Əvəz Zeynallı həbsilə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirdi: Məhkəmədən reportaj

“Xural” Media Qrupunun rəhbəri, hazırda saxta ittihamlarla həbsdə saxlanılan Əvəz Zeynallı 2023-cü il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Məhkəmə hakim Əli Məmmədovun və dövlət ittihamçısı Eldar Həmzəyevin iştirakı ilə aparılır. Xatırladaq ki, Baş Prokurorluğun İstintaq İdarəsinin apardığı istintaq araşdırması zamanı Əvəz Zeynallı ifadə verməkdən imtina edib və bunu həbsinin siyasi sifariş əsasında həyata keçirilməsilə əlaqələndirib. Əvəz Zeynallının məhkəməyə verdiyi ifadəni olduğu kimi Oxucularımızın diqqətinə çatdırırıq:

Əvəz Zeynallı:

  • Möhtərəm Hakim, mən sizin istədiyiniz kimi danışa bilmərəm. Sizin arzuladığınız kimi də danışa bilmərəm.

Hakim Əli Məmmədov:

  • Obyektiv danışmaq lazımdır.

Əvəz Zeynallı:

  • 2-3 aydır sizə bir vəsatət verə bilmirəm. Mən bu günə qədər ifadə verməmişəm. Hesab edirəm ki, istintaq zamanı sorğulanan insanlar gəlib burada danışsınlar, bilək ki, kim hansı ifadəni verib, sonra biz danışaq. Amma yenə də etiraz eləmirəm. İndi də danışa bilərəm.

Hakim Əli Məmmədov:

  • Diqqətə çatdırıram ki, Əvəz Zeynalov istintaq zamanı heç bir ifadə verməyib.

Əvəz Zeynallı:

  • Verməmişəm.

Hakim Əli Məmmədov:

  • Və…

Əvəz Zeynallı:

  • Qısa ifadə verəcəyəm. Çünki ortada bir şey də yoxdur. Bura bir and da yapışdırmısınız. Belə and içməklə olmur.

Hakim Əli Məmmədov:

  • Zeynalov, o, Cinayət Prosessual Məcəlləsinə uyğun yazılıb.

Əvəz Zeynallı:

  • Bu, Cinayət Prosessual Məcəlləsinə çox yanlış yazılıb və mən 10 ildir bu haqda danışıram. “Söyləyəcəyimə and içirəm” nə deməkdir? Ərdoğan…

Hakim Əli Məmmədov əsəbi halda:

  • Zeynalov…

Əvəz Zeynallı:

  • Biz belə danışa bilmərik. Mən sizi burada qanunla – Cinayət Prosessual Məcəllənin tələblərilə mən sizi bu məhkəmə prosesi zamanı dediklərimə inandırmalıyam da, deyilmi? Bizim mükaliməmiz elə səmərəli şəkildə qurulmalıdır ki, sizin tam, hərtərəfli, obyektiv araşdırma ilə birlikdə, həm də daxili qənaətiniz formalaşmalıdır, deyilmi? Mənim danışmağım, özü də necə danışmağım sizdə daxili qənaət yaratmalıdır.

Hakim Əli Məmmədov:

    • İfadəyə keçin, buyurun.

Əvəz Zeynallı:

  • Mən 10 ildir danışmışam. Danışdığım üçün də burdayam. Bircə cümlə ilə keçirəm. Biz bu günlər bir seçkinin şahidi olduq. Ərdoğan deyir ki…

Prokuror Eldar Həmzəyev:

  • Möhtərəm hakim, mən etiraz edirəm. Bura siyasət meydanı deyil.

Hakim Əli Məmmədov:

  • Başqa ölkənin rəhbərinin bu cinayət işi ilə nə əlaqəsi var?

Əvəz Zeynallı:

  • Bir daha təkrar edirəm, Ərdoğan deyir ki, mən Türk xalqına xidmət edəcəyimə namusum və şərəfim üzərinə and içirəm. Onu demək istəyirəm.

Hakim Əli Məmmədov:

  • Buyurun…

Əvəz Zeynallı:

  • Bura gələnlər də bu cür yox, “namusum və şərəfimlə and içirəm” deməlidirlər. Biz bilməliyik ki, bu adamların namusu, şərəfi var, yoxsa, yox? Onu demək istəyirəm. Hər tərəfdən də üstümə hücuma keçməyin. Belə ifadə verilmir.

Hakim Əli Məmmədov:

  • Buyurun…

Əvəz Zeynallı:

  • Mən normal ifadə verməliyəm. Tələsirsinizsə, suz buyurun, deyin.

Hakim Əli Məmmədov:

  • Biz heç yana tələsmirik. Buyurun, sizi dinləyirik.

Əvəz Zeynallı:

  • Burdan sonra OCOS-un işi var, ora gedəcəksiniz, bilirəm. Orada da bir nəfər ağzına gələni danışıb. Məni ora dəvət edin, gəlim orda cavabını verim.

Zalda gülüş..

Əvəz Zeynallı:

  • Orada 3 adam var, gəlib, səhərdən axşamacan boş-boş danışırlar.

Hakim Əli Məmmədov gülərək:

  • Zeynalov, siz ifadənizi verin, başqa işlərlə də işiniz yoxdur.

Əvəz Zeynallı:

  • Möhtərəm hakim, hələ sizi çox güldürəcəyəm.

Zalda gülüş…

Əvəz Zeynallı:

  • Əslində hamı məni bilir, bilməyən də tanıyacaq, inşallah. Azərbaycanda yaşayırıq, bu ölkədən də heç yana gedəsi deyiləm. Çünki son vaxtlar eşidirəm, deyirlər ki, həbsdən çıxacaq, Avropaya gedəcək, belə edəcək, elə edəcək… Heç hara da gedən deyiləm. Mən Avropaya getmişəm də, gəlmişəm də… Əslində bu günə qədər niyə ifadə verməmişəm? Hörmətli hakim və dövlət ittihamçısı, siz də diqqətlə qulaq assanız, biləcəksiniz. Görəcəksiniz ki, istintaq idarəsi hansı işlə məşğul olub. Mən çalışacağam ki, qısa da olsa, özət edim. Bilirəm ki, üzərimə qoyulan ittihamların hamısı haqqında indi danışa bilmərəm. Çünki 11 cildlik “cinayət işi” var ortada, 100-ə yaxın insan dindirilib, onlardan 38-39-u şahiddir, digərləri şahid qismində tanınmayıb. Onlar niyə dindirilib, nə üçün dindirilib, ifadələr hansı əsaslarla alınıb, o haqda da vaxtında, zamanında danışacağıq. Bu işdə 5 epizod var. Dövlət ittihamçısının fikrincə, o ittiham aktını nə cür və necə tərtib ediblər, o haqda da danışacağam. Amma ittihamda olan 5 epizod bizim işdə olduğu kimi göstərilməyib. Əslində bizim işimiz Rasim Məmmədovun epizodu ilə başlayıb. Əsas birinci epizod odur. Məni Rasim Məmmədov adlı adama guya müəyyən nələrsə müqabilində kömək etmək məqsədilə müəyyən öhdəliklər götürdüyüm üçün tutublar. Əslində cinayət işinin adı odur. Birinci epizod Rasim Məmmədovla bağlıdır. O iş adamıdır, Allah qapısını açsın, o da həbsdədir. Mən 2011-ci ildə də həbs olunmuşam və bu 5 epizod da həmin işə uyğunlaşdırılıb. AR CM-nin 311, 312 və əlavə olaraq da “sağ olsunlar” 178 –ci maddəni də əlavə ediblər. Eyni maddələrdir. Yəqin ”Ginnesin Rekordlar Kitab”ına da düşəcəyəm. Çünki eyni maddələrlə 10 ildən bir tutulmaq da olmaz, axı. 9 il müstəqil mətbuatda fəaliyyət göstərmişəm, 9 il azadlıqdan məhrum edilməyim istənilib, 8 il hökm oxunub, 3 il 2 aydan da sonra buraxıblar. Ondan sonra 9 il azadlıqda qalmışam, yenə tutublar, yenə eyni maddələri üzərimə qoyublar. Çox qəribə bir şeydir. Bir insanın taleyilə belə oynamaq olmaz və belə olmamalıdır. Bu 5 epizodun birincisi budur. Əvvəlki epizoddan fərqli olaraq, 2011-2012-ci illərdə üzümə qoyulan adamlar yalan-yanlış, olub-olmayan, kim olsalar da tanıdığım adamlar idilər. Yəni onları yaxşı-pis tanımışam. Ramiz Mehdiyevin siyasi sifarişilə təhdid etdilər, üzümə qoydular, bununla da tutdular. Onda tanıdığım adamlar var idi. Allah “rəhmət” eləsin, indi çoxu ölüb. Onu demək istəyirəm ki, gözəl prokuror, möhtərəm prokuror, mənim tanımadığım, heç bir zaman ünsiyyətdə olmadığım adamları üzümə qoymağa çalışıblar. Ümumiyyətlə görmədiyim, ümumiyyətlə tanımadığım adamlardan mənə qarşı ifadə alıblar. İstintaq indi adını xatırlamadığım bir nağılda olduğu kimi, “xəlbirlə su daşıyıb”.

