Fərəc Quliyevin avropalı deputatlara yazdığı məktuba cavab

Etibar Əliyev

 Görəsən müxalifətçi deputatlar Asim Mollazadə və Əli Məsimov nə işlə məşğul olurlar?

Deputat Fərəc Quliyev Avropa Parlamentinin üzvlərinə təşəkkür məktubu göndərib. Bəri başdan deyim ki, Fərəc bəyin məktubu avropalı deputatları əməlli-başlı silkələyəcək. Onlar Ensiklopediyalara, lüğətlərə, saytlara, antropoloqlara müraciət etməyə məcbur olacaqlar. Müraciətin birinci cümləsini oxuyan əcnəbi deputatlar Azərbaycanın siyasi və mədəni mühitini dərindən öyrənmək fikrinə düşəcəklər. Görün Fərəc bəy müraciətə necə başlayıb: “Məlumat üçün deyim ki, mən Azərbaycanda müxalifətdə olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədriyəm”. Avropalıları bilmirəm, Azərbaycanda siyasətlə məşğul olmayan insanlar da bilir ki, adı belə qüsurlu səslənən Milli Dirçəliş Hərəkatı Partiyası adlı müxalifət partiyası yoxdur. Bəli, Fərəc bəy müxalifət partiyalarına və deputat təyin edildiyi 31-ci dairənin seçicilərinə qarşı müxalifətdədir. Bu dairədə yaşayan orta məktəb şagirdləri də gözəl bilir ki, həmin dairədən Əli Kərimli deputat seçilmişdi.

Cənab Quliyev məlum cümlədən sonra müraciətini belə davam edib:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi Avronestdə Azərbaycan nümayəndə heyətinin üzvüyəm. 1990-1995–ci illərdə Milli Məclisin deputatı olmuşam və “Demokratik Blok” fraksiyasında Azərbaycan Xalq Cəbhəsini təmsil edərək Kommunist çoxluqla mübarizə aparmışam. Siqnator deputatam – 1991-ci ildə Müstəqillik Aktını hazırlayan üç nəfərdən biri və ona səs verənlərdənəm. Bu qısa arayışı nəzərinizə çatdırmaqla bildirmək istəyirəm ki, mən imperiyanın nə olduğunu, suverenliyin qazanılmasının necə çətin olmasını, köləliyin və azadlığın da nə olduğunu görmüş, kommunizmə və imperiyaya qarşı mübarizə apararaq meydanlardan Parlamentə, oradan yeddi illik həbsxanaya və yenidən həbsdən sonra Parlamentə qədər yol keçmiş biriyəm”.

Avropalı deputatlar bilmirəm bilirlər ya yox, Azərbaycanda 1990-cı ilin 20 Yanvarından sonra Kommunist Partiyası demək olar ki, süquta uğradı. O zaman “kommunist çoxluğu” anlayışı artıq işlənmirdi. Kommunistlərin isə əksəriyyəti mövqelərini dəyişmişdilər. Başqa sözlə, artıq kommunizmə və imperiyaya qarşı mübarizə çal-çağırı aktuallığını itirmişdi və deputat siyahısı bu əlamətlərə görə tərtib olunmurdu. Yəni Fərəc bəy həbs olunanda adını çəkdiyi mübarizə növü artıq tarixin arxivinə verilmişdi. Prosesin canlı şahidlərini aldatmaq, onları ələ salmaq mümkün deyil. Əsl həqiqətdə o, buraxdığı kobud siyasi səhvlərə və şəxsi münasibətlərə görə həbs olunmuşdu. Yaxın günlərdə avropalı deputatlara həqiqəti başa salmaq məqsədilə

ünvanlayacağım məktubda bütün bunları göstərəcəyəm. Milli Dirçəliş Hərəkatı Partiyasının rəhbərinin həbsdən sonra mübarizə yolu ilə yenidən parlamentə qayıtması fikri avropalıları nadan yerinə qoymaqdan başqa bir şey deyil. İnananların gözləri qarşısında dərhal Vaslav Qavel, Lex Valensa, Mandella kimi azadlıq carçılarının obrazı canlanır. Onun özünütəqdimatından belə çıxır ki, o, imperiyaya qarşı döyüşüb deputat olub, həbs olunub, həbsdən çıxandan sonra yenidən avtoritarizm və totalitarizmə qarşı amansız mübarizə aparıb, Qərbin Azadlıq dəyərlərinin carçısı kimi parlament seçkilərinə qatılıb və qələbə qazanıb. Cəngavər titulu düşmürmü bu Fərəc bəyə?! Azərbaycan gerçəkliyində bütün bunlar cizgi filminə bənzəyir. Hamısı bir yana, Fərəc bəyə “seçildiyi” dairədə təşkil olunan karusellər, dəyişdirilən seçki protokolları və seçicilərin onu “voyenni oğlan” kimi xatırlaması heç yadımdan çıxmır.

Azərbaycan Parlamentinin bir çox üzvləri müdrik mövqe tutublar. Onlar yalnız öz işləri və arada bir seçicilərlə görüşlə məşğul olurlar. Eyni ssenari ilə seçilmiş deputatların bir qismi isə müxtəlif rollarda oynamağa çalışırlar. Amma alınmır. Özlərinə yeni bioqrafiya yazır, yaxın keçmişdə baş verən hadisələri təhrif etməklə məşğul olurlar. Bütün bunların əvvəlcədən öhdəlik kimi qəbul olunması inandırıcı deyil. Harvard Universitetinin məzununun həbs olunmasına münasibət bildirməkdən qorxan “müxalifət” partiyasının bir sədri İranda insan hüquqlarının pozulmasından danışır. Digəri avropalı deputatlara İmperiyanın çöküşündəki rolundan nağıllar danışır. Başqa birisi Liviyanın gələcək taleyindən narahartlığını izhar edir.

Mövcud durumumuzun fəlsəfəsini yazmağı və oxumağı bacaran hər bir kəs gözəl bilir. İctimai qınağın həddi-hüdudu yoxdur. Qalır insanın danışığı və əməllərinə görə özü-özünü qınaması. Deyəsən, çoxlarında artıq bu hiss itib. İnsanı kənardan qınayırlar, o, bunu hiss etmir. Özü-özünü zərrə qədər də olsun qınamır. Bunu xəstəlik növünə aid etmək daha yaxşı olar.

Görəsən müxalifətçi deputatlar Asim Mollazadə və Əli Məsimov nə işlə məşğul olurlar?

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button