Ziya Məmmədov müsahibə verdi…

ziya məmmədov“Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil”

Nəqliyyat naziri Ziya Məmmədov Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. “Qafqazinfo”nun qısa ixtisarla yayınladığı müsahibəni XuralTAC təqdim edir.

– Ziya müəllim, ilk olaraq, Azərbaycanın yol-nəqliyyat infrastrukturunun bugünkü inkişaf səviyyəsini necə dəyərləndirdiyinizi bilmək istərdik?

– Ümumiyyətlə, ölkə iqtisadiyyatının kompleks inkişafı məhsuldarlığın artması, istehsalın səmərəliliyinin yüksəldilməsi və güclü infrastrukturun olması ilə sıx bağlıdır. Dünya təcrübəsi göstərir ki, sərbəst bazar iqtisadiyyatı şəraitində istehsal və sosial infrastrukturların rolu və əhəmiyyəti daha da artır. İnfrastruktur isə iki hissədən ibarətdir: istehsal və sosial.

İstehsal infrastrukturuna maddi istehsala xidmət edən sahələr – dəmir və şosse yolları, nəqliyyat, energetika, texniki təchizat sistemi, rabitə, su təchizatı, mühəndis qurğuları, kanallar, avtomat idarəetmə sistemləri, sosial infastruktura isə kadr hazırlığı,məişət xidməti, elm, maarif,səhiyyə mədəniyyət, ictimai iaşə, sərnişin nəqliyyatı, istilik sistemləri və s. daxildir.

Respublikamızın da sosial-iqtisadi münasibələrin keyfiyyətcə yeni mərhələsinə daxil olması, istehsal və sosial infrastruktur baxımından tərəqqi etməsi müxtəlif sahələrə, ilk növbədə isə Azərbaycanın nəqliyyat kompleksinə bilavasitə təsir göstərib. Bu sahənin inkişafında, xüsusilə, ötən əsrin 90-cı illərinin ortalarından yeni mərhələ başlayıb. İstehsal infrastrukturunun bütün sahələrində, o cümlədən, nəqliyyat sektorunda, 90-cı illərin ortalarından başlayaraq ardıcıl şəkildə islahatların aparılması, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsindən səmərəli şəkildə istifadə olunması, ölkələr arasında əlaqələrin genişləndirilməsi nəqliyyat kompleksinin yüksələn xətlə inkişafına gətirib çıxarıb.

Hazırda isə dinamik templə həyata keçirilən qlobal layihələr və Azərbaycan Respublikasının sürətli iqtisadi inkişafı ölkədə etibarlı və dünya standartlarına cavab verən nəqliyyat sisteminin təşkilini və inteqrasiyasını təmin edib. Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin infrastrukturunun sürətli inkişafı nəticəsində nəqliyyat xidmətlərinin effektivliyi yaxşılaşır, daşımaların sürəti və təhlükəsizliyi yüksəlir.

Bu gün respublikada nəqliyyat-yol kompleksinin inkişafı istiqamətində görülən işlər, o cümlədən, magistral avtomobil yollarının bərpası, ən ucqar kəndlərə yolların çəkilməsi, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən irimiqyaslı işlər dövlətin bu sahəyə olan diqqətinin və ölkənin inkişaf perspektivlərinin göstəriciləridir.

Son illərdə Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirib. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunub. Əminliklə demək olar ki, müstəqilliyimizin son on ilində respublikanın nəqliyyat sistemi əhəmiyyətli dərəcədə genişlənib. Beynəlxalq yol-nəqliyyat sistemi ilə yanaşı, respublikadaxili, magistral, həm şəhərlərarası, həm də kənd yollarının tikintisi, təmiri geniş vüsət alıb. “Yol olmayan yerdə inkişaf da yoxdur”, – deyən Prezident İlham Əliyev infrastruktur sahələrində, o cümlədən, yol təsərrüfatında aparılan quruculuq işlərini ölkəmizin və onun regionlarının inkişafının ən başlıca amili kimi qiymətləndirir. Yol-nəqliyyat infrastrukturunun yeniləşməsi ölkəmizin sosial-iqtisadi inkişafına əhalinin ümumi yaşayış səviyyəsinə təsir edən müsbət amillərdən sayıla bilər.

