Mehman Əliyev sərt yazdı: “Əli Həsənovun bəyanatı”

Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin direktoru

 

İyulun 3-də axşam Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2018-ci il Gəncə hadisələrinin birinci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Hadisə zamanı şəhər sakini Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törətmişdi.

Ə.Həsənovun mahiyyətcə həmlə xarakteri daşıyan bəyanatının məğzi ondan ibarətdir ki, hadisə xarici dairələrin, radikal dini qrupların işidir. Eyni zamanda, Ə.Həsənov ölkənin dünyəvi müxalifəti, vətəndaş cəmiyyəti və KİV-ni sui-qəsdi dəstəkləməkdə və ona haqq qazandırmaqda, dövlətçiliyə və milli maraqlara zidd fəaliyyət göstərməkdə günahlandırır.

Əslində, onun bəyanatı rejim tərəfdarlarını hakimiyyəti və Ə.Həsənovun anlamında milli adlandırılan maraqları tənqid edən bütün özgəfikirlilərə qarşı mübarizəyə çağırışı ehtiva edir.

Lakin Ə.Həsənov öz bəyanatında sui-qəsd ərəfəsində Gəncə şəhərində yaranmış ictimai-mənəvi mühit barədə bir söz belə demir. Halbuki, Gəncədən uzun illər ərzində əhalinin İcra Hakimiyyəti başçısının hərəkətlərindən narazı olduğu, sürətlə artan korrupsiya, E.Vəliyevin vətəndaşlarla alçaldıcı davranışı, barədə məlumatlar, xeyli şikayət gəlib.

Ə.Həsənov illər boyu Gəncə sakinlərini təhqir etmiş və onlara qarşı özünü ədəbsiz aparmış adama qarşı sui-qəsd edildiyi məlum olduqda ölkənin bütün sosial şəbəkələrində şadlığın nədən aşıb-daşdığını izah edə bilmir.

Ə.Həsənov cəmiyyətin sui-qəsdçini nə üçün adi insanları qaniçən hökmdarlardan qoruyan Robin Hud sanmasını, niyə İnterneti bəzən nəzakət çərçivəsindən kənara çıxan sevincin bürüdüyünü izah etməyə qadir deyil.

Rejimin “qara kassa”sından maliyyələşən KİV-lərdən fərqli olaraq, idarə edilən adlandırılması mümkün olmayan sosial şəbəkələr hadisəyə dəqiq ictimai qiymət verdilər: Səfərov qəhrəman, mərd, Vəliyev isə namərddir.

Adı korrupsiya sxemlərində hallanan Ə.Həsənova görə, məhz indiki iqtidar Azərbaycanın demokratik inkişafının təminatçısı və mühafizəçisi, təhlükəsizlik və sabitliyin zamininin təcəssümüdür .

Ə.Həsənov tez-tez dövlət və milli maraqları yada salır. Korrupsiyaya mübarizəyə, vətəndaşların hüquq və azadlıalrının vəziyyətinə görə dünya reytinqlərində sonuncu yerləri tutan ölkənin, xalqdan oğurlanmış milyardların yuyulması, siyasətçilərin ələ alınması üzrə beynəlxalq qalmaqalların sarsıtdığı dövlətin prezidentinin köməkçisi hansı dövlət maraqlarından danışır?

Korrupsiya antidövlət, antimilli fenomendir, o, dövlətin və milli təhlükəsizliyin dayaqlarını sarsıdır. Son üç ildə baş verən hadisələr buna sübutdur. Cəmiyyət və dövlətin zehniyyəti geriyə və ya, Həsənovun ifadəsini dəyişsək, Orta əsrlər səviyyəsinə düşür.

Lakin qeyd etmək lazımdır ki, milli maraqları Konstitusiya müəyyən edir və bu Əsas qanuna görə, onlar ilk növbədə, baxışlarından, etnik, siyasi, dini və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs və vətəndaşın azadlığı və hüquqları kimi dəyərlərin müdafiəsinə əsaslanır…

Ə.Həsənovun bəyanatı göstərir ki, onun təmsil etdiyi dövlət özgəfikirliləri təqib və cəzalara layiq olan düşmən, cinayətkar, xəyanətkar hesab edir.

Dövlət vətəndaşların Konstitusiyada təsbit olunmuş ifadə, yerdəyişmə, toplaşma və digər azadlıqlarını, sosial, iqtisadi, siyasi hüquqlarını tapdalayırsa, mənəvi-əxlaqi dəyərlər tənəzzülə uğrayırsa, qanunun aliliyi gözlənmirsə, Ə.Həsənov hansı milli maraqlardan danışır?

Ə.Həsənovun bəyanatı dünya və yerli ictimaiyyətə ünvanlanmış belə bir mesaj sayılmalıdır: Azərbaycan zorakılıq, tərəqqiyə düşmənçilik, dözümsüzlük və amansızlıq, hüquqsuzluq və volyuntarizmin hökm sürdüyü dövlət olaraq qalmaqda davam edəcəkdir.

Ə.Həsənov hakimiyyətin ölkədə onun yalnış siyasətinin, dövləti və milli maraqların səhv başa düşməsinin doğurduğu böhranın daha da dərinləşməsinə yönəlmiş inadkar kursunu bir daha təsdiqlədi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button