Əli Əhmədov: “Azərbaycan BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri olub”

Azərbaycan hökuməti olaraq Dayanıqlı İnkişaf Məqsədlərilə (DİM) əlaqədar BMT-nin transformasiyasını yüksək qiymətləndirir və bunun bəşəriyyətin bu günün və gələcəyi üçün əhəmiyyətini etiraf edir.

Bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

O bildirib ki, 2015-ci ildən bu yana həyata keçirilən bu konsepsiyada Azərbaycan iştirak etməklə öz töhfəsini verib:

“Azərbaycan bu günə qədər bu istiqamətdə üç könüllü milli hesabat təqdim edib. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Dünyada üç könüllü milli hesabat təqdim edən ölkə çox deyil. Lakin bizim yanaşmamız təkcə bundan ibarət deyil. Burda ən düzgün yanaşma odur ki, BMT-nin qlobal layihəsinin tam mahiyyətinə uyğun Azərbaycan özünün milli inkişaf strategiyasına uyğunlaşdırmaq yolu seçib. Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyası BMT-nin qlobal layihəsinin qoyduğu tələblərə uyğunlaşdırılıb. Bundan sonra bizim inteqrasiyanın dərinləşdirilməsi istiqamətində addımlarımız olacaq”.

Ə. Əhmədovun sözlərinə görə, BMT-nin bu layihəsinin qəbul olunmasından təxminən 8 il keçib, lakin bu müddət ərzində nəzərdə tutulan nailiyyətlərin əldə edilməsi istiqamətində öyünmək üçün əsas verəcək nailiyyətlər əldə edilməyib: “Ola bilsin bunun müxtəlif obyektiv səbəbləri var. Bura pandemiya, müharibələr və digər səbəblər aiddir. Bunların hamısı qlobal layihənin həyata keçirilməsinə ciddi təsir göstərib. Bu illər ərzində BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri də Azərbaycan olub.

Azərbaycan işğal altında olan torpaqlarını azad edib və bununla milyonlarla qaçqının statusu dəyişməklə BMT-nin layihəsinə öz töhfəsini verib. Amma bizim həmin torpaqlarımızda infrastruktur tamamilə darmadağın edilib. Bu da dünyamızın transformasiya ilə əlaqədar ortaya çıxan ən ciddi problemlərindən biridir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button