– Ulu öndərin siyasi kursunu uğurla davam edirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə yol-nəqliyyat sahəsində görülən işlər daha da sürətləndirilib. Son illər ərzində bu sahədə əldə olunan nailiyyətləri necə qiymətləndirirsiniz?

– Bəli, bu gün Azərbaycanın bütün bölgələrində yeni, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturu yaradılır. Bunlar hamısı 1996-2003-cü illərdə nəqliyyat-yol kompleksi sahəsində əldə edilən nəticələri əsasında davam etdirilir.

Aparılan təhlillər onu göstərir ki, yol-nəqliyyat sistemlərinin, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi, bütövlükdə, Azərbaycanın sosial-iqtisadi tərəqqisini – sahibkarlığın, turizmin, kənd təsərrüfatının, sosial infrastrukturun, eləcə də mədəni həyatın inkişafını sərtləndirdiyindən bu sahəyə diqqətin artırılması olduqca vacibdir. Həmçinin, nəqliyyat-yol sisteminin müasir standartlara uyğun inkişaf etdirilməsi eyni zamanda, ölkəmizin geostrateji mövqeyi, beynəlxalq magistralların kəsişdiyi bir coğrafi məkanda yerləşməsi baxımdan da aktualdır.

Bu istiqamət dövlət nəzarətində olmaqla, bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Respublika Prezidenti İlham Əliyevin hələ 11 fevral 2004-cü ildə imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər) yol infrastrukturunun bərpasına, inkişaf etdirilməsinə və yeniləşdirilməsinə necə böyük həssaslıqla yanaşdığını bir daha nümayiş etdirmişdir. Eyni zamanda, dövlət başçısının yol-nəqliyyat sistemində mövcud problemlərin kompleks həlli məqsədilə 25 oktyabr 2005-ci il tarixində imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yolarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam mühüm əhəmiyyətə malik olub. Respublika Nazirlər Kabinetinin bu sərəncam əsasında hazırladığı “Azərbaycan Respublikasının avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” ölkə Prezidenti tərəfindən imzalandıqdan sonrakı dövrdə bu sahədə əsaslı işlər görülüb.

2005-ci ildən sonra yol-nəqliyyat sistemində həyata keçirilən tədbirlər və görülən işlər uğurlu nəticələrə gətirib çıxarıb. Belə ki, ölkə Prezidenti12 oktyabr 2006-cı il tarixdə “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncamda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təmin olunmasında, o cümlədən, regionlarda sahibkarlığın daha geniş yayılmasında və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında müasir tipli yolların əhəmiyyəti çox böyükdür.

Yol-nəqliyyat sektorunun inkişafı milli maraqlarımızın təmin olunmasına xidmət etməkdədir. Yol nəqliyyat sisteminin dövrün tələblərinə uyğun olaraq yeniləşməsi, müasir infrastrukturun formalaşması baxımından yeni mərhələ kimi tarixə çevrilməkdədir. Respublika yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlar səviyyəsinə yüksəlməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Ölkə başçısının 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis” ASC-nin yaradılması isə ölkənin avtomobil yolu təsərrüfatı sahəsində xidmətin səmərəli təşkilinə, ümumi istifadə olunan avtomobil yollarının, körpülərin, tunellərin və digər təyinatlı yol şəbəkələrinin istismarı, bərpası, yenidən qurulması və tikilməsi ilə bağlı digər tədbirlərin yerinə yetirilməsinə imkanlar açılıb.

Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son illərdə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib. Hazırda nəqliyyat sektoru qeyri-neft bölməsində əsas sahələrdən hesab olunur. Həmin sahədə ümumi inkişaf tempi əhəmiyyətli dərəcədə artıb.