Zaldan – “Cırtdanın nağılı”

Əvəz Zeynallı:

  • Allah Cırtdanın da keçənlərinə rəhmət eləsin.

Zalda gülüş…

Əvəz Zeynallı:

  • Bizim Baş Prokurorluğun İstintaq İdarəsi 7 ay xəlbirlə su daşıyıb. Xəlbirlə su daşınarmı? Xəlbirlə su daşınmaz. Burada mən qısaca epizodlardan danışacağam. Amma burada məhkəmənin gedişində – hər 1 aydan bir məhkəmə olmasa, inşallah – bir-bir, epizod-epizod, adam-adam sizin gözləriniz qarşısında sübut edəcəyəm ki, məsələ əslində necə olub. Rasim Məmmədov işilə bağlı mənim heç nədən xəbərim olmayıb. Rasim Məmmədov epizodu ilə bağlı bir vəkil Elçin Sadıqovun adı hallanır. Allah onun da qapısını açsın. Elçin Sadıqov bir neçə dəfə zəng edib, deyib ki, önəmli bir məsələ ilə bağlı söhbət eləmək istəyir. Gəlib, söhbət eləmişik. Bir neçə dəfədən sonra da görüşmək istəyib. Demişəm ki, vaxtım yoxdur. Gerçəkdən də vaxtım yox idi, amma yenə də əl çəkməyib, gəlib, görüşmüşük. Elçin Sadıqovun verdiyi ifadələr başdan-ayağa ziddiyyətlidir. Hər cümləsi ziddiyyətlidir. Gedişatda sübut eləyəcəyəm. Elçin Sadıqov bizim görüşdüyümüz yerləri də doğru deməyib. Mən bu ifadələrlə fevral (2023) ayında tanış olmuşam. Fevrala qədər də təbii ki, mənim heç nədən xəbərim olmayıb. Üz-üzə gəlsəydik, soruşardım ki, niyə görüşdüyümüz yeri düzgün deməyib. Niyə görüşdüyümüz yeri düzgün deməyib, Elçin Sadıqov? İnşallah, bura gələr, onu da sual-cavabda mən ortaya qoyacağam. Elçin Sadıqov bir neçə dəfə mənə zəng edib, cəmi bir dəfə görüşmüşəm. Mənim 15 ildir vəkilimdir, ailəvi münasibətlərimiz var. Dost olmuşuq. Onu Azərbaycanın ən yaxşı vəkili kimi tanıtmışam. Çox namuslu adam kimi tanımışam, təəssüf ki… Biz söhbət eləmişik həmin gün. Təxminən 11-12 radələrində… Səhər qəhvəaltısı kimi bir şey… Məndən xahiş edib. O mənim həmin vaxt da vəkilim olub, Elçin son günlərə qədər mənim vəkilim olub. Fevralın 8-də mən onun istintaqa verdiyi ifadələrlə tanış olduqdan sonra, onun vəkilliyindən imtina etmişəm ki, “qardaş, belə şey olarmı?” Nə isə, görünür, olurmuş… Düşündüm ki, bu adam artıq mənim vəkilim ola bilməz. Eyni zamanda mən həbsxanada olanda mənə vəkillərimlə sənədlər göndərirdi ki, bu sənədlərə imza atsın, Avropa məhkəməsində işlərimiz var, o yenə də həmin işləri davam etdirsin. Və həmin müddətdə də Elçin Sadıqov mənim vəkilim olub. Nə isə. O görüş zamanı mənə dedi ki, “mən həm sənin vəkilin olmuşam, indi də Rasim Məmmədovun vəkiliyəm. Ona görə də Rasim Məmmədovla bağlı səndən bir xahişim var”. Həmin vaxtlarda mən Rasim Məmmədovu sərt tənqid edirdim. Niyə tənqid edirdim? Çünki Rasim Məmmədov Ramiz Mehdiyev qruplaşmasının başında ölkənin metallurgiya sənayesini dağıdıb. Əl-ələ verdilər, dağıtdılar. Yoxdur, artıq metallurgiya sənayesi yoxdur. Onun xahişini məndən çox adam etmişdi, amma Elçin Sadıqov mənim vəkilim və dostum olub, dedi ki, “mənim xatirimə Rasim Məmmədov haqqındakı tənqidlərini bir az xəfiflədə, yumşalda bilərsənmi?”  Dedim, “vallah, Ramiz Mehdiyev məsələsi mənim üçün prinsipial məsələdir, bu da prinsipial məsələdir”. Zamanımız çox qısa idi, vaxtımız da yox idi. Möhtərəm hakimlər, mən bilmirəm siz bu işlə necə tanışsınız, məhkəmə prosesi zamanı da bunu görəcəyik. Mən həmin günlərdə dəfələrlə efirdən hər kəsə müraciətlər edirdim. Məsələn, Cəlilabad Mərkəzi Klinik Xəstəxanasının baş həkimi Elnur Azadxanov mənə zəng eləmişdi, o zaman da efirdən dedim ki, mənə heç kəs hansısa məsələdən ötrü zəng eləməsin. Ortada problem varsa, gedin həll edin. Efirdən dedim ki, “mənə bir sözünüz varsa, yalnız yazılı şəkildə müraciət edin, mən sizin cavab haqqınızı verəcəyəm”. Ona görə də vəkilim olsa belə, ən yaxın insan olsa belə kənarda görüşməmişəm. Redaksiyaya gəliblər, yazılı müraciət ediblər. Elçin Sadıqov isə vəkilim, dostum və ailə münasibətlərimiz olan adam olub. Gediş-gəlişimiz olub. Elçinə inanmamaq demək, özümə inanmamaq demək idi. İllərlə inandım. Vəssalam. Sentyabrın (2022) 7-də axşam mənə bir link atdı. Haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin Facebook statusunu onda gördüm. Gördüm ki, E.Fətullayev mənim səsyazımı paylaşıb. O səs yazısı ilə də hadisələr başladı. Xeyli düşündüm. Onda öyrəndim ki, mən sən demə 20 min manat istəmişəm. Niyə 20 min manat? Mən dəlimi olmuşam? 10, 15, 20, 25 və s. O qədər rəqəm var ki… Nə üçün 20 min? Bilmədim bu 20 mini necə istəmişəm. Sentyabrın 7-də bunu hakimiyyətin bütün mediası yaydı və bütün mətbuat bunun üzərinə odaqlandı. Bütün bunlara ümumiyyətlə heç bir əhəmiyyət vermədim. Axşam canlı yayına çıxa bilərdim. Amma çıxmadım. Çox rahat idim. Səhər durdum, baxdım və saat 10:00-da canlı yayıma çıxmaq qərarına gəldim. Mən efirdən Eynulla Fətullayevə cavab verdim. O video yenə də YouTube kanalımızda var: “Şərin Eynullası…” başlığı ilə. 1 saat 42 dəqiqəlik videodur, yanılmıramsa… Əlimdə olsa, vaxtını sizə daha dəqiq deyərəm. Həmin müddət ərzində bütün bu iddialara cavab verdim. Dərhal ondan sonra saat 12:00-da Laf TV youtube kanalında hörmətli Ləman Ələşrəfqızının efirində oldum. Siz, məncə, o verilişlərin hamısına baxmalısınız. İstintaq bunların heç birinə baxmayıb. İstintaq məni buna görə həbs edib, ancaq onların heç birinə baxmayıb. İstintaq materiallarının 11 cildində bu haqda heç nə yoxdur. Axırda dedim ki, “a kişi, mən Eynulla Fətullayevə cavab vermişəm…” Gedib, axtarıb 18 dəqiqəlik yarım-yapalaq bir video tapıblar. O materialı da bizim uşaqlar 1 saat 42 dəqiqəlik videodan bir fraqment kəsib veriblər. Onu da cinayət işinə əlavə ediblər.  Beləliklə, o hadisədən sonra məlum oldu ki, Baş Prokurorluq cinayət işinə başlayıb, haqqımda cinayət işi açıb. Elçin Sadıqov mənə zəng elədi. Çünki axşam mən dedim ki, “gəl, sabah Xural TV-nin canlı yayınına çıx, məsələyə də açıqlama ver.” Efirdən də dedim ki, “Elçin Sadıqov saat 3-də bizim efirimizdə olacaq”. Bütün bunlar da efirdə var. Elçin Sadıqov mənə zəng vurdu ki, prokurorluq bunların üstünə düşüb və Rasim Məmmədovun evinə gəlib, həyat yoldaşına deyiblər ki, “siz Əvəz Zeynallıya pul vermisiniz..” Rasim Məmmədovun həyat yoldaşı Mehriban Nəcəfova da onları evdən qovub. Mənə çatan məlumata görə, o deyib ki, “mən heç kimə pul verməmişəm, başımızı da belə şeylərlə qatmayın”. Bütün bunları nə üçün indi deyirəm. Çünki mən bütün bunları həbsimdən əvvəl sentyabrın 8-də, saat 10:00-da Xural TV-nin canlı yayımında danışmışam. Vəssalam. Beləcə də davam edib. Elçin Sadıqov sentyabrın 7-də “Günün səsi” saytına müsahibə verib ki, “Əvəz Zeynallıya nə onun özü, nə də Rasim Məmmədovun ailəsi heç bir pul verməyib”.  (https://www.gununsesi.info/elcin-sadiqov-jurnalist-%C9%99v%C9%99z-zeynalli-rasim-m%C9%99mm%C9%99dovun-ail%C9%99sind%C9%99n-pul-almayib/)

