Ziya Məmmədov departament rəisini işdən çıxarıb

Ziya Məmmədov: “Sən kimsən ki, mənim bacımın tikdirdiyi evdən uca ev tikdirirsən?”

Ancaq bu, nə antikorrupsiya tədbirləri, nə də “qurban”ın işində yol verdiyi nöqsanlarla bağlı deyil…

Nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik etdiyi qurumun departamentlərindən birinin Zamin adlı rəisini işdən çıxarıb. Bu barədə XuralTAC-a daxil olan məlumatda deyilir ki, işdən çıxarılma hadisəsi nə son aylarda geniş vüsət almış antikorrupsiya tədbirləri, nə də departament rəisinin işində yol verdiyi hansısa nöqsanlarla bağlı deyil. Səbəb çox sadə və “məntiqlidir”: Zamin müəllim öz qonşusuna – hörmətli nazirinin bacısına qarşı böyük “hörmətsizlik” edib. “Hörmətsizlik” isə ondan ibarətdir ki, Zamin müəllim nazirin bacısının evinin düz qarşısında daha böyük və dəbdəbəli imarət uzaldıb.

Novruz bayramı günlərində Şüvəlana, bacısınının evinə qonaq gedən Ziya Məmmədov qonşuluqdakı böyük imarətin sahibi ilə maraqlanıb. Biləndə ki, bu əzəmətli imarət tabeliyində olan departament rəisinindir, qəzəbini onu işdən çıxarmaqla soyutmağa çalışıb. Ona görə də bayram tətilinindən sonra ilk iş günündəcə Zamin müəllimi vəzifəsindən azad edib. Nazirin hikkəylə “Sən kimsən ki, mənim bacımın tikdirdiyi evdən uca ev tikdirirsən?” dediyi bildirilir. Hətta Ziya Məmmədovun işçisindən bu boyda villanı hansı pullarla tikdirdiyini soruşduğunu və bunu araşdıracağı haqqında departament rəisinə hədə-qorxu gəldiyi də bildirilir.

Doğrudan da, hansısa departament rəisinin həddi nədir ki, onun villası nazirinin bacısının villasını kölgədə qoysun. Bir də, Zamin müəllim də maraqlı adamdır – yer tapmadın villa tikdirməyə?!..

Aldığımız son məlumatlara görə, Zamin müəllim hal-hazırda Nəqliyyat Nazirliyinin tabeçiliyində olan dəmiryol idarəsində işləyir. Onun villasının aqibətinin necə olacağı haqqında isə hələlik məlumat əldə edə bilməmişik.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqa saxlamaq istəsək də, MX rəhbərini yerində tapa bilmədik. Deyəsən, keçmişi jurnalist olan Namiq müəllim hələ də bayram əhvali-ruhiyyəsindən çıxa bilməyib.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button