Amerika üçün yolverilməzdir. Qalan 3 nəfərdən isə kim olursa-olsun, böyük  fərq etməz. Yəni Amerika bu namizədləri mümkün sayır. Belə bir fikir söyləmişdi. Həmin 3 nəfərdən biri mən idim, digəri də İlham Əliyev idi.

– Yəni İsa Qəmbər də olsa, bizim üçün olar?..

– Bəli, yəni problem deyil, normal yanaşırıq… Çünki bizi demokratik qüvvə kimi qəbul edirdilər, İlham Əliyevi isə guya Heydər Əliyev dönəmi üçün islahatçı komandanın lideri kimi qəbul edirdilər.

– Bəs üçüncü kim idi?

– Sizin dostlarınızdan biri…

– Mənim prezidentliyə namizəd olan dostum kimdir, maraqlıdır?

– Olmamış olmaz… Deməli, Qərbin, Amerikanın yanaşması bu idi, Rusiyanın da yanaşması o idi ki, yalnız məni təmin edən adam olmalıdır. Dərin informasiyaya və dərin təhlilə ehtiyac olmadan özünüz düşünün, biri deyir ki, bu 3 adamdan hansının olmasına etiraz eləmirik, digəri də deyir ki, ancaq bizim marağımızı təmin edən şəxs ola bilər və bir adamın da üzərində dayandılar…

 

ABŞ-dan dönəndən sonra hədəfim, vəzifəm o oldu ki…

 10

– Təxminən siz Amerika səfərində bilirdiniz ki…

– Bilirdim ki, Rusiya Əliyevlərin hakimiyyətdə qalmasına tərəfdar çıxır və artıq orada öyrəndim ki, ABŞ həmin dediyim konteksdən yanaşaraq, bu məsələyə müdaxilə eləməyəcək. Ona görə də ABŞ-dan dönəndən sonra mənim hədəfim, vəzifəm o idi ki, mümkün qədər cəmiyyəti fəallaşdırıb, seçkilərə mümkün qədər çox insan gətirək. Ona nail olduq. 2003-cü ilə qədərki fəallıq bəlkə də müstəqil Azərbaycanda keçirilən heç bir seçkilərdə olmayıb. Bir 1992-ci ildə Əbülfəz bəyin seçildiyi ili müqayisə eləmək olar. 2003-cü il oktyabrın 15-də, bilmirəm, yadınızdadır yoxsa yox, yüzlərlə insan məhkəmənin qarşısında növbə gözləyirdi ki, onların seçici siyahısında adları bərpa olunsun ki, onlar gedib, səs verə bilsinlər…

– Bəli…

– Belə bir şərait idi və biz ona nail ola bildik. Cəmiyyətin mümkün qədər 15-16 oktyabrda fəal olması üçün əlimizdən gələni etdik. Çünki biz düşünürdük ki, biz nə qədər böyük qüvvə ilə çıxış edə bilsək, ayın 15-də seçkilərdə, 16-da isə “Bizim Azərbaycan” Blokunun kütləvi tədbirində, bir o qədər Rusiyanın təsirini məhdudlaşdıra və xalqın iradəsi ilə hakimiyyəti formalaşdıra bilərik. Eyni zamanda mən dediklərimdən əlavə olaraq, onu da bilirdim ki, Azərbaycan hakimiyyəti, Əliyev rejimi hakimiyyəti qoruyub saxlamaq üçün istənilən cinayətə hazırdır. Nəinki bir neçə nəfər, yüzlərlə insanı döyüb-öldürməyə hazırdırlar. Bunun üçün həmin günlərdə təşkilati-texniki işləri də görmüşdülər. Oktyabrın 12-də də bəzən bizə məsləhət verirdilər ki, 12-də, 15-16-da belə eləmək lazım idi.  Çoxdur belə sual və təkliflər, amma həmin günlərin hər biri ilə bağlı hakimiyyətin hərbi-texniki-təşkilati tədbirləri var idi. Bunlar haqqında mənim kifayət qədər bilgim var idi. Çünki həmin günlərdə Prezident Aparatından tutmuş, nazirliklərə qədər, hər yerdə bizə tərəfdar olan, bizə açıq bilgi ötürən şəxslər var idi.

