Ziya Məmmədovsayaği səmimiyyət

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 “Mən tam səmimiyyətimlə deyirəm, taksi xidmətində heç bir inhisar yoxdur”- söylədi Nəqliyyat naziri Ziya Məmmədov. Buna and, etiraf, polis dili ilə danışsaq boynuna alma və s. də demək olar. Amma… Nə edirsən et, hara istəyirsən yoz, bu iqtidarın aldığı nəfəsin belə əmması var.

Ötən gün dəmiryolçular bayramlarını qeyd etdilər. Ziya Məmmədov da gəlmişdi. Əslində, gəlmişdi deyəndə adam heç hara getməmişdi də. Hətta bu məmləkətdə bir məmur öz postunu daha yekəsi ilə dəyişib, hara getsə belə yerinə mütləq barmağını qoyur. Nəqliyyat naziri də ağıllı adamdı, işini biləndi. Həm də Azərbaycan o qədər də böyük məmləkət deyil ki, görəvlərə barmaq yetişməyə. Bir də ki, adam da tək  deyil axı. Bilirsən, bu məmləkətin nə qədər irili-xırdalı ziyası var? Adına heyran, nə gözəl səsləndi.

Mən ötənlərdə yazdığlarımın birində Azərbaycanda fəaliyyət göstərən bir təşkilatla (inciməsinlər deyə təkrar etmək istəmirəm) Fələstindəki təşkilatı heç cür uyğunlaşdıra bilmədiyim qənaətinə gəlmişdim. Fələstinlilər 60 ildir döyüşürlər. 60 il bundan əvvəl doğulmuş cocuq, indi nəvəsi ilə yəhudi əsgərinə yenə də daş atır. Düzü, mən bu daşla döyüşü təqdir etmirəm. İsrail atom bombası, fələstinli daş… Nə isə, uyğunlaşdıra bilmirəm. Lap bizim adını çəkmək istəmədiyim təşkilatla Fələstin təşkilatı kimi. Hə üçün bunları qeyd etdim? Əsrin əvvəllərində, 100 il öncə, təxminən elə bu tarixlərdə Azərbaycan dəmir yolçusu gizli inqilab komitəsi yaradır, xalqına azadlıq vermək uğrunda çarpışırdı. Dəxli yoxdur, ilhamvericisi (Bismillah) Lenin idi, ya da ki, kimsə… Amma dəmiryolçu bir nümunə idi. Bayram tədbirləri zamanı efirdən gördüklərim içərisində tanıdıqlarım da var idi. Korrupsiya qazanının körükçüsü ilə inqilab… Düşünmək belə divanəlikdir.

Nəqliyyat naziri etiraf edərkən qımışırdı. Nəyə qımışdığını daha yaxşı özü bilsə də, mən də qismən tutdum. Adamın sözlərində həqiqət axtarmaq mütləq lazımdır. Cənab Məmmədov “inhisar yoxdur” – deyəndə mütləq “məndən başqa”mı deməli idi? Görəsən, Məmmədov “Yaşıl bazar”ın qarşısında bir taksiçini çərlədib öldürən, Quba yolunda günahsız sürücünü döyüb, sonra həbs etdirən, çarəsiz sürücüyə lap 37-də olduğu kimi 57 damğası vuran əmkdaşlarınıdamı gətirmişdi düzənlədiyi törənə? Görəsən, cənab Məmmədov bu gün taksiçiliyin nə qədər təhlükəli peşə olduğunu bilirmi? Bilirmi ki, onun müfəttişləri balasına hər gün 10 manat aparmaq arzusu ilə komasını tərk edən zavallının əzrayılına çevrilib? Mən çörək verən kişilər haqda çox eşitmişəm…

Bir müddət öncə mətbuatda tez-tez yazılan “Ziya Məmmədovun qoçuları…” sözünə efirdən etiraz edib “Mənim qoçularım yoxdur” – deyən Nəqliyyat naziri, sanki “elə mən özüm qoçuyam də” – demək istəyirdi. Olun, cənablar, olun. Amma and içməyin. Etiraf edin, boynunuza alın, heç zaman and içməyin. Tanrı bəlkə də hər günahı bağışlayar, lakin Onun adı ilə yalançı andı… Sanmıram.

Bu köşəmi yazarkən mənzilimin pəncərəsindən göyə baxanda Günəş yenə də Şərqdən çıxmışdı, qəribədir, Ay da hələ səmanı tərk etməmişdi. Ay ilə Günəşin eyni zamanda səmada olması… İnandım, çünki…

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button