Ziyalı-yazar “diktatorlar”ımız!

Zümrüd Yağmur

Cəsarətsiz diriləri basdıraq?!

Elçin “Ölüm hökmü” əsərinin qəhrəmanı Əbdül kimi özünü oturduğu kürsünün yanı-başında dəfn edib…

Anar özünü ”Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən aşağı atıb “intihar” edirsə nə etməli?..

Dünyanın üzərindən asılıb qalmış qalın günah torunun içində çabalayan, bəzən haqlı, bəzən də nahaq olan tələblərin fonunda yalnızlaşan insanın halını nəzərə alanda bir anlığa gülümsəmək, bütün bunları unutmaq istəyirsən. Amma nə yazıq ki, insan yaddaşı bilgisayar deyil, əlimizin altındakı bir düymə ilə biz yaşadıqlarımızı, yaddaşımızı “delete” edib təmizləyə bilmirik.

Madəm ki, yaddaşı təmizləmək bu qədər asan deyil, ən azından cəsarətsiz, loyal, yaşadığı topluma yararı olmayanların kimliyini unutmaq bəlkə də ən yaxşısıdır, bəlkə də kimlərsə özünü diriykən basdırmaq istəyir, bizsə onları təkrar-təkrar xatırlayıb xortladırıq, ya da onların nahaqqını haqqa çevirib günahdan sıyrılmalarını istəyirik. Bəlkə elə dirilərin ölüm həvəsinə dəymədən onların öz halında buraxaq, ya da unudulmaq istəyənlərin yaxasından əl çəkək?

Son dönəm Azərbaycanda yazarlar, ziyalıların ölkədə baş verənlərə laqeyd münasibəti, hərənin bir kürsüdə özünü əvəzedilməz hesab edib haralasa qoyması, oturduğu yerdə adəta bir diktatura yaratması hallarına rast olmamız adidir, adidən adi, hətta bu ziyalı-yazar “diktatorlarımızın” tutduğu, ya da özlərini qoyduqları yerdən də adi… Gənc yazarlar, bu gün ölkəsində normal cəmiyyətin, idarəçiliyin formalaşmasını istəyənlərsə, nədənsə elə hey özümüzdən ancaq yaşda böyük, cəsarətdə kiçik olanlardan nələrsə umuruq. Amma məncə bu adamlar özlərini bir kənara atmaq istəyirlər və zənnimcə özünə rəva gördükləri ilə də onları baş-başa buraxmaq lazmdır.

“Şöhrət ölüm saçdı”…

Bu sözləri yaxınlarda Rafiq Tağının bir hekayəsini oxuyanda sevmiş, toğlu faciəsini oxuyub bitirəndən sonra bu gün öz şöhrətində ölüm saçanların halını düşünüb bir xeyli də təəsüflənmişdim. Və həmin vaxt Rafiq Tağıya demək imkanım olsaydı, deyərdim ki, hörmətli yazar, tək toğlular şöhrətin qurbanlığı deyil, elə o toğlunun ayaqları altında ölümünü izləyən yazar-şairlər də öz şöhrətlərinin saçdığı ölümün qəlpələrindən ölümcül hala düşüblər.

İllər öncə Elçin haqqında yazanda ki, “Elçin “Ölüm hökmü”ndə deyəsən elə özünə hökm oxuyub, bu gün sağ-salamat olmağına baxmayaraq, özünü nazirlər kabinetinin dəhlizlərində basdıran yazar od püskürmüşdü. Elçin qızıllarını oğlunun məzarında basdıran “Ölüm hökmü” əsərinin qəhrəmanı Əbdül kimi indi özünü oturduğu kürsünün yanı-başında dəfn edib. Çünki bu gün əslində, ölkəsində gedən barbar və dağıdıcı siyasətə qarşı deyil, nəinki qarşı deyil, vaqlığı yoxdur… Nəinki yazar kimi Elçin gözə dəymir, heç mədəniyyət məsələləri üzrə müavin olan məmurun fəaliyyəti belə hiss olunmur.

Anarı desək… Şərin yanında ola-ola məhz şərin yanında olanları qınayan yazar son dövrlər özünün haqqa gücü yetməyəcəyini anladığından gənc yazarlara qarğış etməklə məşğuldur və mən açığı, Anarın son dönəm yazılan yazılara cavab məktubunu oxuyanda təəssüfləndim. Bir anlığa, məsələn, Markesin belə yazılara verə biləcəyi cavabı xəyali olaraq oxuyub başımı buladım. Anarı tənqid edən cavanlara uzun ömür ancaq ona görə arzulayır ki, onları da yarğılayıb tənqid etsinlər. Bu bədduadan qisas iyi gəlir və mən “böyük yazarların” belə xırda hisslərlə yaşamasını heç anlaya bilmirəm.

Şəxsən mən gələcəkdə əgər indi özlərinə şöhrətləri ilə ölüm saçdıran yazarlar kimi laqeyd və cəsarətsiz olacağamsa, onda min kərə Anarın qarğışına “Amin!” deyirəm.

Anar özünü ”Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən aşağı atıb “intihar” edirsə nə etməli, biz onu tənqid etməklə, daha böyük əməllər ummaqla, daha məğrur missiyalar yükləməklə xilas edə bilmərik.

“Səs” yazıb bu gün səsi bayağı televiziyanın dəhlizlərində batan Mövlud Süleymanlıdanmı deyim?

Əgər belə istəyirlərsə, olduqları yerlərdə rahatdırlarsa və heç bir vicdan (?) problemləri yaşamırlarsa, niyə Elçindən, Anardan, Çingiz Abdullayevdən, cox sayda adı çəkilməyən yazar və şairlərimizdən  böyük əməllər umaq ki?!

Mənim alimim?!

…Haradadır? Akademiyanın iri, möhtəşəm bunasında var-gəl edib siyasi qeybətlər qılmaqla ziyalı olub xalqa ziya paylamaq olmur axı, ay mənim cəsarət və milli şüurdan kəm alimlərim! Bu gün ölkənin iflic və ləyaqətsiz hala gətirilmiş durumunda sən elə gününü siyasi qeybətlərlə keçirəcəksənsə, onda sənin alimliyin nə, yazdığın elmi iş nə?!

Yaxınlarda bir “alim”lə söhbət edirdim. “Ziyalı” deyilən kəs uzun-uzadı mənə qulaq asıb bilirsiniz bütün marağı ilə nə soruşdu? “Yaxşı, bu müxalifətdəkilər ki bu qədər həbs olunur, işdən atılır, niyə əl çəkmirlər bu müxalifətçilikdən?”

Şərhə ehtiyac yoxdur yəqin! Ancaq ikrah edib ən azından üzünü qırışdırmaq və nəzakətdən kənar nəsə deməmək üçün dişlərini sıxmaq qalır…

Bütün bunları yazıb dayanıram və düşünürəm ki, yarğılamağı, haqqa dəvəti bundan sonra bir yana qoyaq. Özünü şöhrətində öldürən yazarımı, alim və “ziyalımı” sakit buraxaq. Onlar özlərini diriykən dəfn ediblərsə, qoy elə də qalsınlar. Bizə ancaq bunu demək düşər…

Allah sizə rəhmət eləsin, dirilər!

Xural” qəzeti,

İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button