Biz bilirdik ki, hakimiyyət xalqı qırmağa da gedəcək…

8

– Hətta həmin günlərdə sizə zəng vurub, təbrik edən generalların da olduğu söylənilir.

– Detallara getməyək. Yəni xeyli belə bilgilər var idi və ona görə də bilirdik ki, hakimiyyət xalqı qırmağa da gedəcək, cinayət də edəcək. Onu da bilirdik ki, Rusiya hakimiyyəti belə halı ilə tam təqdir eləyəcək, Qərb isə buna müdaxilə eləməyəcək. Məsələ budur. Oktyabrın 15-də axşam Müsavatın qərargahının qarşısında Piter Haker və ATƏT-in müşahidəçi missiyasının bəzi nümayəndələri qarşıdurmanın lap ortasına girərək, qan tökülməsinin qarşısını almağa çalışırdılar. Polisin Müsavata hücumunun qarşısını almağa çalışırdılar ki, bütün məsələlər danışıqlar, müzakirələrlə həll olunsun və seçkidə səslər sayılsın. Beynəlxalq Təşkilatlara birbaşa deyilmişdi ki, siz o məsələlərə qarışmayın və geri çəkilin. Buna qədər, bütün detalları bilirdik.  Həmin şəraitdə bir halda ki, hakimiyyət istənilən tarana hazırdır, Rusiya da bunu müdafiə edir, hətta buna çox müsbət də yanaşır, Qərb də buna qarışmamaq əzmindədir, deməli, kütləvi insan qırğını ehtimalı var. Qərbin Rusiyanın məsələyə münasibəti ilə yanaşı, məndə konkret informasiya var idi ki, hakimiyyət hansı addımları hazırlayır. Bilirdik ki, hakimiyyət yüzlərlə insanın qanı hesabına da olsa, onları məhv etmək hesabına da olsa, rejimi qoruyub-saxlamaq fikrindədir. Bilirdim ki, Rusiya buna dəstək verir, Qərb də buna müdaxilə eləməyəcək. Bunları bildiyim üçün mənim həmin günlərdə…

“Qələbə” kinoteatrının qarşısında verilən icazə ləğv edilmişdi

6

– Həmin günlərdə sakit davranmağın və çıxmamağın səbəbi də o idimi?

– Bütün o müddətdə mənim bütün davranışlarım, qərarlarım ona xidmət eləyib ki, xalq nə qədər mümkündürsə, seçkilərdə fəal iştirak etsin, heç bir şəkildə xalq mübarizədən çəkinməsin, inamını, ümidini itirməsin. Eyni zamanda bir nəfərin də burnu qanamasın. Bir nəfər də zərbə altına düşməsin. Mənim bütün qərarlarım, bütün addımlarım ona yönəlibdir. Biz həmin gün Xalça muzeyinin qarşısına mitinq təyin etmişdik. Hakimiyyət ona razılaşmayıb, “Qələbə” meydanının qarşısında mitinq keçirməyə icazə vermişdi. İndi də bəziləri deyirlər ki, niyə “Qələbə”yə getmədiniz?

Dedim, insanları “Azadlıq” meydanına istiqamətləndirin

– Bəli.