Səhər mən Elçini canlı yayında gözləyərkən, mənə zəng vurub dedi ki, məni prokurorluqda çox saxladılar. Mən çıxıb, ikinci açıqlamanı da verəcəyəm. Səhər saat 12:00-da Elçin Sadıqov ikinci açıqlamanı verdi: “Əvəz Zeynallıya nə mən, nə də Rasim Məmmədovun ailəsi heç bir pul verməyib”. İki açıqlama verib:

  • Mən gecə onunla 20 adamın iştirakı ilə danışmışam. Onların heç birini bura şahid kimi çağırmaq istəmirəm, çünki onlar mənim ailəmdir. Onda danışdıq və səhər danışdıq. Elçin də iki dəfə bəyanat verdi. Tamam. Sentyabrın 9-u sakitliklə keçdi. Səs yazısı var, olsun. O səs yazısında mənim kimdənsə məhz pul almağımla bağlı hansısa məqam varmı? Sentyabrın 10-da biz uşaqlarla oturub, çay içib, yemək yeyəndə, hörmətli ağ paltarlı məlaikələr başımıza toplaşdılar. Ağ xalatlı, ağ köynəkli müstəntiqlər… Mənə dərhal order təqdim etdilər. Çox nazik və nəzakətli şəkildə məni axtarışa dəvət etdilər. Nə baş Prokurorluğun, nə də DTX əməkdaşlarının mənə qarşı münasibətlərində zərrə qədər kobudluq görməmişəm. Təbii ki, sinir savaşı olub, əllərindən gələni eləyiblər, biz də müdafiəyə çalışmışıq, amma çox yumuşaq şəkildə redaksiyaya getmişik. Axtarış başlayıb. Məni dərhal, saat 19:00-da şahid qismində Baş Prokurorluğa dəvət ediblər. Vəssalam. Əvvəlcə dedilər ki, “Əvəz müəllim, narahat olmayın!” 2011-ci ildə də mənə bunu demişdilər. Dedim ki, “mən kimlərin sifarişilə tutulduğumu bilirəm, siz narahat olmayın”. Bilirdim ki, hələ bir müddət məni həbsdə saxlayacaqlar. Saat 20:00-da müstəntiq dedi ki, “görək haqqınızda hansı tədbir qərarı gələcək”. İttihamı mənə uzatdılar, baxdım ki, qatı cinayətkarlar haqqında hazırlanmış bir ittihamdır. Dedim ki, “siz müstəntiq deyilsiniz? Bu hazır ittihamı hardan almısınız?” Müstəntiq tutuldu. Nəsə… Məni Binəqədi rayon məhkəməsinə gətirdilər, gecə saat 4-də haqqımda həbsqətimkan tədbiri görüldü. 6 saat məni buradan-ora apardılar. Məni həbs eləmək o qədər də asan məsələ deyildi. Məni həbs etmək üçün ölkənin birinci şəxsinin razılığı lazımdır. Yeri gəldikcə mən bu məhkəmədə bir-bir onların hansı saxtalıqlara əl atdıqlarını sübut edəcəyəm. Mən heç bir an da Baş Prokurorluğun İstintaqına inanmamışam. Heç bir zaman da inanmadım. Yuxuda belə şeylər görünməz. Mən o qədər rahat olmuşam ki, hansı cinayəti etmişəm ki, narahat da olam. Fikirləşmişəm ki, necə və hansı sübutlarla məni həbs edə bilərlər? İnanın. Allah heç kimin başına gətirməsin. Yəni yuxu kimi… Uzaqbaşı bu işdə bir adam redaksiyaya gələ bilər, deyə bilər ki,  “Əvəz müəllim, belə demisiniz…”, Mən də deyərəm ki, “səhv demişəmmi?…” Məni çağırarlar, ifadəmi alıb, buraxarlar. Amma yoooox… Kinolarda-zadda göstərirlər ki, kiməsə tələ qururlar, itələyə-itələyə ora salırlar. Sonra da çaqqal-quzğun üstünə daraşır.. Mənim o tələyə nə əlim, nə də ayağım dəymədi. Allah, məni necə götürdülərsə, mən indi-indi bilirəm ki, nələr baş verib. Ona görə də deyəcək sözüm yoxdur. Rasim Məmmədovu şəxsən tanımıram, həyat yoldaşı Mehriban Nəcəfovanı tanımıram. Onun istintaq materiallarında səhv etmirəmsə, Aydın Sadıxov deyilən bir xalasıoğlu var, əsla tanımıram. Deyəsən bir də sürücüləri var – Elnur Baxşəliyev, onu da heç tanımıram. Görməmişəm, eşitməmişəm, bilmirəm. Heç bir halda heç kəsi təhdid etməmişəm. Onlar haqqında bir misra da olsun, yazı verməmişəm. İstintaq materialları xural.com-dan götürüb. Xural.com-da gedən yazıları 20 səhifəlik istintaq materiallarına əlavə ediblər. Tək bir yazı mənə və Xural-a aid deyil. Əvəz Zeynallı bu məsələ ilə bağlı tək bir yazı yazmayıb. Rasim Məmmədovun özü qalmaqallı adamdır, həbsi də qalmaqallı oldu. Onunla bağlı digər saytlar yazılar dərc ediblər, xural.com-da da biz həmin yazıları – bir çox xəbərlər kimi, xəbər şəklində kopyalayıb, yerləşdirmişik. KİV haqqında qanuna görə, həmin saytlara istinad edərək vermişik. Vəssalam, şüttamam. O işdə əsas şahid Eynulla Fətullayevdir. Allah qoysa, özü də bura gələr. Məni Eynulla Fətullayevin bir Facebook statusu ilə