Əfqan Muxtarlıya qarşı təxribat

Bu barədə həyat yoldaşı Leyla Mustafayeva özünün fb səhifəsində məlumat yayıb

Jurnalist Əfqan Muxtarlının saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. Bu barədə onun həyat yoldaşı Leyla Mustafayeva bildirib: “Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi. Dediklərini olduğu kimi yazıram:

“Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200 – dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.

Həbsxananın əməliyyat şöbəsinin inspektoru Kamil adlı şəxs mənə gətirilən “Neft Fəlsəfəsi” kitabını və Elxan Xanəlizadənin “Zəncir” romanını mənə verməkdən imtina etdi, mənə deyir ki, kitab oxumasan nə olacaq ki?!

Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.

Həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarıma göndərirdim. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyim sifarişi və pulu geri qaytarıblar.

Görünür, mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampanyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara,eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button