Ziyalılar iqtidarı suçladılar

Rafiq Əliyev: “Gecə klublarının arxasında oliqarxlar dayanır”

 Zəfər Quliyev: “Azərbaycanda vətəndaşların bütün hüquqları pozulur.”

 Sentyabrın 29-da Ziyalıların İctimai Forumu Media Mərkəzində “Cəmiyyət və əxlaq” adlı müzakirə keçirildi.

Tədbiri kinorejissor Rüstəm İbrahimbəyov açaraq bu günün əhəmiyyətindən danışdı. “Bu gün cəmiyyət və əxlaq əsas mövzudur. Bu günkü insanların vəziyyətinin belə olmasının məsuliyyətini ancaq iqtidar, hakimiyyət özü daşıyır. Biz ziyalılar da bu vəziyyətin bir hissəsini düzəltməyə çalışmalıyıq”.

Daha sonra söz alan şair Ramiz Rövşən bildirdi ki, “bütün böhranların, problemlərin əsası ölkədəki mənəvi böhrandan qaynaqlanır. Çürümə cəmiyyətin bütün qatlarını əhatə edir”.

Professor Rafiq Əliyev Azərbaycanda əxlaqın pozulmasının sürətlə getdiyini söylədi: “Ölkə oliqarxların əlindədi. Hara baxırsan, gecə klublarıdı. Hər birinin də arxasında güclü məmurlar durub. Belə bir halda hansı əxlaqdan danışa bilərik?”

Politoloq Zəfər Quliyev çıxış edərək bildirdi ki, insanlar qorxu altında yaşayırlar. “Azərbaycanda vətəndaşların demək olar ki, bütün hüquqları pozulur. Məsələn, yol çəkmək bəhanəsi ilə evləri sökürlər və ya prezidentin imarətinə baxır deyə binaların pəncərələrini hörürlər”.

Daha sonra forum müzakirələrlə davam etdi.

Əkrəm Əylisli, Eldar Namazov, Niyazi Mehdi, Qulu Məhərrəmli, Vahid Qazi, Fəxri Uğurlu, Mehman Əliyev, Zəfər Quliyev, Rauf Talışinski, Paşa Qəlbinur, Taleh Həmid, Eldar İsmayılov, Elxan Xanəlizadə və başqalarının qatıldığı müzakirələrdə narahatlıq doğuran ən müxtəlif ictimai problemlərə toxunuldu.

Qərara gəlindi ki, siyasi məhbusların azadlığa buraxılması ilə bağlı prezidentə müraciət hazırlansın. Eyni zamanda, ziyalılar həbsxanalarda İctimai Palatanın 2 aprel aksiyasında həbs olunanlara və hərbi xidmətdən yayınmaqda ittiham edilərək 2 il azadlıqdan məhrum edilmiş Bəxtiyar Hacıyevə baş çəkməyə qərar verdilər.

Şair Ramiz Rövşən “Azadlıq” radiosunun müxbirinə baş verənlərlə bağlı qısaca danışıb:

–  Əgər biz cəmiyyətdə barış nöqtələri axtarırıqsa, islahatlar getməsini, normal vətəndaş cəmiyyətinin yaranmasını istəyiriksə, bunun ilk addımı Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin, 2 aprel mitinqiylə bağlı həbs olunan cavanların, başda Arif Hacılının, azad olunmasıdır.

Bunların hamısı buraxılmalıdır. Çünki məhkəmələr mənə qeyri-ciddi təsir bağışladı. Mən oxudum ordan yazılanları. Demək olar, üstü açıldı və məlum oldu ki, ortada cinayət yoxdur. Mənə elə gəlir ki, bu həbslər nə hakimiyyətə lazımdır, nə cəmiyyətə. Özü də istərdim bir daha belə məqam olmasın. Siyasi məhbus məsələsi Azərbaycana ən töhmət gətirən məsələdir.

 –  Təsəvvür edək ki, Ramiz Rövşən, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov, Rafiq Əliyev getdiz həbsxananın qarşısına. Hansı effekti gözləyirsiz?

 –  Söhbət nə gözləməkdən getmir. Yəni mən onları dərhal açıb buraxacaqlarını, görüş verəcəklərini deyə bilmərəm. Amma artıq bizim bunu deməyimiz özü bir münasibətdir. Bu il Azərbaycanın müstəqilliyinin 20 illiyi gəlir. Təsəvvür edin ki, müstəqilliyə səs verən millət vəkillərindən biri Arif Hacılı həbsdədir.

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Rüstəm İbrahimbəyov

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button