tutublar. Onun da açıqlaması var. Bu məsələdə Eynulla Fətullayev ilə görüşməmişik, münasibətimiz olmayıb. Eynulla Fətullayev təcrübəli jurnalistdir. Belə bir şey olduğunu bilirdisə, məsələni Elçinlə yox, mənə zəng vurub, aydınlaşdırmalı idi. Bu məsələdə ziddiyyətlər o qədər çoxdur ki… Sizin iştirakınızla bu prosesdə, hər şeyi bir-bir deyəcəyəm. Əminəm ki, Eynulla Fətullayev burada deyəcək ki, “Elçin mənə bunu dedi, Elçin mənə onu dedi”. Haqqın.az-ın əməkdaşı olan bir nəfər də bu məsələyə şahid qismində cəlb edilib, səhv etmirəmsə, adı Tamilladır. O da deyib, məlumatlı deyiləm, heç nə bilmirəm. Yəni bu epizodda mənim tanıdığım yeganə adam Elçin Sadıqovdur. Məhkəmə ona da diqqət etsin ki, Elçin Sadıqov niyə azadlıqda olanda bir açıqlama verib, deyib ki, “nə mən, nə Rasim Məmmədovun ailəsi Əvəz Zeynallıya pul verməmişik. Bu məsələ yalandır və s.” Və həbs olunub, Baş Prokurorluqda üzərinə gələndən sonra da ifadə verib ki, “Əvəz Zeynallı məndən pul istədi”. İkinci, mənim həbsimdə cinayət tərkibi yaratmaq üçün atılan addımdır. Bura gələndə mən də onu sorğu-sual edəcəyəm. İstintaq materialları sübut edir ki, əgər pul alınıbsa, Elçin Sadıqov alıb. Əgər pul qaytarılıbsa, Elçin Sadıqov qaytarıb. 20 min ifadəsini də mən işlətməmişəm. İstintaq materiallarında bu da sübut olunub. Bu birinci epizod. Bu məsələdə çox məqamlar var, özləri bura gəlsinlər, sizin qarşınızda onlar haqda sual-cavab edəcəyəm. Tanımadığım adamları çağırıblar. Mənsə bir Elçin Sadıqovu tanıyıram.

Hakim Əli Məmmədov:

  • İkinci epizod Şahbaz Quliyevlə bağlıdır.

Əvəz Zeynallı:

  • İkinci epizod Şahbaz Quliyevlə bağlı deyil.

Prokuror Eldar Həmzəyev:

  • Onunla bağlıdır.

Əvəz Zeynallı:

  • İşin gedişini mən sizdən yaxşı bilirəm. Ardıcıllığı da sizdən yaxşı bilirəm. Möhtərəm prokuror, təqsirləndirilən şəxs kimi ikimiz də həbs olunmuşuq və Elçin Sadıqov birdən-birə necə oldu ki şahid oldu? Necə olur bu? Necə olur ki, təqsirləndirilən şəxs birdən-birə şahid olur? Onu da bu məhkəmədə araşdıracağıq. Necə olur ki, bu adam həm mənim, həm də Rasim Məmmədovun vəkili olduğu halda, birdən-birə Mehriban Nəcəfovanın şahidinə çevrilib. Bu adam təqsirləndirilən şəxs qismində həbs olunur, 24 saat DTX-nın zindanında qalandan sonra, Baş prokurorun müavini Elçin Məmmədovun hədə-qorxularından hönkürtü ilə ağlayandan, istintaqın tələblərini yerinə yetirəndən sonra olur Mehriban Nəcəfovanın şahidi? Mən kimi təhdid etmişəm? Tanımadığım adamları mən necə təhdid edə bilərdim? Bu haqda biz bu məhkəmə prosesində danışacağıq. İkinci epizod Elnur Şükürovla bağlıdır. Elnur Şükürovla biz 2021-ci il seçkilərindən tanışıq. Həmkarıq, Cəlilabaddan namizədliyini vermişdi. Cavan oğlandır, gəldi bizdə də 1-2 dəfə çıxış elədi. Mən Elnuru hər zaman dəyərləndirmişəm. Bu gün də dəyərləndirirəm ki, bu ağır günlərin sınağından çıxır. O zaman mənə dedi ki, Cəlilabadın problemlərilə bağlı Xural TV YouTube kanalımızda çıxış etmək istəyir. Mən də hər zaman canlı yayımlarımızda rayon sakinlərinə müraciət etmişəm ki, “Ay hər rayondan deputatlığa namizədliyini verən cavanlar, Elnur Şükürov kimi ictimai nəzarəti aparın və burada problemləri işıqlandıraq ki, həll olunsun”.  Bu kontekstdə də Elnurla tanış olmuşuq. Mən həbs olunanda Elnur mənim yanımda idi, yemək yediyimiz zaman həbs olunmuşam. Açığı da mən Elnura çox güvənmişəm, həbs olunanda dedim ki, “Məni tuturlar. Amma sən azadlıqdasan…” Mən həbs olunandan sonra hər cür dəstək verib – Laf TV-də, digər mətbu portallarda danışıb. Onunla birgə dəstək verən bütün dostlara buradan təşəkkür edirəm. Hamıya təşəkkür edirəm. Adam təzə tutulanda urvatlı olur. Həmin gün də Baş prokurorluğun, Binəqədi məhkəməsinin qarşısına yüzlərlə insan yığılır. Bir müddət sonra da 20-30 nəfər mənə doğma insan qalar. Amma halbuki mən canlı yayımda çıxış edib, deyəndə ki, bunların məqsədi şər-böhtanla məni həbs etməkdir, aləm bir-birinə dəymişdi ki, “Əvəz müəllim, elan elə bayrağı qaldıraq!” Nəynən Alış?

