Ziyafətsayağı müharibə…

Əhməd Oruc
«Azadlıq» Partiyasının sədri

Hakimiyyət-millət – arada uçurum var!

Artıq uzun müddətdir ki, Azərbaycan prezidenti, son vaxtlar isə hakimiyyətin daha aşağı kürsülərinin sahibləri təqribən «…ermənilər torpaqlarımızı danışıqlar yolu ilə azad etməsələr, onu digər yollarla, o cümlədən hərbi yolla azad edəcəyik…» tipli bəyanatlar səsləndirirlər. Son dövrlər isə bu tip bəyanatlar get-gedə daha da intensivləşir və «bəyanatvermə sindromu» daşıyıcılarının «ön cəbhəsinə» vitse spriker Ziyafət Abbasov keçib. Ziyafət müəllim az qala Azərbaycan dövləti adından «müharibə qaçılmazdır, bizim başqa yolumuz yoxdur!» kimi gurultulu-gurultulu bəyanatlar verir. Onun bəyanatpərdazlığının nədən qaynaqlandığı tam bəlli olmasa da, onun özü hiss eləməsə də, bu bəyanatlar çox qeyri-ciddi, bəlkə də tragikomik bir vəziyyət yaradır. Əvvəla, ona görə ki, onun hakimiyyət iyerarxiyasında tutduğu vəzifə, subardinasiya prinsipləri bu cür bəyanatlarla çıxış etməsinə qətiyyən uyğun gəlmir, bu tip bəyanatları adətən ölkə başçısı, güc strukturlarının rəhbərləri, ordu komandanları verə bilər. Bu bəyanatları ən azı 7 ildir kİ, ölkə başçısı səsləndirir. Amma bunları nə təcavüzkar, nə də vasitəçilər ciddiyə almırlar, əksinə, bu cür bəyanatlardan sonra Azərbaycan üçün daha ağır şərtlər ortaya çıxır və qarşı tərəfin ironiyası ilə qarşılaşır, Bu, faktdır. Bütün bunlardan sonra Ziyafət müəllimin bu bəyanatları təkrar etməsi Azərbaycan haqqında tamamilə qeyri-ciddi bir imic yaradır. Ziyafət müəllim bəlkə ömründə bir dəfə də olsun döyüş səngəri görməyib. Bəlkə bir gecə sərhəd kəndlərinin birində gecələsə, müharibə və döyüş haqqında danışmağa tövbə edərdi. Saxta yolla parlamentin vitse spikeri kürsüsündə oturub yekə-yekə bəyanat vermək əlbəttə ki, hələlik təhlükəsizdir. Ziyafət müəllimin nəzərində müharibə də seçkiləri saxtalaşdırmağa yaxın bir şey kimi təsəvvür edilir. Prezident aparatında plan tutulacaq, yerli icra strukturları, polis gəncləri küçələrdən tutub cəbhəyə göndərəcəklər və ermənilər qaçacaq və bu dəfə vitse spiker Milli Məclisin qələbə yığıncağına general formasında gələcək. Bu ssenari indiki iqtidarın təcrübəsində bir dəfə – 1994-cü ildə olub və Kəlbəcərin qarlı aşırımlarından hələ də mübarək şəhidlərimizin qalıqlarını nəinki toplaya, heç görə də bilməmişik.

Mən problemin həlli üçün mütləq anti-terror əməliyyatlarının keçirilməsinin zərurət olduğu qənaətindəyəm. Amma bundan da daha qəti şəkildə bu hakimiyyətin heç bir hərbi əməliyyat aparmayacağına inanıram. Çünki hərbi əməliyyat aparmaq əzmində olan bir hakimiyyət bu əməliyyatlardan öncə tamam başqa addımlar atmalı idi. Ölkədə şəhid ailələrinin, hərbi qulluqçuların statusu ən yüksək məqama çatdırılmalı idi. Bu hakimiyyət şəhid ailəsinə rəsmi quldurluqla məşğul olan DYR (QAİ) serjantının əmək haqqından, təqaüdündən 7-8 dəfə az, cəmi 100 manat müavinət verir. Bu hakimiyyət vətənpərvərlik hissinin gücləndirilməsi, cəmiyyətin aktivləşdirilməsi, iqtisadiyyatın gücləndirilməsi, rüşvət və korrupsiyanın ortadan götürülməsi, hakimiyyətlə millət arasında etimadın yaradılması kimi problemləri həll etməli idi. Bu hakimiyyətə millətin etimad faizinin birrəqəmli ədədlə ifadə olunduğu heç kimə, o cümlədən Ziyafət müəllimə də sirr deyil. Bu hakimiyyət hərbi əməliyyatlardan öncə milli birliyə nail olmalı idi. Bir yanda harın, saxtakar, əmlakı milyardlarla hesablanan, millətlə öz arasında polis kordonu olan hakimiyyət, kordonun o biri üzündə min bir əzab içində yaşayan, məmur özbaşınalığından, maddi çətinliklərdən əziyyət çəkən, sosial təminatdan və humanitar yanaşımdan mərhum bir millət. Hakimiyyət hələlik millətlə öz arasında uçurum yaratmaqla məşğuldur.

Bu millət öz torpaqları, öz milli haqları uğrunda döyüşməyə məhkumdur. Bu hakimiyyət, xüsusilə çox ciddi strateqlərdən biri Ziyafət müəllim bunu həqiqətənmi istəyir, yoxsa?!

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button