2004-2009-cu illərdə nəqliyyat sektorunda 3,4 dəfə artım müşahidə edilib. 2006-2010-cu illərdə dövlət büdcəsindən nəqliyyat sektorunun inkişafına 5 milyard dollar vəsait ayrılıb. Bundan başqa, beynəlxalq maliyyə institutları tərəfindən sözügedən sahəyə 2 milyard dollardan artıq kredit vəsaiti cəlb olunub. Ümumilikdə, son 5 ildə bu sahəyə 7 milyard dollardan artıq investisiya yatırılıb.

Azərbaycanın avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün cari ilin dövlət büdcəsində 722 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub və birinci rübdə bu işlərə 134,5 milyon manat vəsait xərclənib. Ümumi istifadədə olan avtomobil yollarının saxlanması üçün 2011-ci ilin dövlət büdcəsinin “Avtomobil yolları” məqsədli büdcə fondunda 170 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuş və yanvar-mart aylarında 60 milyon manat istifadə olunub. Bakı şəhərinin avtomobil yollarının saxlanması üçün isə cari ilin dövlət büdcəsində 24 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub və birinci rübdə 4,5 milyon manat xərclənib.

Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri respublikamızda ən müasir standartlara cavab verən nəqliyyat obyektlərinin və geniş şəbəkəli nəqliyyat sisteminin yaradılmasına nail olmaqdır. Ötən illər ərzində nəqliyyat bölməsində əldə olunmuş uğurlu nəticələr bu sektorun dinamik inkişafının təmin olunmasından xəbər verir. 2004-2009-cu illər ərzində regionlarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələri çərçivəsində 400 kilometrdən artıq magistral yol çəkilib. Bundan başqa, təxminən 700 km respublika əhəmiyyətli və 2950 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb. Bu müddət ərzində onlarla yeni körpü tikilib, 30-dan çoxu təmir edilib.

2011-ci ilin birinci rübündə tikilmiş və təmir olunmuş avtomobil yollarının uzunluğu 175,7 kilometrdir. Bunun 93,5 kilometri respublika əhəmiyyətli, 82,2 kilometri yerli əhəmiyyətli yollardır. Həmçinin, bu dövrdə 6 körpü tikilərək istismara verilib.

Dövlət başçısının birbaşa tapşırığı əsasında yenidən qurularaq istifadəyə verilən 4 beynəlxalq tipli aeroport-Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərindəki hava limanları müasir standartlara cavab verməklə yanaşı, Azərbaycanın beynəlxalq mülki aviasiya sistemindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub. Artıq təkcə, paytaxtdan deyil, bölgələrdən də Avropa və Asiyaya beynəlxalq miqyaslı uçuşların həyata keçirilməsi mümkünləşib. Bu tipli hava limanlarının istifadəyə verilməsi həm də xarici iş adamlarının regionlara gediş-gəlişinin asanlaşmasına, bölgələrdə turizm sektoruna marağın artmasına mühüm təsir göstərməkdədir. Bundan başqa, Azərbaycanda beynəlxalq standartlara cavab verən limanların tikintisi həyata keçirilməkdədir. Ələtdə və Lənkəranda yeni dəniz limanının tikintisi nəqliyyat sektorunun ən iri investisiya tutumlu sahə olmasını şərtləndirmiş olur.
Bütövlükdə, ölkədə yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhalinin sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edir.

– Bu günə qədər görülmüş işlər artıq hər kəsə bəllidir. Çünki, estetik baxımından cəlbedici yolların salınması və tunellərin, körpülərin, yeraltı keçidlərin inşası hər kəsin diqqət mərkəzindədir. Bəs, bundan sonra hansı addımlar atılacaq?

– Respublikanın nəqliyyat sektorunda əldə edilmiş nailiyyətlərin daha da genişləndirilməsi və irimiqyaslı layihələrin reallaşması istiqamətində aparılan işlərin davam etdirilməsi 2011-ci ildə qarşıda duran əsas vəzifələrdəndir və bu istiqamətdə görülən işlərin məqsədyönlü şəkildə həyata keçirilməsi bütünlükdə nəqliyyat-yol kompleksinin inkişafına xidmət edəcək.

