Əvəz Zeynallının «rüşvət götürməsi» «təsdiqlənə» bilərmi?

Son zamanlar «Xural»a bu sualla müraciət edənlərin sayı artıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən elə Ramiz Mehdiyevin özünün komandasından deputatlığa təyin olunan Gülər Əhəmdova tərəfindən böhtan atılaraq həbs olunan Əvəz Zeynallının zor və təzyiq, eləcə də prezidentin adından istifadə edərək təhdid və qorxu altında üzünə durdurulan adamların sayının getdikcə artırılacağı xəbəri oxucularımızı da narahat etməyə başlayıb.
Onlara verəcəyimiz açıqlama yekdil fikrə söykənir – Əvəz Zeynallının kimlərdənsə rüşvət istəməsi və ya alması böhtan və şərdən başqa bir şey deyildir. Azad söz və azad mətbuat uğrunda illərdir haqq mübarizəsi aparan Əvəz Zeynallını bu yola əl atmağa heç bir səbəbi yox idi? Əvəz Zeynallının özünün də cəmiyyətə verdiyi açıqlamalardan məlumdur ki, hələ 2 ay əvvəl Daxili işlər naziri Ramil Usubovla görüşərkən, ən yüksək səviyyədə aparılan danışıq zamanı Ə.Zeynallının, o cümlədən «Xural» qəzetinin Ramiz Mehdiyev, eləcə də prezident İlham Əlyievin haqqında tənqidi yazılar yazmaması tövsiyə olunmuş və bunun müqabilində qəzetə ciddi maliyyə dəstəyinin olunacağı haqda xəbərdarlıq da edilmişdi. Lakin Əvəz Zeynallı öz yazılarında, açıqlamalarında bu şərti qəbul etmədiyini, o üzdən də başda prezident və Ramiz Mehdiyev olmaqla hakimiyyətin «Xural»ın üzərinə bu cür böhtanlarla gəldiyini zamanında bəyan etmişdi.
Maraqlıdır ki, əgər Əvəz Zeynallı hakimiyyətdən ciddi dəstək almaqdan imtina etmişdisə, necə ola bilərdi ki, «Mərkəz» qəzetinin əməkdaşlarının halal əmək haqlarını kəsən, o cümlədən adı min bir oyunda hallanan Gülər Əhmədovadan 10 min, maşın alverçisi Sabir Tarverdiyevdən həftədə 100, hansısa restoran müdirindən 4 yüz və ya 4 min dollar rüşvət istəyəydi. O da digərləri kimi azad söz və fikri hakimiyyətə sataraq, rahat və firavan həyat seçə bilməzdimi?

O baxımdan, Əvəz Zeynallının kimlərdənsə rüşvət istəməsi tamamilə absurddur və azad söz uğrunda mübarizə aparan Əvəz Zeynallının iradə və əzmini bu çirkin yolla sındırmağa çalışmaqla, onun susdurulması üçün atılan addımdır. Cəmiyyətin ayrılmaz parçası olan oxucularımız hakimiyyəti bu şər və böhtanlara son qoymağa və Azərbaycanda azad sözün susdurulması üçün əməli işə keçən Ramiz Mehdiyev və Əli Həsənovun özbaşınalığının qarşısını almağa, demokratik cəmiyyətdə azad sözün bərqərar olmasına şərait yaratmağa çağırır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button