Zurabişvili ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb
Yayımlandı: 10 Sentyabr 2024 21:38
Prezident bu addımı Gürcüstanı Avropa yoluna qaytarmaq üçün atacağını deyib
Gürcüstan Prezidenti Salome Zurabişvili “Le Figaro” qəzetinə müsahibəsində ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb.
“Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazıram. Təklif etdiyim Gürcüstan Xartiyası qüvvəyə minərsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, – deyə prezident bildirib.
Fransa və Aİ-nin Gürcüstana maliyyə yardımını dayandırması ilə bağlı suala cavabında isə Zurabişvili qeyd edib ki, ölkəsindəki hazırkı hökumətin addımları “Avropa prinsiplərinə zidd”dir:
““Xarici agentlər haqqında” Qanunu və digər qanunları nəzərdə tuturam. Mən sanksiyaların tərəfdarı deyiləm. Ola bilər ki, bu, əhali tərəfindən yanlış şərh olunsun. Amma bu, rusiyayönümlü qanundur və təsdiqlənəcəyi təqdirdə seçkilərdən sonra nələrin baş verəcəyi aydın görünəcək”.
Bundan əlavə, dövlət başçısı onu da vurğulayıb ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin böyük əhəmiyyəti var:
“Bu seçkilər müəyyənləşdirəcək: Gürcüstan keçmişə – Rusiyaya, yaxud Gürcüstanın real taleyinə – Avropaya qayıdacaq”.
Mayın 26-da Gürcüstanın Müstəqillik Günündə Prezident Salome Zurabişvili ölkəni qərbyönlü yola qaytarmaq üçün “Gürcü Xartiyası”nın fəaliyyət planını açıqlamışdı.
Sənədin məqsədi oktyabrda keçiriləcək parlament seçkilərində rusiyayönlü hökumətə qarşı bütün Avropayönlü müxalifət partiyalarını birləşdirməkdir.
İyunun 3-də 17 partiyanın nümayəndələri Orbeliani prezident sarayında bir araya gələrək sənəd imzaladılar və Avropanın gələcəyi uğrunda mübarizədə birliklərini nümayiş etdirdilər.
Gürcüstan Prezidenti Salome Zurabişvili müsahibəsində parlament seçkilərindən sonra Gürcüstanda vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı heç bir proqnoz verməyəcəyini bildirib.
Jurnalistin “Gürcüstanda hər şey çox pisə gedə, qan tökülə bilərmi?” sualına dövlət başçısı belə cavab verib:
“Mən heç bir proqnoz verməyəcəyəm, bu mənim rolum deyil, amma qəti şəkildə deyə bilərəm ki, ölkədə gələcək sabitlik 26 oktyabrda qərbyönlü müxalifətin aşkar qələbəsindən asılıdır”.
Prezident bildirib ki, siyasi partiyalara izah etməyə çalışdığı budur: “İndi rəqabət vaxtı deyil”.
Zurabişvili yaxın keçmişi nəzərə alaraq, hazırki müxalifətin birləşə bilməyəcəyini də başa düşdüyünü deyib:
“Ancaq indiki müxalifət 50% və ya 60% səs toplamaq üçün Avropa ideyası ətrafında kifayət qədər birləşə bilər. Hakim partiya yazda etirazlardan sonra zəifləyir. Sorğulara görə, o, 25%-dən çox səs toplamayıb. Gürcülərin böyük əksəriyyəti Avropaya olan istəklərində inadkar olaraq qalır, hətta “Gürcü Arzusu” öz loqosunu yenidən nəzərdən keçirməli və seçki posteri kimi öz loqosunu Avropa bayrağı ilə birləşdirən simvolu seçməli oldu”.
Zurabişvili vurğulayıb ki, “Gürcü Arzusu” aydın şəkildə Moskvanın xeyrinə seçim edib:
“Bu, Rusiyanın Ukraynaya hücumundan sonra daha da aydın oldu. O vaxtdan bəri Qərb ölkələrinin diplomatik korpusuna hücumlar sistematik xarakter alıb. Hakimiyyət tarixi qərbyönlü mövqelərindən əl çəkərək Moskva ilə əlaqələrin xeyrinə addımlar atdı. Buna görə də Rusiya liderləri gürcü həmkarlarını qərar və bəyanatlarına görə mütəmadi olaraq təbrik edirlər”.
“Bu tək hakim “Gürcü Arzusu” Partiyasının təşəbbüsüdür, yoxsa Kremlin təzyiqidir, bunu söyləmək çətindir. Amma aydındır ki, bu siyasəti Moskva ilə münasibətləri ən qeyri-şəffaf olan oliqarx Bidzina İvanişvili diktə edir”, – deyə o qeyd edib.
Dövlət başçısı həmçinin hesab edir ki, Gürcüstanda seçkiqabağı dövrdə “hər şeyi gözləmək olar”.