Azərbaycanın nəqliyyat infrastrukturunun Avropanın ən inkişaf etmiş dövlətlərinin yol təsərrüfatı ilə bağlı standartlarına, ən son texnologiyalarına uyğun qurulur. Bu gün dünyada tətbiq olunan ən modern avadanlıqlar və vasitələr respublikamızın yol təsərrüfatında istifadə olunur. Paytaxtla yanaşı, Bakının kəndlərinin də yol infrastruturunun yenidən qurulması ilə bağlı sistemli tədbirlər həyata keçirilməkdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi ərazisində avtomobil yollarının genişləndirilməsi və tikintisi, Bilgəh, Nardaran, Maştağa, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Buzovna, Zuğulba, Şüvəlan, Pirallahı, Dübəndi, Zirə və digər kəndlərin yol təsərrüfatının yenidən qurulması sərnişinlərin keyfiyyətli nəqliyyat xidmətləri ilə əhatə olunması və əhalinin rahatlığı üçün mühüm rol oynayacaq. Bu istiqamətdə davam etdirilən işlər həmin ərazilərdə yaşayan sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi baxımından olduqca böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, cənab Prezident İlham Əliyevin göstərişinə əsasən, artıq Bakı şəhərinin ətraf kənd və qəsəbələrində daxili yolların təmiri və çəkilməsi prosesi də başlanıb. Artıq bir sıra qəsəbələrdə daxili yollar hazırdır.

Nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı proqramlar ən ucqar rayonları və cəbhə bölgələrindəki yaşayış məntəqələrini də əhatə etməkdədir. Füzuli rayonunun Zobucuq yaşayış massivində yeni çəkilmiş 15 kilometrlik yol, eləcə də, körpünün açılışı, Ağdam rayonunun yol-nəqliyyat sisteminin yenidən qurulması hökumətin bu sahəyə yüksək qayğısının təzahürü kimi dəyərləndirilə bilər.

Ümumilikdə, ötən il Bakı – Ələt (4 – 14-cü km), Bakı – Qazax – Gürcüstan sərhədi avtomobil yolunun 43-cü km-i, – Cingirdağ, Bakı – Qazax – Gürcüstan sərhədi avtomobil yolunun 57-ci km-i – Qobustan dövlət qoruğu, Xocasən – Lökbatan, Ələt – Hacıqabul avtomobil yollarının tikintisi işləri davam etdirilib. Muğanlı – İsmayıllı – Qəbələ avtomobil yolunun 40 – 80-ci km hissəsinin və Gəndob – Xaçmaz – Yalama – Rusiya sərhədi avtomobil yolunun Gəndob – Xaçmaz hissəsinin təmiri layihələrinin icrasına başlanılıb. Oğuz rayonunda Xalxal çayı üzərində, Qusar-Əniğ-Ləzə avtomobil yolunda Qusarçay üzərində və Şəki rayonu ərazisində Şin çayı üzərində körpülər tikilib istifadəyə verilib. Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 16 – 134 km sahəsinin sement – beton örtüklə I dərəcəyə uyğun yenidən qurulması, bu yolun tərkib hissəsi olan Şabran şəhərinin əhatə yolunun və Dəvəçi çayı üzərində uzunluğu 540 poqon metr olan körpünün, həmçinin uzunluğu 34 km olan Gəndob – Quba yolunun tikintisi başa çatdırılaraq istismara verilib. Bakı – Ələt – Gürcüstan sərhədi avtomobil yolunun Ucar – Yevlax və Qazax – Gürcüstanla dövlət sərhədi hissələrində işlər başa çatdırılıb, həmin yolun Bakı – Ələt, Kürdəmir – Ucar, Yevlax – Gəncə avtomobil yolunun 0 – 50-ci km hissəsi, Gəncə-dairəvi, , Ələt – Astara – İran ilə dövlət sərhədi, Bakı – Rusiya ilə dövlət sərhədi avtomobil yollarında və Bakı – Şamaxı – Muğanlı avtomobil yolunun Şamaxı – Muğanlı hissəsində yenidənqurma işləri davam etdirilir. Bakı – Şamaxı – Muğanlı – Yevlax avtomobil yolunun Muğanlı – Yevlax hissəsi və Tağıyev-Sahil avtomobil yollarında tikinti işlərinə başlanılıb. Yevlax – Gəncə avtomobil yolunda əlavə 2 zolağın tikintisi işlərinə başlanılıb və yol yatağında torpaq işləri yerinə yetirilib. Bakı şəhərində Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin (“Əzizbəyov” dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının sonuncu mərhələsində və Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşaqlarında tikinti işləri davam etdirilir. Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsi üzrə yolun Mərdəkan dairəsinədək olan 7 km sahəsində və Bilgəh – Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir. Mikayıl Hüseynov küçəsi ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, “Azneft” meydanında, Neftçilər prospekti 81 ünvanında və prospektin Bülbül prospekti ilə kəsişməsində, Azadlıq meydanı və Dəniz vağzalının qarşısında, Niyazi küçəsi ilə Adil İsgəndərov küçəsinin kəsişməsində, Parlament prospektində Şəhidlər Xiyabanının qarşısında 7 ədəd yeraltı piyada keçidinin layihələndirilməsi və tikintisinə başlanılıb. Əsas etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə, “Təhlükəsizlik Kəmərlərindən İstifadə” olunmasının vacib olmasını təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə “Yol-Qəza Tibb Xidməti”nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılıb.