– Halbuki biz bilirdik ki, həmin gecə hakimiyyət Bakı şəhər İcra Hakimiyyətinin simasında “Qələbə” kinoteatrının qarşısında verdiyi icazəni ləğv eləmişdi, yəni mitinq istənilən halda dağıdılacaqdı. Harada olursa olsun. Xalça muzeyinin qarşısına insanların toplaşmasına icazə vermədilər və insanlar Bakının küçələrinə dağıldılar. Bakının mərkəzi küçələrinə minlərlə insan axışırdı, çox emosional, çox həyəcanlı vəziyyətdə… Müəyyən şüarlar səslənirdi, təxribatçılar da müəyyən hərəkətlərə yol verirdilər. Bütün o müddətdə mən qərargahda idim. Qərargahda Arif bəyə həvalə etdim ki, digər müavinlərimdən və bizi müdafiə edən partiya liderlərindən kimi tapa bilirlərsə, birlikdə camaatı küçələrdən toparlasınlar. Çünki küçələrdə o nümayişlər heç bir müsbət nəticə verməyəcəkdi, ancaq hakimiyyətə insanlara qarşı hücum eləmək üçün bəhanə verəcəkdi. Və demişdim ki, bacarsaq, “Azadlıq” meydanına çıxaq. Plan da elə idi ki, “Azadlıq” meydanına çıxa bilsələr, camaatı da orada toparlaya bilsələr, mənə deyəcəklər, mən də ora gedəcəm. Arif bəy və dostlarımızdan bir hissəsi bu dediklərimizi həyata keçirdilər – çox asan məsələ deyildi, o qədər insanı küçələrdən toparlayıb, nümunə göstərib, “Azadlıq” meydanına çıxarmaq. Əslinə qalsa, Əliyev rejimi dönəmində xalqın “Azadlıq” meydanına çıxdığı faktiki yeganə hadisə idi 2003-cü ilin 16 oktyabrı… Əslinə qalsa, bu cür şərəfli mübarizə tarixlərini başqa cür təqdim etmək, başqa cür insanların yaddaşında saxlamağa cəhd etməyin özü də xalqa qarşı ziyanlı bir mövqedir. Meydana çıxara bildilər, amma çox təəssüf ki, polisin və digər qüvvələrin hücumları nəticəsində meydan tez dağıdıldı. Həmin dəqiqələrdə, “Azadlıq” meydanında bizim camaatımızın olduğu müddətdə bir neçə adamla mənim telefon söhbətlərimiz, telefon təmaslarımız qurulmuşdu – məqamı müəyyənləşdirməyə çalışırdıq ki, mən meydana nə vaxt gəlim. Mən bu haqda geniş danışmaq istəmirəm, bunların da zamanı gələndə hamısını deyəcəm. Mən də hər şeyin detallarını nəzərə alaraq, elə hərəkət etmək istəyirdim ki, dediyim kimi, hərəkatın bütün gücü, xalqın bütün iradəsi ortaya çıxsın, eyni zamanda hakimiyyətə silah tətbiq etmək, insanları qırmaq üçün səbəb və bəhanə verməyək. Amma çətin bir vəziyyət idi. O şəraitdə mən düşünürdüm ki, müavinlərimdən, dostlarımdan, silahdaşlarımdan xəbər gəlsin və meydana gedim.

 

Meydana getmək üçün hazır idim, qərar verdim ki, gedim…

 7

– Bir xəbər gözləyirdiniz, başqa bir xəbər gəldi…

– Bəli… Müsbət xəbər gəlmədi və mən də hazırlaşırdım meydana gedim. Axırda qərar qəbul elədim ki, gedim, ondan sonra nə olursa, olsun. Açığı bir az da… Bilirsinizmi, bunu deyəndə çox adam da deyir. Bəlkə deyəndə də çox adama inandırıcı görünür, çox adama görünmür. Biz ideya adamlarıyıq, biz missiya adamlarıyıq. Bizim üçün həbs, ölüm və sairə kimi məsələlər detallardır…

