Ziya Məmmədovun harın nazirliyi

Rafiq Cəlilov

celilovrafiq@mail.ru

Nəqliyyatçıların biznes maraqları

Maraqlı məmləkətdə yaşayırıq. Özbaşınalıq, hərc-mərclik baş alıb gedir. Artıq bütün səlahiyyət sahibləri özlərini “şah” sayırlar və elə zənn edirlər ki, əhli-azəri onların dədələrinin nökəri olub və indi də onlara nökərçilik etməlidilər! Adi kiçik kənd bələdiyyəsindən tutmuş “oliqarx”laracan hamı bu təfəkkürün quludur və özləri qul ola-ola bizi də qul etmək istəyirlər. Çox təəssüf ki, bu işdə hüquq-mühafizə orqanlarının da maraqları “oliqarx”ların maraqları ilə yüzdə-yüz üst-üstə düşür. Keçək mətləbə.

“Bespredel” nəqliyyatçı….

Bir sürücü öz “Reno” markalı maşınını “20 Yanvar” metrostansiyasının yanında saxlayır. Dayanmış maşının şüşəsində “fərqlənmə nişanı” görən nəqliyyatçı maşına əyləşib sürücüyə “niyə pulu bizə yox, dövlətə keçirirsən, gəl bizimlə işlə, sənə güzəşt də edərik” deyir. Lakin sürücünün “mən hələlik işləmirəm, işləsəm pulu yenə də dövlətə keçirəcəm” deməsi, bu zata xoş gəlmir və o, sürücüdən maşının sənədlərini tələb edir. Sürücü “mənim maşınımın üstündə taksi işarəsi yoxdur, nə əsasla məndən sənəd tələb edirsən” deyir və dediyinə peşiman olur. Dərhal maşının 4 tərəfini nəqliyyatçılar mühasirəyə alırlar və onlardan biri özünü “nəqliyyat nazirliyi ilə DYP-nin birgə yaratdığı xüsusi xidmətin əməkdaşı” kimi qələmə verir və sürücüdən bütün sənədləri, hətta şəxsiyyət vəsiqəsini də alıb gedir. Sürücünün “vəsiqənizi göstərin” tələbinə “mən Məmmədov Cümşüdəm, nazirin xüsusi tapşırıgını yerinə yetirirəm” deyərək, sürücünün “şikayət edəcəm” xəbərdarlığına “Ziya hamının haqqını verir, biz heç kəsi hər….” cavabını verir. Sürücü dərhal “102” xidmətinə zəng edib, ona qarşı edilən haqsızlıq və özbaşınalıq barədə məlumat verir, sonra Baş Prokurorluğa gedib bütün sənədlərinin əlindən alınması barədə yazılı məlumat verib, onu şəxsiyyət vəsiqəsiz qoyan nəqliyyatçı barəsində cinayət işinin açılmasını tələb edir və… nəqliyyatçının “Ziya hamısının haqqını verir…” xəbərdarlığı özünü doğruldur. DİN və Baş Prokurorluq öz cavab məktublarında “geri” verirlər! Sanki belə olmalıymış, vətəndaşın şəxsiyyətini təsdiq edən sənədi istənilən qoluzorlu əlindən almalı, hüquq-mühafizə orqanları da “bizim girə bildiyimiz kol deyil” deyib, hüquqları pozulan vətəndaşın yox, bu qanunsuz əməl sahiblərinin yanlarında olmalıymışlar. DİN və Prokurorluq orqanları belə qudurmuşların yanlarında olmasaydılar, onlar “NN ilə DYP xüsusi xidmət yaradıblar” kimi başlarından yekə bəyanat verməzdilər!

Ağlaşan sürücülər….

Nəqliyyatçıların bu özbaşınalıqlarının “nəyə və kimə” söykənməsini araşdırmaq üçün Bakı Nəqliyyat Departamentinə getdik və departamentin qarşısında onlarla sürücü departament əməkdaşları ilə gah gizlicə açılmış maşının dövlət nömrə nişanının, gah da aldadılaraq əllərindən alınmış şəxsiyyət vəsiqələrinin davasını edirdilər. Hətta bir sürücünün “mən 2 gündən sonra xaricə gedirəm, şəxsiyyət vəsiqəmi verin” yalvarışlarına, “əgər şəxsiyyət vəsiqən bura gəlibsə, demək ödənişi eləməlisən, xaricə isə bir ay sonra da gedə bilərsən” kimi mücərrəd bir cavab verdilər. Bizim “niyə prokurorluq orqanlarına şikayət etmirsiniz” sualımıza “onlar da bunların adamlarıdır, məqsədləri əhalinin anasını ağlatmaqdır” cavabını aldıq. Elə bu vaxt bizim də “içəri” keçmək növbəmiz çatdı. Qardaş, “içəridə” yüzlərlə şəxsiyyət və sürücülük vəsiqələri, bir o qədər də maşınların texniki pasportları qalaqlanmışdı. Bir nəfər isə “məndən 50 manat pul almısız, sənədlərimi niyə vermirsiz?” davasında idi. Maraqlısı isə o oldu ki, həmən şəxsi otaqdan çıxara bilmədikləri üçün otağa polis çağırdılar(?). Bu mənzərədən bizə lazım olan qeydləri edib, oradan uzaqlaşdıq. Bir şey iki vur iki kimi aydındır – bu gün korrupsiya ilə mübarizə aparmalı olan prokurorluq əməkdaşları Bakı Nəqliyyat Departamentinə yoxlama yürüşü etsələr, özləri üçün yüzlərlə fakt aşkarlaya bilərlər, ən azından camaatı aldadıb onlardan yüzlərlə şəxsiyyət vəsiqəsi müsadirə edənlərə bu “dahiyanə” fikrin kim tərəfindən verildiyini dəqiq bilib Ziya müəllimin xətrinə, həmən adama bir neçə sıfırlıq “çox sağ ol” deyərdilər, axı Ziya hamının haqqını verib, verilən haqqı isə tapdalamazlar….

 

 

 

 

 

Əlaqəli məqalələr

1 şərh

  1. neyimize lazimdi ac qulağım dinc qulaqım dolaniriq da.Ağstafa postunda terezide Əli deyilen bir şerefsiz var bütün sürücüləri cana yığıb.pul verdin hərşey qanunudi,eləki vermədin qanunu pozursan deyib dərini soyur.axı korrupsiya yığışdırılıb elə deyil?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button