Əvəz Zeynallı təcili müayinə olunmalıdır

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzova, Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlanma yeri və İstintaq Təcridxanasının rəisi Mehman Əhmədova, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Səbinə Əliyevaya Ə.Zeynallının sağlıq durumu ilə bağlı müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Diqqətinizə çatdırım ki, həyat yoldaşım, müstəqil, araşdırmaçı jurnalist Əvəz Zeynallı 10 sentyabr 2022-ci il tarixində Prezident Aparatının məsul şəxslərinin siyasi sifarişilə, saxta, əsassız, heç bir dəlil-sübutu olmayan ittihamları əsasında Binəqədi rayon məhkəməsinin sifarişli hakimlərinin məhkəmə qərarları ilə 4 ay müddətinə azadlıqdan məhrum edilib.  29 dekabr 2022-ci ildə əlavə olaraq, heç bir zərurət olmadığı halda həbsinin müddəti Binəqədi Məhkəməsi tərəfindən daha 3 ay uzadılıb. Ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.

Buna baxmayaraq, prezidentin verdiyi səlahiyyətlərdən sui-istifadə edən məmurlar  şəxsi maraqlarını önə çəkərək, bir müstəqil jurnalisti girov götürərək, onun fəaliyyətini dayandırıblar.

Bu gün Əvəz Zeynallının sağlamlığında ciddi problemlər yaranıb. Yüksək qan təzyiqi və şəkərinin olması gözlərinin görmə qabiliyyətini aşağı salıb və hazırda təcili əməliyyata ehtiyacı var. Üstəlik haqsız yaşadığı gərginliklər də onun sağlamlığı üçün ciddi təhlükə yaradır. Bir gün belə yubanmaq, onun sağlamlığında ciddi fəsadlar yaradacaq.

Səlahiyyətlərinizdən istifadə edərək, Əvəz Zeynallının təcili həkim müayinəsindən keçirilməsi, həmçinin ailəsilə əlaqə yaradılması üçün zəruri addımlar atmağınızı xahiş edirəm.

 Bakı şəhəri, 16 yanvar 2023-cü il

İmza: Məlahət Qisuri qızı Zeynalova”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button