Ziya Məmmədovun bacısı məktəbdə pul yığır

Anar Mahmudoğlu

İlham Əliyevə, Mehriban Əliyevaya, Misir Mərdanova – özündə layəqətin olduğunu düşünən hər bir məmura müraciət

 İnanmazdım, qəti inanmazdım ki, «Tərəqqi» litseyinin direktoru, Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova da valideynlərin əlinə baxan, uşaq qəbulu üçün pul yığan birisiymiş!

Dünən «Tərəqqi» litseyində birinci sinfə qəbul imtahanı keçirilirdi. Adını imtahan qoymuşdular. Məhbubə Məmmədova – litseyin direktoru və Nəqliyyat naziri Ziya Məmmədovun bacısı – birmənalı olaraq deyirdi ki, mənim yerim dolub, bunu sadəcə Təhsil Nazirliyinin təşəbbüsü ilə «elə-belə» keçiririk. Sözündən belə çıxırdı ki, Misir Mərdanovun başına corab hörürük, cənab naziri dolayırıq, ələ salırıq, başını qatırıq.

Mən bilmirəm Misir Mərdanovun bu məsələlərdən nə qədər xəbəri var. Əgər xəbəri yoxdursa, onda o, haranın və nəyin naziridir? Xəbəri varsa, deməli, o da bu məktub direktorundan qəti fərqlənməyən bir ləyaqət sahibidir.

Cəhənnəm – dola nazirini, ələ sal dövlətini, zatən bu dövlətin vətəndaşları məhv etmək üçün bir qrup mafioz tərəfindən idarə olunduğuna şübhə etmirəm. Ancaq özünü ələ salmaq?

Təsəvvür edin: qapı açılır və imtahan verməyə gələn uşaq içəri daxil olur. Məhbubə Məmmədova anında deyir ki, bu uşaq qəbul olunmadı!

Niyə? Kim sorğu-sual etdi bu uşağı? Nə soruşdular ondan? Nə səbəbə onu rədd elədilər?

Valideynlərdən bəziləri inad eləyir və açıq şəkildə qiymət deyilir: 1000 manat gətirin, uşağınızı qəbul edək!

Min manat!

Mənin Azərbaycan litseylərində, orta məktəblərində rüşvət alınmasıyla bağlı saysız-hesabsız faktlarım var. Ancaq bu faktları həmişə ümumi olaraq yazdım, konkret ad çəkmədim. Çünki sistemi günahkar görürəm. Əgər məktəb direktoru təyin olunmaq üçün rüşvət verilirsə, bu pul haradan yığılmalı və kimin cibindən çıxmalıdır? Əlbəttə ki, valideynlərin, Azərbaycan vətəndaşının.

Ancaq Ziya Məmmədovun məktəb direktoru olan bacısı Məhbubə xanımın da valideynlərin əlinə baxan, pul yığan, rüşvət alan birisi olduğunu görüncə… Ziya Məmmədov – bu ölkənin ən iri oliqarxlarından biridir, saysız-hesabsız sərvəti var, dövlətin təkcə bir layihəsindən milyonlar qazanır. Onun bacısı mənim min manatıma göz dikə bilərmi?

Dəhşətdir! Ziya Məmmədov öz ləyaqətinə necə sığışdırır bunu?

Məhbubə xanım açıq-açığına bəyan edir ki, heç qardaşım Elton Məmmədovun da xahişinə baxmıram. Deməli, Elton qardaş kiminsə övladının bu litseyə qəbulu üçün xahiş edir, ancaq Məhbubə bacı onu yerinə yetirmir. Niyə? Çünki 1000 manat rüşvət alır! Milli Məclisin deputatı, Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, çox hörmətli, yep-yekə kişi Elton Məmmədovun bacısı yanında min manat da dəyəri yoxmuş?

Mən ölkənin prezidenti adını daşıyan və hamının prezidenti olmaq iddiasına düşən İlham Əliyevə müraciət edirəm!

Mən ölkənin ən iri oliqarxlarından olan Ziya Məmmədova müraciət edirəm!

Mən təhsilin başına saldığı daşa görə, inşallah, tarix qarşısında cavab verəcək Misir Mərdənova müraciət edirəm!

Mən ölkənin birinci ledisi, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müraciət edirəm!

Bu, artıq dilənçilikdir, rəzillikdir!

Bu, artıq biabırçılığın son həddidir! Öz ləyaqətinizə sığışdırmayın bu yaramazlığı!

Bu dilənçiliyi yığışdırın! Bir ölkənin elitasında təmsil olunan yep-yekə bir ailə bu qədər rəzil, bu qədər görməmiş, bu qədər insafsız, allahsız, qaniçən, həris olmamalıdır!

Olmamalıdır belə ölkə!

Yoxdur Yer üzündə belə rəzillik!

Siz də etməyin, qoymayın belə rəzillikləri!

Mənə görə yox – mən cəhənnəmə! Özünüzə görə, öz adınıza, sanınıza, təkəbbürünüzə görə! Sizləri 6 yaşında olan, birinci sinfə oxumağa gələn uşaqlardan min manat yığmaq səviyyəsində aşağılayanları durdurun!

Ayıb sayın bunu! Çünki ayıbdır, çox ayıbdır!

Utanmalı faktdır!

 

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button