Bu ilin yanvar ayının 24-də Prezident İlham Əliyev paytaxtın Xəzər rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu ərazidə – Aeroport dairəsi-Zuğulba yolunun 4,4-cü kilometrliyində yeni inşa olunmuş yerüstü piyada keçidinin, Heydər Əliyev Beynəlxalq Aeroportu – Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilmiş Binə yol qovşağının, Xəzər rayonunda avtomobillərin hərəkətinin daha intensiv olduğu Aeroport dairəsi- Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunmuş yeni yeraltı piyada keçidinin və hava limanı qovşağı körpü keçidinin açılış mərasimlərində iştirak edib. Bununla yanaşı, cənab Prezident İlham Əliyev cari ilin fevral ayının 9-da Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun, Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunun, fevralın 10-da Kürdəmir-Ucar magistral avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilmiş 42 kilometrlik hissəsinin açılışlarında iştirak edib.
Həmçinin, aprelin 14-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Ələt-Astara–İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunda aparılan tikinti və yenidənqurma, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olub.

Amma bununla belə respublikamızın yol-nəqliyyat kompleksinin qurulması istiqamətində görəcəyimiz işlərin sayı çoxdur.

Yol-nəqliyyat sektorunda həyata keçirilən layihələrin sırasına həm də sərnişin nəqliyyatı parkının yenilənməsi də daxildir. Paytaxtın və bölgələrdəki şəhərlərin yollarını beynəlxalq standartlara uyğun şəkildə yenidən qurmaq, yeni körpüləri və yolötürücülərini tikib istifadəyə verməklə bərabər, müasir ictimai nəqliyyat növlərinin alınmasını da yaddan çıxarmırıq. Yəni, müasir tipli yol infrastrukturunun yaradılması avtomobil parkının yeniləşməsini də tələb edir. Məhz buna görə də, son illər dünyanın ən nüfuzlu avtomobil şirkətlərinin istehsalı olan nəqliyyat vasitələrinin alınaraq ölkəmizə gətirilməsi və sərnişinlərin istifadəsinə verilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir. Hazırda paytaxtın sərnişindaşıma sektorunda iritutumlu, komfort salona malik və bütün növ vasitələrlə təchiz edilmiş, rahatlığı ilə sərnişinlərin zövqünü oxşayan avtobusların sayı əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Bu tədbirlərin davamı kimi artıq şəhərin taksi parklarının da müasirləşdirilməsi, sakinlərə göstərilən taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər həyata keçirilməyə başlanılıb. Ötən ayın sonunda Bakıya gətirilən Avropa standartlarına cavab verən müasir taksi maşınları bu sahədə görülən işlərin başlanğıcı sayıla bilər.

