«Ədalət» partiyasında üzücü hadisələr…

Ədalət Partiyasının sədri İlyas İsmayılov

İlyas İsmayılovun indiki və keçmiş müavinləri söz savaşına çıxdı

 Mütəllim Rəhimli: «Siyasi partiya özfəaliyyət dərnəyi deyil ki, kim nə istəyir etsin»

 Elxan Şükürlü :  «Çox xaraktersiz, riyakar insan görmüşəm, ancaq beləsini yox»

 Ədalət Partiyasının sabiq müavini ilə indiki müavini arasında söz savaşı dərinləşir. Dünən partiya sədrinin mətbuat məsələləri üzrə müavini Elxan Şükürlünün istefa verməsindən sonra təşkilat məsələləri üzrə müavin Mütəllim Rəhimli mətbuata sərt açıqlamalar verib .

M.Rəhimli deyib ki, Elxan Şükürlünün bu cür bəzi həqiqətləri gizlədən açıqlamasına çox təəssüf edir: «O özünün düşüncələrini və mülahizələrini gerçəklik kimi sırımamalı, qələmə verməməlidir. Gerçəklik tamamilə başqadır və Elxan bəy də bunu bilməmiş deyil. Belə ki, Rəsul Quliyevi vəsf edən məqalələri Elxan Şükürlü Ədalət Partiyası sədrinin müavini olarkən yazıb. Onun iqtidarın güc strukturları, dövlət məmurları və s. vəzifəli şəxsləri barəsindəki çap olunmuş yazıları da Ədalət Partiyası daxilində kiminsə yaradıcılıq azadlığının boğulması anlamını yaratmır. Əksinə, partiyada başqa fikrə kifayət qədər dözümlülük olduğunu, partiya rəhbərliyində təmsil olunan şəxslərin düşüncə və fikirlərinin nəinki daxili müzakirələrlə kəsilmədiyini, hətta onu kütləvi informasiya vasitələrinə çıxarmaq imkanlarının mövcudluğunu sübut edir.

Bundan başqa, siyasi partiya özfəaliyyət dərnəyi deyil ki, kim nə istəyir, onu da etsin. Siyasi fəaliyyətlə məşğul olan şəxs öz marağını ümumi maraqlar hesabına təmin etməyə çalışmamalıdır. Hər bir partiya üzvü Nizamnamə və Məramnaməyə riayət etməli, ümumi, ictimai, siyasi, qrup mənafelərinə görə öz maraqlarından imtina etməyi bacarmalıdır. Məncə, siyasi partiyanın bir anlamı da budur.

Elxan bəyin 2008-ci ildən Ədalət Partiyası sıralarından uzaqlaşmaq istəyinin olması və bunu mənəvi meyarlara görə etməməsi barədə fikirləri də həqiqəti əks etdirmir. Əgər belə idisə, onda nəyə görə parlament seçkilərində iştirak edirdi, partiya adından beşillik müddətinə MSK-da təmsil olunmaq istəyirdi ki, bu da 2015-ci ilə qədər çəkəcəkdi. Bundan əlavə, o, partiyada heç kimə nəsib olmayan imtiyazlar sahibi idi və heç vaxt onlardan üz döndərməyib».

Bu açıqlamadan sonra isə Elxan Şükürlünün M.Rəhimliyə cavabı da olub. E.Şükürlü M.Rəhimlini daha sərt şəkildə ittiham edib.

«Mən istefa verən gün Mütəllim zəng vurub hədsiz təəssüfləndiyini bildirmişdi. Hətta onun da maaşının verilmədiyindən gileylənmişdi. Həmişə də mənim yanımda İlyas müəllimdən, Etimaddan narazılığını dilə gətirib. Ancaq bu gün əleyhimə elə bir açıqlama verib ki, təəccübdən donub qalmışam. Mən çox xaraktersiz, riyakar insan görmüşəm, ancaq hələ beləsini yox. Belə sifətsiz adamlar cəmiyyət üçün çox təhlükəlidirlər. Belələri necə uşaq tərbiyə edəcək, mən hələ də anlamıram. Yəqin ki, bu cür insanlara heç evində də hörmət etmirlər» deyə E.Şükürlü bildirib. Daha sonra sabiq müavin bildirib ki, bu gün (dünən red.) zəng vuraraq Mütəllim Rəhimli ilə danışıb və ondan bu məsələlərə niyə qarışmasının, münasibətləri niyə qəsdən gərginləşdirməsinin səbəbini soruşub: “Dili topuq vurdu, konkret bir söz demədi ki, bilim, görüm mənimlə dərdi nədir, niyə sönən ocağa benzin tökür? İndi mən halallaşıb aralanandan sonra Mütəllimi qabağa verib danışdıranlar varsa, bilsinlər ki, bu, kişiyə yaraşan hərəkətlər deyil və səhv edirlər. Çünki mənim deməyə daha çox haqqım və sözüm var. İstəyirlərsə, seçkiyə niyə qatılmağımı, MSK-ya niyə getmək istəyimin olmasını bircə-bircə deyim. Keçmişi qurdalasaq, kim pis vəziyyətdə qalacaq, bir yaxşı düşünsünlər. Mərdi qova-qova namərd etməzlər».

Elxan Şükürlü ona partiyada hansısa imtiyazların yaradılması barədə Mütəllim Rəhimlinin söylədiklərinin də ağ yalan olduğunu bildirdi: “İmtiyaz kimə yaradılıb, bunu mən yox, bütün ölkə bilir. İmtiyaz yaradılsaydı, mən də bəziləri kimi susar, hər şeyə biganə olardım. O partiyada Siyasi Şura üzvləri içərisində hələ də kirayədə yaşayan yeganə adam mənəm. Qoy, digərləri desinlər görək, içi boş qalmış evləri, qarajlarda çürüyən maşınları haçan, necə və hansı pullarla alıblar? O, elə bilir ki, bu dəfə də məni Rəsul Quliyevə bağlayıb haray-həşir salmaqla, özünü anti-Quliyevçi göstərməklə hakimiyyət bunları bir az da bağırlarına basacaq. Yoxsa, mən digərləri haqda da yazı yazmışam, o yazılara niyə belə reaksiya vermirlər? Hələ Kəmaləddin Heydərovdan yazdığımı biri götürüb atasına aparırdı, biri işçisinə. Nə tez yaddan çıxdı bunlar? Ümumiyyətlə, Mütəllim sussa yaxşıdır».

Xatırladaq ki, Elxan Şükürlünün partiyadan istefa verməsinə münasibət bildirən Ədalət Partiyasının sədri İlyas İsmayılov bunu özü və partiyası üçün ağır itki adlandırıb.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button