Zalda gülüş…   

Əvəz Zeynallı:

  • Mənim müdafiə etdiyim, uğrunda vuruşduğum, bu başı yolunda qoyduğum çox yox, hər ailədən bircə adam bura gəlsə, məhkəmə mühasirəyə alınar. Heç kimdən şikayət etmirəm. Allah hər kəsdən razı olsun. Azərbaycan laqeyidsizlikdən elə oğullar itirib ki… Belə… Şükürov həmin gecə çox aktivlik edir, çox canfəşanlıq edir ki, “ay amandı Əvəz Zeynallını, müstəqil sözü, azad mətbuatı susdururlar”. Məndən 2 gün sonra da Elnuru həbs elədilər. Eynulla Fətullayev onun haqqında da bir status yazıb. Elnur həddindən artıq canfəşanlıq edib, həbsimə etiraz əlaməti olaraq, ora yığılan insanlar bir fləşmob edib, Azərbaycan himnini oxuyublar. Çox hörmətli Eynulla Fətullayev görəndə ki, Elnur mənə dəstək verir, bir status yazır: “Orda himn oxuyan jurnalistlərdən biri də sabah həbs olunacaq!” Səhəri gün Elnur Şükürovu həbs edirlər. Olsun, əcəb edirlər. Bizim ölkədə nə də olmasa, həbs eləmək azadlığı, özgürlüyü var. Sabah bizi nəfəs alanda da tutacaqlar ki, niyə bizdən icazə almadan nəfəs aldınız. O nə deməkdir, Əvəz Zeynallı nə üçün icra başçılarına müraciət edib? 80 icra başçısı var, 80-nə də jurnalist kimi müraciət etmək hüququm var. Hər kəs üçün müraciət etmişəm. Redaksiyaya gəlib, mənə ümid, pənah gətirən hər kəs üçün müraciət etmişəm. Möhtərəm hakim, Elnur Şükürovu həbs edəndən sonra proses dəyişib. Mənim iki dostumu mənimlə birgə tutublar. İkisinin də qarşısına seçim qoyublar ki, “ya Əvəz Zeynallı, ya da siz də həbs olunacaqsınız!” Əvəz Zeynallı nə üçün həbs olunmalı idi, onu da deyəcəyəm. Prosesin gedişində bir-bir açıqlama verəcəyəm ki, sizdə həmin o daxili qənaəti formalaşdırım. Elçin Sadıqova deyən kimi, onun üzü, hər yeri yumuşaqdır, dərhal onların dediklərilə razılaşır, Elnur Şükürov razılaşmır. Mən bu söhbəti DTX-da olarkən eşitdim ki, Elnur Şükürova təzyiq olunub. Açığı, Elçindən sonra mən Elnurdan da əlimi üzmüşdüm. Bilirsinizmi, Baş Prokurorluğun istintaq idarəsinin əməkdaşları prokurorluğa çağırdıqları adamlara nə deyiblər, Eldar müəllim? Deyiblər ki, “bu günə qədər elə bir şey olmayıb ki, biz bura kimlərisə çağıraq və bizim istədiyimiz istiqamətdə ifadə verməkdən imtina etsin. Elə bir adam olmayıb”. Mən də bunu görmüşəm. 2011-ci ildə dağdan ağır kişilərin, şər-böhtanla üzümə dayandığını görmüşəm. Elnura gəlincə, o haqda özü də danışır. Mən də danışacağam. Mən DTX-da saxlanılarkən təcridxananın rəisi Mehman Əhmədovla da görüşmüşəm. Mən yaxşı bilirəm ki, DTX-da quş quşluğu ilə uça bilməz, necə olur ki, ora gəlib, Elnura hədə-qorxu ilə təsir etməyə çalışırlar? Ah, deməli bir əl var. O əl kimdir? Kimin əlidir? Bunu möhtərəm hakimlər, dövlət ittihamçısı araşdırmalıdır. Müəyyən yerlərə sorğu göndərməlidirlər ki, o adam DTX-ya hansı yolla gəlib, çıxıb? Mələk qismində şeytan deyil ki, birdən-birə peyda ola, onu da heç kim görməyə. O adam kimdir, nə vaxt gəlib və Elnura orada etdiyi açıq hədə-qorxunun altında nə dayanır? Nə üçün bu adamlara Elnur Şükürovun mənim əleyhimə ifadə verməsi bu qədər vacib əhəmiyyət daşıyıb? Müstəntiq Teymur Qarayevin oynamadığı oyun qalmayıb. Sabiq baş prokuror, səfir Eldar Həsənovun da müstəntiqi o olub. Axırda Eldar Həsənov dayana bilmədi, dedi ki, “mən nə günah işlətmişəm ki, bu adamı mənə müstəntiq təyin etmisiniz?”  Teymur Qarayev ingiliscə bilir, yarlı-yaraşıqlı cavan bir oğlandır. Amma bu iş onluq deyil. İstintaq materiallarında elə bir ovqat yaradıb ki, dilə almaq çətindir. İstintaq materialları ilə əvvəldən tanış olmamışdım, bilmirdim ki, onun içində nə var, nə yox. İstintaq başa çatandan sonra oxudum, dəhşətə gəldim. Mən fevralın 10-da bilmişəm ki, Elnur mənim əleyhimə ifadə verməyib. Həbs olunandan sonra ilk dəfə burada görüşmüşəm. Onda bilmişəm ki, təfərrüat nədir. Bilmişəm ki, Kərəm Həsənov öz adamını göndərib, onu təhdid edib. Mənim işimdə məmurlar çoxdur, möhtərəm hakim. Bu iş Azərbaycan mediasının tarixində yeganə işdir ki, məni Azərbaycanın birinci şəxsi yox, məmurlar korpusu tutdurub. Prezidentin iradəsinə qarşı birləşiblər. Dediklərimin hamısını bir-bir burada sübut edəcəyəm. Prezidentin müşaviri Kərəm Həsənov bu işin içində nə üçün var? Bunu məhkəmənin gedişində açıqlayacağam. Kərəm Həsənovun adamı Elnura deyib ki, “Əvəz Zeynallı Qərbi Azərbaycandandır, onu müdafiə etmək olmaz.” Sən, Kərəm Həsənov, qərbi azərbaycanlılarla birləşib, ölkəni dağıtmırsan? Hə? Sağın qərbi azərbaycanlı. Solun qərbi azərbaycanlı. O qudan qərbi azərbaycanlı, bu qudan qərbi Azərbaycanlı…. O zaman nə məsələdir bu? “Elnur, biz cəlilabadlıyıq, sən o qərbi azərbaycanlını müdafiə etmə!” Ay Kərəm Həsənov bu qədər qərbi azərbaycanlılara nifrətin varsa, özünü keç, niyə quda olurdun? Heç nədən narahat olmayın, möhtərəm hakimlər, dövlət ittihamçısı. Yeri gəldikcə, bunlara da aydınlıq gətirmək lazım olacaq. Mən elə belə danışdım deyə, məni tutub, bura saldılar. Elnur Şükürovda 3 epizod var. Onunla səs yazılarım var. Yazışmışıq. Müəyyən problemləri həll etməyə çalışmışıq. Adam ifadəsində israrla deyir ki, “mən Əvəz Zeynallının tapşırığı ilə işləməmişəm. Məndən heç kim pul istəməyib, mən Əvəz Zeynallıya pul verməmişəm”, deyirlər yox eee… Bir məşhur deyim var: “Sən nə çalırsan çal, mən heyvagülü oynayacağam”. Ortada fakt var ki, Teymur adında bir adama Nəzakət adında bir adam pul verib. O da pulu alıb gedib, yoxa çıxıb. Buna görə mənə zəng vurmuşdu Elnur, pis çıxmasın, zəhləmi tökmüşdü. Həmin o səs yazılarının içində var, onu niyə demirsiniz ki, dedim ki, “Elnur, sən məni öldürdün!..” Təbii ki, biz hamının işinə yarımağa çalışmışıq. Şikayətçinin məsələsini qaldırmışıq. İcra başçısı niyə məndən qorxmalıdır? Çağırın bura gəlsinlər. Bəziləri də mənim dostlarımdır. Mən onlara burada hər şeyi sübut edəcəyəm. Niyə icra başçısı məndən qorxmalıdır ki? İcra başçısı Azərbaycan Respublikasının qanunlarından qorxmalıdır. Ona bu səlahiyyəti verən Prezidentdən qorxmalıdır. Azərbaycan Konstitusiyasına müvafiq olaraq, xalqa xidmət eləməlidir. Məndən qorxan icra başçısı getsin, özünü assın. Məndən niyə qorxur? Xəstəsən, dəlisən? Xahiş eləmişəm, eləyirsən elə, eləmirsən cəhənnəmə elə, gora elə. Elnur Şükürovun işini niyə “ərəb saçına” çevirib, çətinləşdiriblər? İndi də hörmətli prokuror yeri gəldi, gəlmədi replika atır ki, “yox, bunu da Əvəz Zeynallı deyib, onu da Əvəz Zeynallı deyib”. Elnur Şükürovu ehtimal edərək, muxtəmələn mənim üzümə dursun deyə həbs edib, hazırlamaq istəyiblər. Bu cinayət işini onun üzərində qurmağa çalışıblar. Alınmayıb. Pulu alan qaçıb gedib. Veriblər axtarışa, adamı tapa bilmirlər. Ortada pul da yoxdur, Elnurun da heç nədən xəbəri yoxdur, yenə də yapışdırmaq istəyirlər Əvəz Zeynallıya. Yox eee, Əvəz Zeynallı filan işi görüb. Pulu alan Teymur da yoxdur ortada, heç onu axtarmaq istəyi də yoxdur. Mersedeslə dovşan tutan istintaq Teymuru tapa bilmir. Niyə? Niyə tapa bilmirsiniz? Xeyir ola. Siz Surət Hüseynovu Tuladan kravatının yanından tutub, gətirmədiniz? Tapın da… O Teymuru da tapın, bura gətirin. 10 aydır guya tapmırlar. Niyə tapmırlar, bilirsiniz? Onun altından mənim adım çıxmayacaq axı… Dəqiqəbaşı prokuror, xural.com deyir. Yeri gəldi-gəlmədi. Siz hüquq təhsili alıbsınız da… Mən də almışam. Yetim qalsın, Ankara Dövlət Universitetinin hüquq fakultəsini bitirmişəm. Əlim bala batıb… Bir insan bir ifadədə 30 yerdə deyə bilər ki,  www.xural.com? Guya Xural desəniz, Əvəz Zeynallı desəniz, nəsə dəyişəcək? Demək istədiyim odur ki, istintaq ona görə ortaya yaramaz iş qoyub ki, xəlbirlə su daşıyıb. Xəlbirdə də su qalmayıb. Bu ehtimalların üstündə niyə çox durmuram. Çünki bu adamların heç birini tanımıram. Heç birini görməmişəm.