– Son günlər ərzində nəqliyyatın intellektual idarəetməsi haqqında diskusiyalar gedir. Eyni zamanda, “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsi haqqında danışılır…

– Bildiyiniz kimi, ötən il Azərbaycan Respublikası ilə Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması” layihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfransda layihə üzrə məsləhətçi – Finlandiyanın “WSP” şirkətinin nümayəndələri Strateji Nəqliyyat Planının məqsədləri, Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi və investisiya strategiyaları, şəhər ərazisində parklanmanın idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, “TransCad” modelinin hazırlanması və tətbiqi üzrə təqdimatlar keçiriblər. Konfransda, həmçinin, “Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı”nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cümlədən, Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq, svetofor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün duracaqların təşkili və parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçün “Paramiks” proqramının alınması və tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması və tətbiqi məsələləri də müzakirə olunub.

Azərbaycanda nəqliyyatın intellektual idarə olunması sisteminin yardılması prosesi gələn il fevralın sonunda başa çatacaq. Sistem Bakıda sərnişin nəqliyyatının nizamlanması və idarə edilməsi məqsədilə yaradılır. İntellektual idarəetmə mərkəzinin tikintisi üzrə işlərin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Mərkəzin tikintisinə keçən il başlanılıb. Layihənin dəyəri 77 milyon dollara yaxındır. Sistem çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın meydanın (“cib”lərin), taksilər üçün 140 meydan yaradılması planlaşdırılır. Artıq 375 yeni dayanacaq yaradılıb, daha 289 dayanacağın yaradılması nəzərdə tutulur. Eləcə də 42 dayanacağın yerinin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 10-u ləğv olunacaq. Bu işlər yol polisi və intellektual sistemin yaradılması prosesində iştirak edən koreyalı mütəxəssislərlə birgə aparılır. Bakıda intellektual sistemin yaradılması çərçivəsində yenitipli 450-yə yaxın avtobus dayanacağı yaradılacaq ki, burada elektron tablo yerləşdiriləcək. Bu da nəqliyyatın hərəkətini və avtobusların marşrutlarını müşahidə etməyə (peyk vasitəsilə) imkan verəcək. Həmçinin, dayanacaqlarda quraşdırılan tablolar və kameralar vasitəsilə dayanacaqların yerləşdikləri məkanın effektivliyinin, onun zəruriliyinin və əhali tərəfindən istifadə olunmasının monitorinqi keçiriləcək. İntellektual sistem elektrontipli 150-yə yaxın yeni işıqforların yerləşdirilməsini nəzərdə tutur.

– Məlum olduğu kimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi həyata keçirilir. Bu iri layihənin reallaşması ölkəmizə yükdaşımalar sahəsində hansı üstünlükləri verəcək?

– Bəli, 2010-cu il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi”nin tikintisi üzrə təməlqoyma mərasimi keçirilib. Nəqliyyat Nazirliyinin sifarişi ilə Hollandiyanın “Royal Haskoning BV” şirkəti tərəfindən Kompleksin Baş Planı və İşçi layihə başa çatdırılmış və layihə işlərinə 8,2 milyon manat, o cümlədən 2010-cu ildə 3,2 milyon manat vəsait xərclənib. Dəniz akvatoriyasında dibdərinləşdirmə (giriş kanalı və dönmə akvatoriyası) və Yeni Liman Kompleksinin ərazisinin tikintiyə hazırlanması ilə bağlı müvafiq tenderlər keçirilib. Hollandiyanın “Van Oord BV” şirkəti və “Azərkörpü” ASC tenderdə qalib olub. Hazırda bu şirkətlərlə işlərin yerinə yetirilməsinə dair müvafiq müqavilələrin bağlanıb və 2011-ci ilin əvvəlindən etibarən “Van Oord BV” şirkəti tərəfindən dibdərinləşdirmə işlərinin yerinə yetirilməsi hazırlıq işləri aparılır.

