“Preventiv Cavab Qrupu”nun hesabatı beynəlxalq təşkilatlara göndəriləcək

23.02.2012

Azərbaycan jurnalistləri növbəti dəfə saxta ittihamlarla həbs olunur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinin 4-cü ayının tamam olması və onun həbsinə dair “Preventiv Cavab Qrupu”nun hazırladığı hesabatın ingilis dilində olan variantının təqdimatı keçirildi. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsilə bağlı  “Preventiv Cavab Qrupu”nun hazırladığı hesabatın nəticələri artıq cəmiyyətə elan olunub və internet səhifələrindən yayımlanıb: “İndi isə həmin hesabatın ingilis dilinə çevrilmiş variantı hazırdır. Bu gündən etibarən bütün jurnalist və insan haqları təşkilatlarına, diplomatik nümayəndəliklərə, müvafiq qurumlara, hökümətlərə təqdim olunacaq. O cümlədən internet səhifələrinə də yerləşdiriləcək ki, bu işlə maraqlanan hər bir əcnəbi istənilən vaxt hesabatla tanış ola bilsin.  Mən hesab edirəm ki, bu çox vacib olan bir məsələdir və öz faydasını verəcək. Çünki  Ə.Zeynallının beynalxalq aləmdə müdafiəsinin düzgün qurulduğunun şahidiyik və bunu jurnalist təşkilatlarının Ə.Zeynallı və dıgər vicdan məhbusları ilə bağlı verdikləri bəyanatlar da bunu deməyə əsas verir. Yəni Əvəz Zeynallı haqqında beynəlxalq qurumlarda artıq ictimai rəy yaranıb. Digər tərəfdən, Azərbaycanda ilk dəfədir ki, bir jurnalistin həbsilə bağlı dolğun məlumat bazası hazırlanır və ingilis dilinə çevrilərək, müvafiq beynəlxalq təşkilatlara yayımlanır.  Hesab edirəm ki, bu hesabat çox faydalı olacaq və Əvəz Zeynallının həbsdən azad olunmasına yaxşı xidmət göstərəcək”.

“Preventiv Cavab Qrupu”nun rəhbəri Əfqan Muxtarlı qrupun azərbaycan variantının ictimaiyyətə təqdim olunmasından sonrakı müddətdə 4 aydır qanunsuz olaraq həbsdə saxlanılan Əvəz Zeynallı və artıq nəşri dayandırılan “Xural” qəzetinin üzərinə təzyiqlərin artdığını söylədi: “Beləki, bu il yanvarın 23-də Bakı-Baltika MMC-nin icraçı direktoru Adam Tlexurayın “Xural” və Əvəz Zeynallıya qarşı qaldırdığı 150 min manatlıq iddiası Nərimanov rayon məhkəməsiniun hakimi Sevinc Quliyeva tərəfindən 50 min manat dəyərləndirilib və həbsdə olan baş redaktor, eləcə də nəşr olunmayan bir qəzet cərimələndirərək cəzalandırıb.  Özü də bu haqda məlumat vəkilə 10 gün sonra verilib. Hakim Sevinc Quliyeva bundan əvvəl də 3 dəfə  “Xural”la bağlı ədalətsiz qərar çıxarıb və bu hakimin yenidən “Xuralla bağlı hər hansı qərar çıxarması siyasi sifariş və qərəzdən xəbər verir. Digər tərəfdən “Xural” qəzetinin 19.10.2011 tarixində müsadirə olunmuş əmlakı hərraca çıxarılıb. Bu haqda bu günə kimi “Xural” qəzetinin əməkdaşlarına məlumat verilməyib.  Qanunla ilk növbədə bu haqda məlumat əmlak sahiblərinə verilməli idi”.

Vəkil Mənsum Bayramov bildirdi ki, bir müddət əvvəl Bakı İstintaq Təcridxanasında saxlanılan Əvəz Zeynallıya qarşı “xüsusi göstərişlər” həyata keçirilirdi və biz bu məsələni ictimailəşdirəndən sonra vəziyyət normal axarına düşdü, rəhbərlik Əvəz Zeynallı ilə görüşdü. Əvəz Zeynalının bütün bu hadisələrlə bağlı qənaəti budur ki, “Xural” qəzetinin nəşrinə qoyulan qadağa və bir ölkənin müstəqil qəzetinin baş redaktorunun həbs olunması onu göstərir ki, qəzetin ölkədəki antidemokratik təsisatların, qeyri-qanuni fəaliyyət göstərən cinayətkar qruplaşmaların üzərinə getməsi bir çox səlahiyyətlilərin maraqlarına zidd olub və bunun müqabilində də onu zərərsizləşdirmək istəyiblər: “Əvəz Zeynallı ictimaiyyətə ünvanlanmış bəyanat verdi və xahiş etdi ki, özünü demokratik  sayan, demokratik düşərgədə mübarizə aparan siyasi qurumlar, QHT-lər, mətbu orqanlar “Xural”ın hərraca çıxarılan texniki avadanlıqlarını alsınlar və onun kimlərinsə əldə etməsinə imkan verməsinlər. Bu bir kampaniya şəklində həyata keçirilsin.”  Vəkilin sözlərinə görə Əvəz Zeynallının müdafiəsini etmək çox çətindir, çünki dəfələrlə qaldırılan vəsatətlər məhkəmələr tərəfindən qəbul olunmur, lakin prokurorluğun hər hansı təqdimatı, vəsatəti məhkəmələr tərəfindən birmənalı şəkildə həyata keçirilir: “İstintaqın işi ilə bağlı da onu demək istəyirəm ki,  ötən 4 ay müddətində heç bir iş aparılmayıb.  İstintaq Əvəz Zeynallının hansı səbəbdən həbs etdiyini sübut etməlidir, edə bilmir. Əksinə müdafiə tərəfinin əlində bu müddət ərzində kifayət qədər onun günahsızlığı ilə bağlı fakt toplanır. Hesab edirəm ki,  Əvəz Zeynalının həbsi siyasi sifariş olduğundan mümkün qədər onu içəridə çox saxlamaq və iradəsini sındırmaq planı həyata keçirilir”. 