– Həbsdə də olmusunuz, bununla sizi qorxuda bilməzlər…

– Yəni bütün bunlar detallardır… Qorxmağı mən özüm üçün mümkün hesab etmirəm. O zaman mən özümə hörmət etmərəm, əgər mən zindandan, ölümdən qorxsam. Təbii ki, mən yaşamaq istəyirəm, təbii ki, mən azad yaşamaq istəyirəm. Ancaq bir qədər əvvəldə də dedim ki, mənim üçün toxunulmaz prinsiplər var. Xalqımın, dövlətimin maraqları, müstəqilliyi və özümün şərəf və ləyaqət anlayışlarım. Bu məsələlər mənim üçün ölümdən də, həyatdan da üstündür. Bir məsələnin bu tərəfi… “Azadlıq” meydanına getmək fikrinə gəlirdim ki, mənə deyildi, camaat oradan dağıdıldı və meydana getməyin anlamı qalmadı. Yenə deyirəm, bu, geniş bir söhbətin mövzusudur. Müəyyən səbəblərdən detallara getmək istəmirəm. İstəyirəm ki, o mərhələ mümkün qədər tez yaxınlaşsın ki, o detalları da ictimaiyyətə açıqlamaq mümkün olsun.

– Yəni deyirsiniz ki, nə zamansa, bizim açıq danışmaq imkanlarımız olacaq?

– Bəli, bir gün mümkün olacaq.

– Zülfüqar Qubad soruşur: “İsa bəy, o vaxt deyirdiniz ki, geniş publika qarşısına çıxanda xalqa önəmli sirr açacaqsınız. O imkan olmadı. Bəs indi nə edək, o sirri bəlkə “Qaynar Qazan”da açıqlayasınız?”

 

Nə deyim, bilmirəm, …kifayət qədər məhrumiyyətlər yaşayırıq

5 

– Önəmli sirr deyəndə, bir az fərqli çıxa bilər. Sadəcə mənim bildiklərim var və doğrudan da insanlar mənim qərarlarımla maraqlanırlarsa, o marağı təmin etmək də bizim vəzifəmizdir. Ancaq geniş auditoriya olanda…

– Ruslan Vəliyev sual verir: “Oğlunuz bahalı universitetdə alı təhsil alıb. Digəri də Kanadaya köçdü. İllərlə rəsmi olaraq da iş yeriniz yoxdur. Turqut da işləmir. Partiyadan da aylıq üzvlük haqqı ilə bu qədər xərci qarşılamaq bəs etməz. Evə çörək pulu haradan gəlir? Bu işin sirrini bizə deyin. Gəlirləriniz haqqında məlumat verin, zəhmət olmasa…”

– Yenə də cığal tipli suallardandır. Əlbəttə, bütün siyasətçilərin gəlir deklorasiyası və əmlak deklorasiyasını verməsinin tərəfdarıyıq. Bunu hər zaman demişik. Ancaq məsələ ondadır ki, bunun ilk olaraq, hakimiyyətdən, prezidentdən, dövlət məmurlarından tələb edilməsi düşüncəsindəyik. Bizə gəldikdə isə, nə deyim, bilmirəm. Kifayət qədər məhrumiyyətlər yaşayırıq. Ancaq yenə də deyirəm ki, mən şikayətlənməyi xoşlamıram. Mən burada izah eləməyə çalışım ki, hansı xərclərimi ləğv eləmişəm, hansı xərclərimi məhdudlaşdırmışam – bunu deməyi özümə yaraşdırmıram. Oğlum xaricdə ali təhsil alıb – təhsillə bağlı müəyyən fondlar var, müəyyən hallarda tələbələrə kömək edirlər ki, onlar təhsil ala bilsinlər. Digər oğlum da Kanadada təhsil almağa gedib. Bu da onun hüququdur. Mən heç bir zaman övladlarımın prinsipial qərarlarına qarışmaq fikrində olmamışam və qarışmamışam. Nə cür dolanırıq, bu yaxşı sualdır.

Ayda neçə toya gedirsən?

 4

– Azərbaycan xalqı kimi demək olarmı?