Yeni liman Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində inşa edilir. Liman kompleksinin ərazisi 400 hektar nəzərdə tutulur. Tikinti işləri üç mərhələdə aparılacaq. Birinci mərhələ 3 il 6 ay ərzində reallaşdırılacaq. İlkin mərhələdən sonra liman kompleksində ildə 10 milyon tona qədər yük və TEU standartlarında 40 min konteyner işləniləcək. İkinci mərhələdə bu rəqəmlər müvafiq surətdə 17 milyon tona və 150 min konteynerə çatdırılacaq. Üçüncü mərhələdə isə limanın yükaşırımı gücü ildə 25 milyon tona və 1 milyon konteynerə bərabər olacaq. Layihə çərçivəsində avtomobil və dəmir yolları, giriş kanalı, körpülər, bərə terminalı, quru yük terminalı, konteyner sahəsi və sair inşa olunacaq. Limanın məhz, bu ərazidə yaradılmasının əsas məqsədi Azərbaycanda nəqliyyatın təhlükəsizlik məsələlərini uğurla həll etmək, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirmək, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək və nəticədə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə şərait yaratmaqdır.

– Respublikamızın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələri haqqında da məlumat verməyinizi istərdik. Azərbaycanın bu cür layihələrdə iştirakı hansı səviyyədədir?

– Bildiyiniz kimi, nəqliyyat sektorunda strateji layihələr sırasında beynəlxalq əhəmiyyətli magistral yolların çəkilişi də mühüm yer tutur. Beynəlxalq miqyaslı layihələrin həyata keçirilməsi isə ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə baza yaradıb. Böyük İpək Yolunun istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars tranzit dəhlizlərinin yaradılması istiqamətində işlərin həlledici mərhələyə qədəm qoyması Azərbaycanın regionda Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi nöqtəsinə çevrildiyini göstərir. Hazırda inşası davam etdirilən Bakı-Rusiya və İran dövlət sərhədləri üzrə avtomobil yollarının yenidən qurulması və digər layihələr respublikamızın trans-nəqliyyat mərkəzi kimi strateji mövqeyini daha da möhkəmləndirəcək. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatlar respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib. Onun rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir.

Bu gün “Bakı – Tbilisi – Qars yeni dəmir yolu layihəsi” üzrə işlər davam etdirilir və hazırda yolun Axalkələk – Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılıb. Artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılıb. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilib. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4.2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulub. Artıq I mərhələ üzrə işlərə başlanılıb.

Azərbaycan tərəfinin önəm verdiyi layihələrdən biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir.

Qara dəniz ətrafı dairəvi magistral yol ideyası isə regional problemin həllindən asılıdır. Yəni, layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil.

Bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Ümumilikdə, Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq.

– Ziya müəllim, son olaraq, istərdik dövlətimizin bu peşənin sahiblərinə göstərdiyi diqqət və qayğı barədə fikirlərinizi öyrənək…

– Son illər ərzində bilavasitə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkəmizin nəqliyyat-yol kompleksi sahəsində uğurlar əldə edilib, nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi, ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılması, mövcud problemlərin həll edilməsi istiqamətində işlər aparılıb. Cənab Prezident bütövlükdə nəqliyyat-yol kompleksinə çox yüksək diqqət və qayğı göstərir. Qazanılan bütün uğurlar bilavasitə cənab Prezidentin tapşırıq və tövsiyələrinin məntiqi nəticəsidir. Nəqliyyatçılara verilən yüksək qiymət bizi daha böyük məsuliyyətlə işləməyə sövq edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button