Vəkil Elçin Sadıqov tədbirə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentindən gəldiyini söylədi: “Orada biə səyyar vergi yoxlamalarının  Aktını təqdim etdilər. Həmin Akta əsasən, 7251 manat 20 qəpik vergidənyayınma cəriməsi yazılıb.  3625 manat 60 qəpik maliyyə sanksiyası təqdim olunub, 688 manat 80 qəpik 4-cü rüb üçün ödənilməli olan borc yazılıb, Təxminən 11 min manat cərimə yazılıb”. Vəkil onu d qeyd etdi ki, vergi müfəttişləri sənədlərin təqdimolunması ilə bağlı Əvəz Zeynallının adına tələbnamə göndəriblər və orada qeyd olunub ki,  Ə.Zeynallı şəxsən həmin tələbnaməni alıb, hətta ora imza da atıb. Halbuki həmin tarixdə Əvəz Zeynallı həbsdə olub.

Elçin Sadıqov fevralın 22-də Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşdüyünü bildirdi: “Əvəz Zeynallı ömrünün böyük bir qismini jurnalistlik fəaliyyəti ilə məşğul olan, o cümlədən kitab və məqalələrini kompyuterlə yazan bir jurnalist olub. Hazırda İstintaq təcridxanasında növbəti kitabını yazan baş redaktor əllə yazmağın ən ağır təzyiq vasitəsi olduğunu hesab edir. Ona görə də Ədliyyə naziri Fikrət Məmmədova, o cümlədən nazirliyin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə və Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıxova ona işləmək üçün kompyuter verilməsini rica edən müraciət hazırlayaraq mənə təqdim etdi.  Lakin Təcridxanadan çıxarkən növbəti dəfə üzərimdə əsassız yoxlama aparıldı və həmin müraciət tutularaq əlimdən alındı…”   

Müstəqil jurnalist Şahvələd Çobanoğlunun fikrincə, Əvəz Zeynallının 3 ay, daha sonra yenidən 3 ay həbsdə saxlanılması sübut edir ki, istintaqın əsasları yoxdur və bir baş redaktor haqqında həbs-qətimkan tədbiri tələsik seçilib.  Əllərində lazımi əsaslar olmadığındandır ki, istintaq süni olaraq uzadılır və bu müddət ərzində də özlərinə lazım olan “əsaslar”ı düzəltməyə çalışırlar. Saxta şəkildə də olsa, bu “əsaslar”ı uydurmaq istəyirlər. Bir dha sübut olunur ki, Azərbaycan jurnalistləri növbəti dəfə saxta ittihamlarla həbs olunur”.  Əsl cinayətkar Əvəz Zeynallı yox, onu həbs edənlərdir deyən Ş.Çobanoğlu hesab edir ki, nə qədər gec deyil o admlar bu cinayətlərindən geri çəkilməlidirlər. Sonda Mehman Əliyev “Xural” kollektivini bir çox hallarda özünü mətbuata səlahiyyətli hesab edən Mətbuat Şurasına müraciət etməyə çağırdı. Bununla yanaşı, ombudsmana qəzetin kollektivi, jurnalist təşkilatının üzvləri, müstəqil jurnalistlərlə görüş üçün müraciət etməlidirlər.

RATİ-nin direktoru Emin Hüseynov Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət edərək, müstəqil jurnalist təşkilatının nümayəndələrilə Əvəz Zeynallının görüşünü və ondan müsahibə götürülməsini xahiş edəcəklərini bildirdi. Bundan başqa təklif olundu ki, Əvəz Zeynallının həbsində fiqurlardan biri olan Gülər Əhmədova da jurnalistlərə verdiyi müsahibə vədini yerinə yetirməli və jurnalistlərlə birgə Əvəz Zeynallının yanına getməlidir. Bildirildi ki,  Əvəz Zeynallının həbsdən azad olunması üçün sonunadək bütün lazımi işlər həyata keçiriləcək.

XuralTAC

http://www.youtube.com/watch?v=5ZH28vhCGQA&feature=youtu.be

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button