– Bunu hamı bilir də, necə dolanırıq. Dostlar, qardaşlar – bir şəkildə yola veririk. Bu sualı verən dostumuz özü o suala da cavab versin ki, aylıq nə qədər gəliri var və bir ayda neçə dənə toya gedir? Özü də tək o yox, ümumiyyətlə, bütün azərbaycanlılara bu aiddir. Soruşanda ki, nə qədər qazanırsan? Deyir, “n” qədər. Ayda neçə  toya gedirsən? Deyir, “n+5” qədər. Bu, necə olur? Birtəhər, çətinliklə də olsa, yola veririk. Sadəcə olaraq, mən təkcə öz həyat şəraitimi yaxşılaşdırmaq fikrində deyiləm. Təkcə öz həyatımı yaxşılaşdırmaq istəsəydim, onun min bir yolu var idi və mübarizə dövrü ərzində ən müxtəlif şəkillərdə bunu edərdim. Mən elə şərait yaratmaq istəyirəm ki, hər bir vətəndaş layiq olduğu səviyyədə yaşaya bilsin, yaxşı yaşaya bilsin.

– “Yeni Müsavat”ın yazarı Məhəmməd Türkmən soruşur: “İsa bəy hakimiyyətdə olsaydı, Turqut və İlkin hansı vəzifədə olardı?”

– Biz hakimiyyətdə olmuşuq və hakimiyyətdə olduğumuz müddətdə mən qohum-əqrəbamı vəzifəyə yerləşdirməklə məşğul olmamışam. Ola bilər, hansısa qohumum hansısa vəzifəyə gətirilib, ancaq mənim təşəbbüsüm və təklifimlə bu, olmayıb. Biz yenə də hakimiyyətdə olanda gənclərin irəli çəkilməsinin tərəfdarı olacağıq. Sadəcə, bunu qohumluq və şəxsi münasibətlərə görə yox, özlərinin şəxsi keyfiyyətlərinə görə və iddia etdikləri vəzifə varsa, cəmiyyətin onlara münasibəti necə olacaq və yaxud da cəmiyyət onları harada görmək istəyəcəksə, yenə də bu, cəmiyyətdən asılı olan bir məsələdir. Hər halda bu saat vəzifə məsələsi heç mənim özümü də maraqlandırmadığı üçün, onun İlkinə, Turquta necə aid olacağını düşünməyə heç belə marağım yoxdur.

Nə yorulmamışam, nə həvəsdən düşməmişəm, nə mübarizə əzmimi, inamımı itirməmişəm

3

– Keçmiş deputat Etibar Hüseynov yazır: “Çox üzüyola adamdır, biri qəzetini əlindən aldı, bir başqası partiyasını. Heç olmasa oturduğu kabineti qoruyub saxlaya biləcəkmi?”

– Kabinet məsələsinə aydınlıq gətirdik. Ona da aydınlıq gətirdik ki, mənim üçün hansısa maddi dəyərlər heç zaman xüsusi önəm daşımayıb. Mənim üçün ideyalar, prinsiplər önəmlidir. O baxımdan da “Yeni Müsavat” qəzetinin yaradıcısı Rauf Arifoğludur – mən təsisçi olsam da, qəzetin işinə müdaxilə eləmirdim və qəzet müstəqil idi. O müstəqilliyi nümayiş etdirmək üçün birdəfəlik qəzetdən imtina etdim və tam şəkildə bütün hüquqları qəzetin qurucusuna verdim. Hesab edirəm ki, düzgün eləmişəm. Partiyaya gəldikdə isə, Nizamnamədə də yazmışıq ki, bir şəxs iki müddətdən artıq partiyanın başqanı ola bilməz. Nizamnaməyə əməl etmişəm. Nə yorulmamışam, nə həvəsdən düşməmişəm, nə mübarizə əzmimi, inamımı itirməmişəm. Sadəcə Nizamnaməmizdə yazılıb ki, eyni şəxs iki dəfədən artıq ardıcıl başqan ola bilməz. Ona əməl eləmişik. Şərait yaratmışıq müsavatçılara, onlar da öz iradələrinə uyğun şəkildə hesab edirəm ki, kifayət qədər düzgün və uğurlu seçim eləyiblər, Arif Hacılını başqan seçiblər. Bunda da problem yoxdur. Kabinet məsələsinə qalanda isə, deyəsən, bu sualı verən şəxs yəqin deputat kabinetini itirib, ona görə belə sual verir. Olur belə şeylər, çox da ürəyinə yaxın qəbul eləməsin.

