“Gen” və “Kamran” şirkətlərinin aldatdığı müştərilər Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçiriblər

Bu gün “Gen” və “Kamran” tikinti şirkətlərinin aldatdığı 50-yə yaxın əmanətçi Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib. Onlar mənzil verilməsini və ya pulların qaytarılmasını tələb ediblər. Lakin Prezident Administrasiyasından heç kim onların qarşısına çıxmayıb.

Bundan əlavə, polislər vətəndaşları kobud şəkildə sıxışdırmağa başlayıblar, halbuki onların arasında yaşlılar da olub. Onlara məsləhət görülüb ki, Bakı meriyasına müraciət etsinlər. Piketdə iştirak edən yaşlı qadınların birinin halı pisləşib, təcili yardım çağırılıb.

Ötən gün əmanətçilər mətbuat konfransı keçiriblər. Onlar bildiriblər ki, həmin tikinti şirkətlərinin vəzifəli şəxsləri həbs edilsə də, əmanətçilərin hüquqları bərpa olunmayıb. Vətəndaşlar hesab edirlər ki, bu fırıldaqçılığın arxasında yüksək vəzifəli şəxslər dayanır. Onların fikrincə, dövlət bu dələduzluğa görə məsuliyyət daşımalıdır, belə ki, şirkətlər dövlət qeydiyyatından keçib və hakimiyyətin nəzarəti altında fəaliyyət göstərib.

“Gen” şirkəti vətəndaşlardan 8 mln. manata, “Kamran” şirkəti isə 5 mln. manata yaxın pul yığıb. Müvafiq olaraq 310 və 100 əmanətçi onların hərəkətlərindən şikayət edir.

Hüquq müdafiəçisi Ələkbər Məmmədovun sözlərinə görə, demək olar ki, bu gün öz müştərilərini aldadan tikinti şirkətlərinin hamısı “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur. İ.Axundov isə bu şirkətlərə bağlılığını inkar edir.

 18.01.2012

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button