Hakim Əli Məmmədov:

  • Elə də qeyd edin.

Əvəz Zeynallı:

  • O adamların heç biri ilə salam, sabahım yoxdur. O günü Ruslan adlı şahid qismində çağırılan adamı burada gördüm. O da dedi ki, “mən Əvəz Zeynallını şəxsən tanımıram”. Çox da bəyəndim cəsarətini, kaş ki, əvvəldən onu tanıyaydım. Bir məsələni yenə qaldırmaq istəyirəm. Dəfələrlə vəkillərim də bununla bağlı vəsatət veriblər, lakin rədd edilib, heç bir əsas olmadan. Gözlərim zəifləyib. Bu ölkə inkişaf edib, trilyonla pulunuz var. Pulunuz merət qalsın. Bir trilyon kapitalı olan ölkədə Əvəz Zeynallı kor olmalı deyil, axı. 50 dənə təzə-təzə “voronok”larınız var. Bu xarabanın birinə məni oturdun, yarım saata gedim xaraba həkimin yanına, baxsın müayinə eləsin, qərar versin, vaxt təyin eləsin, 10 dəqiqəyə əməliyyat eləsin, bir həftəyə bunu qurtaraq da. Bu qədər inad edilməlidir? Mütləq dazbaş, qırmızıbaş, ağbaş, qarabaş məmurlar sizə deməlidirlər ki, qoymayın, kor edin? 300 gündür məni övladlarımla görüşdürmədiniz! 150 gün ailəmin səsini eşitmədim. 150 gün anam olduğunu unutdum mən. 66 gün təkadamlıq kamerada qaldım. Gördüm ki, dəli olacağam. Allah heç bir dəyərli insana elə gün göstərməsin. Gözün zəifləməsi adamı daraldır. Qardaş, buraxın gedim, gözümü əməliyyat etdirim də… Lap buraxmayın. Aparıb, gözümün müayinəsini təşkil etmək bu dövlət üçün nə çətin işdir ki… Bu gün də şəkərim var. Hamısı da həbs olunmamışdan çox az müddətdə ortaya çıxdı. Elə bil, həbsə hazırlaşırdım. Həkim dərman yazdı. Şəkər aparatı aldırdılar. İndi də heç işlədə bilmirəm. Hər yerimdə problem var. Matağ elədilər məni. Tutuldum. İndi də qalmışam belə. A kişi, mənim problemlərim var. BİT deyir ki, o imkanlarımız yoxdur. Niyə yoxdur? 8 korpusda 5 min dustağı mələdirsiniz. Niyə bu imkanlarınız yoxdur? Hamıdan soruşuram. Avropada biz hörmətli dövlət deyilikmi, möhtərəm hakim? Külək enerjisi satmırıqmı? Yaşıl enerjini Avropaya göndərmirikmi? Trilyonlara pul demirikmi? Niyə mənim ölkəmdə mən müalicə ala bilməməliyəm? Əgər istəyirsiniz ki, mənim öz sözlərimi özümə qaytarasınız, “bu millət üçün ağlayan göz, kor qalar” demək istədirsinizsə, əlinizdən gələni eləyin. Mən sübut edəcəyəm ki, “bu millət üçün ağlayan göz kor qalmaz!” Kim necə anlayacaqsa, anlasın. Mən tək Elnurun yox, bütün dostların xahişlərini həll etməyə çalışmışam. Şikayətçi gəlib, onun da işini düzəltməyə çalışmışam. Ona görə adamı ittiham edərlər? Mən heç kimin işinə yaramayacağam, iddiası ilə yaşamamışam ki… Bacardığım qədər insanlara kömək etməyə çalışmışam. Xəmirim belə yoğrulub. İndi siz öz əxlaqınıza uyğun fikirləşirsinizsə ki, Əvəz Zeynallı kimlərəsə hədə-qorxu və şantaj edib, bunu da sübut etmək lazımdır. Özünü, sözünü idarə edə bilməyən adamların quru sözlərilə, mənə məhkəmə qurub eləmədiyim iş üçün mühakimə edə bilməzsiniz, axı… Mənə şikayət daxil olub, KİV haqqında qanuna görə, qarşı tərəfin də fikrini öyrənməliyəm. Öyrənmişəm, məsələ də çox zaman həllini tapıb. Adil Vəliyevlə bağlı istintaq araşdırma aparıb. Mən bir kimsəsiz qadının hüquqlarını müdafiə etməyə çalışmışam. Evi icra hakimiyyəti tərəfindən sökülüb, əvəzində ona az sahəsi olan mənzil təklif edilib. Qadın da bununla razılaşmayıb, dəfələrlə şikayət edib, biz də onu işıqlandırmışıq. Onun sayəsində Adil Vəliyevlə tanış olmuşuq, şikayətçi ilə onu görüşdürmüşəm. Görüş də istənilən nəticəni verməyib. Adil Vəliyev israrla dedi ki, “bu düzələn iş deyil”. Qardaş, qanunsuz hesab etdiklərini eləməyiblər, qanuni olanı da eləyiblər. Hər kəsdə də belədir. Elnurun işində 3 epizod var, 3-də də yoxam. Guya istintaq mənim səs yazılarımı Elnurun vatsapından tapıb: “Mən Adil Vəliyevlə danışdım, iş həll ollunacaq”. Eeee…. Baş prokurorluğun elədikləri bütün bu işlər hansı qanuna əsaslanır, hansı tövsifdir? Adam deyir ki, Əvəz Zeynallını tanımıram, ona pul verməmişəm, istintaq illah da israr edir ki, yox eee, de ki, vermişəm. Belə cinayət işi olur? Siz sifarişlərinizi yerinə yetirin, biz də bildiklərimizi edəcəyik. Möhtərəm hakim, cinayət işi 11 cilddən ibarətdir. Elçin Sadıqov Baş prokurorun müavini Elçin Məmmədovun hədə-qorxuları ilə mənə qarşı yalan ifadə verib, gedəndən sonra, ondan əl çəkdilər. Elçin Sadıqov oldu istintaqın dostu. Ərizəsində var: “İstintaqla səmimi əməkdaşlıb edib”. Nə gözəl kəlmələrimiz var bizim. İstintaqla səmimi əməkdaşlıq elədi, Əvəz Zeynallı oldu “cinayətkar”, bu da getdi. O gedəndən sonra Elçin Sadıqovun mobil telefonunu qurdalamağa başladılar. Mənim mobil telefonların yoxlanılması ilə bağlı