ƏVƏZ ZEYNALLI HÜQUQ MÜDAFİƏÇİSİ İLƏ GÖRÜŞƏCƏK…

“Xural” qəzetinin həbs edilmiş baş redaktoru Əvəz Zeynallı Eynulla Fətullayevlə görüşmək istədiyini bildirib.Bu barədə “Yeni Müsavat”a baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, noyabrın 12-də vəkillə görüş zamanı Ə.Zeynallı “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayevlə görüşmək istədiyini bildirib: “Əvəz Zeynallı Eynulla Fətullayevə müraciət edib. Artıq müraciəti Eynulla Fətullayevə təqdim etmişik. Əvəz Zeynallı xahiş edib ki, hüquq müdafiəçisi gəlib onunla məhbəsdə görüşsün. Səbəbini hələ ki, açıqlamayıb”.

Vəkil həmçinin qeyd etdi ki, Ə.Zeynallı həbs edilərkən ona qarşı edilmiş pis rəftarla bağlı şikayət edib, həmin şikayət əsasında hazırda araşdırma aparılır. Noyabrın 11-də bununla bağlı dindirmə olub.

“Yeni Musavat”a açıqlamasında Eynulla Fətullayev Əvəz Zeynallı ilə görüşəcəyini deyib. O nəinki Ə.Zeynallı ilə, siyasi məhbus Vidadi İsgəndərli ilə də görüş üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyini söyləyib. Amma bu görüşlər noyabrın 25-dən sonra baş tuta biləcək: “Mən noyabrın 15-də  Parisə yola düşəcəyəm. Azərbaycanda siyasi məhbuslar problemi Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və hüquq məsələləri komitəsinin iclasının gündəliyinə salınıb. Noyabrın 16-da Parisdə keçiriləcək iclasa ekspert qismində dəvət olunmuşam. Parisdən sonra isə Nyu Yorka gedəcəm. Jurnalistləri Müdafiə Komitəsi məni beynəlxalq mətbuat azadlığı mükafatı laureatlarının təltif olunması mərasiminə dəvət edib. Noyabrın 22-də keçiriləcək mərasimdə mən 2009-cu ildə layiq görüldüyüm mükafatı da almaq imkanı qazanacağam. Azərbaycana noyabrın 25-də qayıdacağam”.
E.Fətullayev səfərdən qayıdan kimi Penitensiar Xidmətin rəisinə məktubla müraciət edəcəyini deyib. Onun fikrincə, görüşə icazə verilməməsi mümkün deyil: “Düşünürəm ki, icazə verərlər. Yəqin onlar da bilir ki, AŞ PA-nın iclaslarında ekspert kimi çıxış edirəm. Siyasi məhbuslarla bağlı iş görürük. Onlara qarşı ədalətsizliklər, prosessual pozuntular, saxta ittihamlar, saxlanma şəraiti ilə tanışlıq üçün bu görüşlər lazımdır. Hər halda, görüş üçün təkid edəcəyəm”.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button