– Bəhruz Xəlilov soruşur: “Bir qohumumuz var, o vaxt balaca oğlunu öyrədirdi ki, “Müsavatın başqanı olsun cümhurbaşqanı!” Uşaq da bunu əzbərləmişdi, atası da gördüyünün yanında bunu dedizdirirdi ki, baxın, oğlum nə deyir. İndi həmin uşaq orta məktəbi bitirib, əsgərliyə də gedib. İsa bəy, özünüz necəsiniz?”

– Bu, bir az atmaca ruhunda suallardandır. Şüarlar şüarlardır də… Elçibəyin seçki kampaniyasında şüar var idi ki, “Ümid var gələcəyə, səs versək Elçibəyə!” Sonra Etibar Məmmədov şüar qoydu ki, “Etibarlı gələcək Etibarla gələcək!” İndi mənə verilən sualı, Allah rəhmət eləsin Elçibəydən də soruşmaq olar ki, “bəs nə oldu?” Şüardır da… Şüarlar ictimai prosesi, seçki prosesini tənzimləmək, insanları fəallaşdırmaq, ruhlandırmaq üçün istifadə olunan bir vasitədir. Yəni bu məsələlərlə bağlı atmacalar atmaq da əslinə qalsa, hər bir vətəndaşın hüququdur. Ancaq mən istərdim ki, bizim vətəndaşlarımız, xüsusilə gənclərimiz, məxsusən bizə suallar verənlər daha yaxşı yumor hissi nümayiş etdirsinlər.

– Sənan Musayev yazır ki, “Mənim ona sualım yoxdur, o, artıq müxalifət deyil…” 

– Çox əziyyət çəkib… Bu qədər əziyyət çəkib onu yazıb. Sual verməsəydi də, bunu yazmasaydı da məlum olacaqdı ki, onun mənə sualı yoxdur.

“Qaynar Qazan”a düşüb heç?

2

– Şəhla Cabbarlı soruşur ki, “Siyasi həyatında “Qaynar Qazan”a düşüb heç?” Rüstəm Rüstəmzadə də deyir ki, 25 ildən çoxdur ki, “Qaynar Qazan”da qaynayır, hələ bişməyib…

(İstehzalı gülüşlə…) Bunlar hamısı obrazlı deyilən fikirlərdir, danışmaq üçündür və “Qaynar Qazan” mənim yeni obraz yaratmaq arzularıma cavab vermir. Xeyli zarafatlar eləyə bilərəm o mövzuda, amma istəmirəm.

– Vüsal Həsənov deyir, “Salam İsa bəy. Bir türk misalı var, deyirlər ki, çinarın yaxınlığında əkilən balqabaq cücərib boy atdıqca, təbii ki, çinara sarmaşıb yüksəlir və yüksəldikcə də sanki belə olmalıymış kimi düşünür. Ta demir ki, çinar olmasaydı, sürünərdi. İsa bəy, sizin də yanınızda xeyli insan siyasətdə böyüyüb, cücərdi, boy atdı, sonradan onların mənəm-mənəm deməyi, etibarsızliğı sizi ruhdan salmadı ki?” Sizi də sevən suallar var.

– Buna da normal yanaşmaq lazımdır. Hər kəsin, hər zaman, daim eyni fikirdə olmasını gözləmək düzgün olmazdı. Mən insanların azad şəkildə qərar qəbul etmək hüququna inanıram və eyni zamanda hesab edirəm ki, insanlar azad şəkildə qərar qəbul etmək hüququna malik olduqları kimi, həm də öz qərarlarının nəticələrinə də qatlanmaq məcburiyyətinə sahib olmalıdırlar.