öz fikirlərim var. Avropa İttifaqının mobil telefonlarla, şəxsi məlumatların açıqlanması ilə bağlı əmsal qərarları var. Mobil telefonlara girib, o məlumatları oğurlamaq, həmin məlumatlarla insanları şantaj eləmək artıq bütün dünya dövlətlərində istintaqın əsas işi olur. Onu buraxıram hər kəsin öz vicdanına. Elçin Sadıqovun mobil telefonu ortada yoxdur. Əvəz Zeynallının mobil telefonu isə istintaqa verilib. Yeri gəlmişkən, müstəntiq Teymur Qarayev bütün telefonlarını bağlayıb, nə vəkillərin, nə də yoldaşımın zənginə cavab vermir. Niyə, qardaş? Səni toya çağırıram? Səni qonaqlığa çağırıram? Sən kimsən ki, telefonlarını bağlayırsan? Həmin gün mənə demişdi ki, “Əvəz müəllim, sizə kişi sözü verirəm, 11 cildin 11-ni də hazırlayıb verəcəyəm, bir də sənədləri geri verəcəyəm”. Ver də mənim sənədlərimi. Xuraldan bir noutbook, bir diktofon aparıb, deyir, “Baş prokurorluğun əməkdaşları sizin diktofondan istifadə edir”.  Prokurorluğun mənim diktofonuma ehtiyacı var? Xeyir ola? Mənim maşınımı 150 gün prokurorluğun həyətində saxladılar. Niyə qardaş? Axırda dedim ki, əgər Kamran Əliyevin mənim maşınıma ehtiyacı varsa, rəsmi müraciət etsin, verim. Onsuz da bu üsullara öyrəşiblər. Məni maşınımla həbs ediblər. “Poykovoy” mətbuatlarının əlinə girəvə düşdü ki, Əvəz Zeynallı 50 minlik maşın sürür, haradandır? Sonra görəndə ki, 5 illik kreditlə götürmüşəm, susdular. Dedik, cərgəyə qoşulaq bir maşın alaq, kreditin altında qaldıq. Hər ay 750 manat ödəmək məcburiyyətindəyik. Yəni prokurorluğun əməkdaşları, prokurorluğun istintaq idarəsi tam-tamına sifariş əsasında işləyiblər. 1-2 adamı çıxmaqla… Elnurun 3 epizodu mənim tərəfimdən yoxdur. Elnurun özü də açıqlama verəcək. Elnurun bir yetim mobil telefonu ilə, Allah atası Zakir dayının, anasının ömrünü uzun eləsin, bir yetim Elnurun verəcəyi ifadəyə arxalanıb, cinayət işi açıblar. Siyasi mənada yetim deyirəm. Çünki biz həqiqətən də bu ölkədə yetimik, ona görə bizi tutublar. Amma o ildə 1 milyon, 2 milyon pul dövriyyələri olan redaktorları yoxlayın, görün nə qazanlar qaynadırlar, gözün üstə qaşın var, deyən yoxdur onlara. Bilirsiniz, reklamı necə alırlar? İcra başçılarına zəng vururlar. Onlar da tıpış-tıpış gəlib, reklam verirlər. Olsun, onun da bir gün hesabı olacaq. Yetim Elnuru həbs edib, yetim telefonunu ələ keçirəndən sonra, qarğa-quzğun kimi tökülüşürlər telefonun üstünə. Azərbaycanda 80-ə yaxın rayon var. Hamısı ilə bağlı şikayətlər daxil olub. Elə işləri həll etmişəm ki, desəm, gözləriniz yaşarar. İşimiz bu olub. Elnurla da çox adamın şikayətini həll etmişik. Görünən odur ki, biz Cəlilabad rayonunun üzərinə çox gedirdik, çünki Elnur bu rayondandır, bütün problemlərini də hamıdan yaxşı bilir. Biz ucqar kəndlərə yol, qaz çəkdirməyə nail olduq. Onda da alt niyyətimiz var idi? Rayonun sərhəd kəndləri bu problemlər ucbatından boşalır. İran üçün ovuclarında torpaq hazırlayırlar. Özümüzü öldürmüşük ki, ay amandı qoymayın, kəndlərdə gənc adamlar işsizlikdən, yolsuzluqdan, qazsızlıqdan qaçırlar. Mən indi də düşünürəm ki, istintaq idarəsi hansı meyarla məhz bu icra hakimiyyəti başçılarını istintaq materiallarına daxil ediblər? Kimə zəng elədiyimi, kimə hansı səsi göndərdiyimi bilmirəm. Bilməyim də mümkün deyil. Mənim səsimi Elnurun telefonundan oğurlayıblar. Möhtərəm hakim, sübutlar necə əldə olunmalıdır? Qanunauyğun vasitələrlə sübutlar əldə olunmalıdır. Yoxsa adamın telefonun oğurlamaqla sübut əldə etmək qanunidirsə, o zaman gərək bütün yoldan keçənlər cinayət məsuliyyətinə cəlb olunsun. Mən heç nədən imtina etmirəm. Nə də demişəm, düz demişəm. Hər hansı pulla bağlı danışığımız olubmu? Eeee, o zaman sübut dediyiniz nədir?  Cinayət Məcəlləsinin bütün ağır maddələrini açıblar, bu sudan duru adamlar. “Optovoy” maddələr toplusu yaradıblar. Heç bir maddə ilə özümü günahkar hesab etmirəm. Ümumiyyətlə, mənim burada nə işim var? Elnurun da işini ona görə ağırlaşdırıblar ki, istintaqın məcbur etdiyi sənədin heç birinə imza atmayıb. Mənə gəlincə, haqqımda iddia edilən cinayət işində heç kimi tanımıram, heç kiminlə alış-verişim olmayıb, heç Elnurun özü ilə də olmayıb. Elnur Şükürov burada Kərəm Həsənovun hədəfinə tuş gəlib. Cəlilabadı öz əsarətində saxlayan, Cəlilabadı öz şəxsi malı kimi talayan, insanlara qan udduran Kərəm Həsənovu tənqid etdiyimiz üçün bu gün prezidentin müşaviri bizdən qisas aldığını güman edir. Mən Kərəm Həsənovu təhqir eləməmişəm. Onun haqqında verdiyim 2 informasiyaya görə inciyib: Bir Lotu Quli məsələsidir. Mən bununla