Zorakılıq törətmiş yeniyetmə ilə bağlı cinayət işi açılıb

Yayımlandı: 20 Fevral 2024 12:17

Valideynlər yeniyetmənin məktəbdən qovulmasını tələb edir

Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq törədilib. Bunu əks etdirən görüntülər dünən axşam sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın alnına söyüş yazılır, başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu müəyyənləşib.

Övladı həmin məktəbin yuxarı sinfində oxuyan valideynlərdən biri Meydan TV-yə bildirib ki, görüntülərdəki qız hələ məktəbdən kənarlaşdırılmayıb.

“Qız həddindən artıq söyüşlə danışır, uşaqlar deyirlər ki, bu, onun ilk hərəkəti deyil. Zorakılığa məruz qalan qızın digərləri haqqında mənfi söz işlətdiyi deyilir. Məktəbdə əksər valideynlər narahatdırlar. Çünki uşaqların bir-birini ələ salması, təhqir erməsi tez-tez təkrarlanır”, – valideyn bildirb.

Qeyd edilib ki, valideynlər direktorla görüşmək istəyiblər. Lakin onlara bildirilib ki, məktəbin qarşısında  jurnalistlər var, baş qarışıqdı.

Foto: “Facebook”

Adının açıqlanmasını istəməyən valideyn onu da deyib ki, qızın valideynlərinə dəfələrlə xəbərdarlıq olunub. Buna görə də onun məktəbdən uzaqlaşdırılmasını tələb edirlər.

Məktəbdən Meydan TV-yə bildirilib ki, aidiyyatı qurumlar məktəbdədirlər, araşdırma gedir.
Məktəbin daha əvvəlki açıqlamasında bildirilib ki, IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Məktəbin XI sinif şagirdi (yeniyetmə olduğundan şagirdin adı açıqlanmır-red) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alıb”.

Foto: Elşad Hacıyevin şəxsi arxivindən götürülüb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə  bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüldüyünü açıqlayıb.

Teymur Mərdanoğlu. Foto: screenshot

Qurumun rəsmisi Teymur Mərdanoğlu deyib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:

“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button