Hakimiyyətin yarpaqları tökülməkdədir…

– Bir maraqlı sual da var: “İsa Qəmbər deyə bilərmi ki, son günlər havanın yağışlı və küləkli olması fonunda ağaclardan ümumilikdə neçə yarpaq düşüb?” Yəqin bu sual İsgəndər Həmidovun mitinqdə söylədiyi son çıxışına istinadən verilib?

– Bu məsələni həvalə eləmişik, Prezident Aparatının Araşdırma Mərkəzinə, Həmin Araşdırma Mərkəzi bu məsələni öyrənib, yəqin yaxın vaxtlarda bu dostumuzun sualına cavab verəcək. Çünki hakimiyyətin yarpaqları tökülməkdədir.

– Tural Bəxtiyarzadə: “İsa Qəmbər böyük siyasətçidir. Onun təcrübələrinə də, dünya görüşünə də müxalifətin hələ zaman-zaman ehtiyacı olacaq. Təbii ki, bunun əksini düşünənlər də vardır. Ömrünü bütün resursları əlində cəmləmiş bir hökumətlə mübarizəyə həsr etmiş, həm də bunu əxlaqi dəyərlər çərçivəsində etmiş bir şəxsə sualım yoxdur. Lakin parlament seçkisinə qatılmamasını anlaya bilmədim. İsa bəy bəlkə də özünü kənardan görmür, xatırladım ki, o, bir rəngdir. Ağ-qara insanların arasındakı qırmızı bir rəng, Öz rəngi ilə qaranı örtə bilməsə də ağı boyamalıdır. Düşünürəm ki, necə və hansı fırça ilə boyayacağını o məndən dha gözəl bilir”.

– Təşəkkür edirəm. Gördüyünüz kimi, bizi seçkilərdə iştirak etməyimizə görə ittiham edənlərlə yanaşı, etməməyə görə də ittiham edənlər var. Həyatın gözəlliyi də budur. Həyatda hər kəs, öz nöqteyi-nəzərindən baxır. Mən isə bu suala cavab verərkən demişəm ki, seçki ilə bağlı biz qərarlar qəbul edərkən, Azərbaycanın maraqlarından, cəmiyyətin maraqlarından, demokratik düşərgənin maraqlarından çıxış edərək qərarlar qəbul etmişik. Cavabım da qüvvədə qalır, həmin cavabı dəyişmək fikrində deyiləm.

 

Bizə verilən həyatı şərəflə, ləyaqətlə yaşamalıyıq

9

– Sizə çoxlu-çoxlu təşəkkür edirəm. Bir sualla da bitirmək istəyirəm. Xəyal Rüstəmov yazır: “İsa bəy yenidən dünyaya gəlsəydi necə olardı?”

– Mən sizə təşəkkür edirəm, müsahibə üçün. Yəqin ki, oxucular, dinləyicilər, tamaşaçılar üçün maraqlıdır ki, siz bu mövzuları qaldırırsınız. Mənə də fürsət oldu ki, həm müəyyən məsələlərə cavab verim, həm müəyyən fikirlərimi bildirim. Cəmiyyətin hansı istiqamətdə düşünməsinin daha səmərəli olacağı ilə bağlı düşüncələrimi deyim. Onları da dedim. Bu suala gəlincə isə, mən tarixçi olaraq bilirəm ki, tarix bir variantda olur. O bir variantı düzgün gerçəkləşdirmək lazımdır. İkinci variant həyat şəklində heç kimə verilmir. Ona görə də o cür suallarla – nə özümə aid, nə də başqasına aid suallarla özünü yormağa ehtiyac yoxdur. Bizə verilən həyatı şərəflə, ləyaqətlə yaşamalıyıq. Allahın bizə ayırdığı ömürdə millətimiz üçün, camaatımız üçün, ümumiyyətlə bəşəriyyət üçün hansısa nəticəni ortaya qoymağa çalışmaq lazımdır. Yol budur! Həyat budur.

– Sağ olun. Təşəkkürlər.

– Siz də sağ olun.

 

Son

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button