bağlı mediada açıqlama vermişəm. Bir məsələ olub, məndən Kərəm Həsənovun xahişini edib, mən də eləmişəm. Allah ona rəhmət eləsin. İkincisi də Kərəm Həsənovun bacısının bir falçıya 1 milyon dollar pul verməsilə bağlı olub. Bununla bağlı mənim şəxsi məlumatım olmayıb. Mediada yayılan məlumat olub və mən də mediadan götürüb, istinad edərək səsləndirmişəm. Yadıma düşmüşkən onu da diqqətinizə çatdırım. Mənim canlı yayımlarda dəfələrlə müraciətim olub, xəbərdarlıq etmişəm ki, “qulağıma səs çatıb, birdən mənim adımdan istifadə edərlər, icra hakimiyyəti başçılarına, nazirlərə, komitə rəhbərlərinə və s. Hansısa məsələ ilə bağlı xahiş edərlər, bilin ki, bu mən deyiləm, dərhal hüquq mühafizə orqanlarına, DTX-ya müraciət edin, gəlib, əlini-qolunu bağlayıb, tutub, aparsınlar”. Mən başqa cür fəaliyyətimi necə sığortalaya bilərdim? Hər sahədə dələduz var. Mənim topum yox, topxanam yox. İş qanunidirsə, bütün məmurların borcudur ki, vətəndaşa xidmət eləsin. Qanuni deyilsə, müvafiq tədbirlərini görsünlər. Burada mənlik nə var? İşləməyək? Əgər kimsə bunu edibsə, kimliyindən asılı olmayaraq, hətta vəkilim belə pul alıbsa, sonra da faş olanda qorxub qaytarıbsa, burada Əvəz Zeynallılıq nə var ki? İllah da adamları qorxutmalısınız ki, deyin ki, Əvəz Zeynallı kimdənsə pul istəyib? İstəməyib, Əvəz Zeynallı! Vallah istəməyib. Məni tanıyan tanıyır. Mən tamam başqa bir dünyanın adamıyam. Mən milli ideologiya uğrunda çalışan adamam. Mən maddiyyata bağlı adam deyiləm, mən bu dünyanın adamı deyiləm. Mənim yetərincə savadım çatır ki, ailəmi dolandırım. Vəssalam. Nə qədər qısa danışmağa çalışsam da alınmır. 30 ilin vəkilidir Elçin Sadıqov. Guya mən ona barmaqlarımla 2 göstərmişəm. Utanmır, ağ yalan danışır. Gələcək bura. Bu, kişi sözüdür. 20 min manat məsələsi belə ortaya çıxıb. Sən demə mən barmağımla 2 göstərmişəm, bu da 20 min başa düşüb, əvəzimdən adamlardan 20 min alıb. Barmağımı niyə oynadıram, dilim yoxdur ki? 20 minin harası külli miqdarda sayılır, eyyy Elçin Sadıqov? Sən falçısan? Falla rüşvət alıb, daşıyırsan? Bəlkə mən elə 200 milyon demişəm. Sən haradan o qərara gəlmisən ki, 20 min almalısan. Alan sən, qaytaran sən. Azadlıqda olan sən, həbsdə saxlanılan da mən. Daha nə deyim? Hardan belə qərar gəlməsinin də görünür, psixoloji məqamları var. Bura Rasim Məmmədov, Mehriban Nəcəfova Elçin Sadıqovla üzləşməyə gələndə, hər şey gün kimi aydın olacaq. Gəlsinlər… Budur cinayət işiniz? Elçin Sadıqov əl işarəsilə kimlərdənsə pul alır. Geri qaytarır. Oturur evində, Elnur Şükürov da bütün təzyiqlərə baxmayaraq mənə qarşı yalan ifadə verməkdən imtina edir. Allah valideyinlərinin üzünü ağ eləsin, elə övlad böyütdükləri üçün. 2011-ci ildə 19 yepyekə kişi gəldi mənim üzümə durdu. Ramiz Mehdiyevin güclü vaxtları idi. Buraçla bavul açırdılar ki, bir milyon dolları içindən çıxarsınlar. O vaxtları idi. Yepyekə arvadı gətirib üzümə qoydular. Hamısı da Allah qoymasa, özlərini ictimai-siyasi xadim hesab edirdilər. Nübar üçün bir adam da tapmadım ki, üzümə durmasın. Elnur nübarlıq oldu, üzümə yalandan durmadı. Gələk 3-cü epizoda. “Azəravtoyol” ASC-nin iki əməkdaşından əleyhimə ifadə almağa çalışıblar. Sübut edəcəyəm, siz də görəcəksiniz ki, həmin adamlarla mənim heç bir tanışlığım, heç bir əlaqəm yoxdur. İstintaq Elnuru həbs edəndən sonra çox rahat o qənaətə gəlib ki, bu işlə məni həbsdə saxlaya biləcəklər. Əgər Elnur dolayı yolla bir eyham vursaydı, cinayət işi tam hazır olardı. Yadıma düşmüşkən, Elçin Sadıqov Baş prokurorluqda Elçin Məmmədovun təhdidindən sonra mənə dedi ki, “indi nə yazmağımdan asılı olmayaraq, məhkəmədə gələcəyəm, həqiqəti söyləyəcəyəm…”. Dedim, “yaxşı, sən bayıra çıxanda nə deyəcəksən? Ev dustaqlığına buraxılmağını nə ilə əsaslandıracaqsan?” Dedi, “sən tapşırıq ver, məni linc eləməsinlər…” Dedim, mən anamla, ailəmlə, telefonla danışa bilmirəm, a kişi… Məhdudiyyəti görmürsən? Bəs, camaat sənə nə deyəcək? Deməyəcək ki, səninlə Əvəzi bir yerdə tutublar, niyə səni buraxdılar, onu saxladılar? Bəs səndən bunu soruşacaqlar axı”. Həm Elçin Sadıqovun məsələsi, həm də Elnurun üzədurmaması məsələsi cəmiyyətdə prokurorluğun istəyinə zidd müəyyən ictimai rəy yaradandan sonra, bunlar üçüncü varianta əl atmalı oldular.

Hakim Əli Məmmədov:

  • Artıq vaxtımız da başa çatmaq üzrədir. Əgər etiraz etmirsinizsə, üçüncü epizodu növbəti məhkəmə iclasına saxlayaq.

Əvəz Zeynallı:

  • Etiraz etmirəm.

Növbəti məhkəmə prosesi 7 iyul, saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button