18 oktyabr “Dövlət müstəqilliyi” günü elan olunsun!

İstiqlalçı deputatlar İlham Əliyevə müraciət etdilər...

Bir neçə gün bundan əvvəl istiqlalçı deputatlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və ictimai xadimlər tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 30 illiyinin beynəlxalq səviyyədə keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət olunub. Xural.com-a daxil olan müraciəti Oxucularımıza təqdim edirik:

                                               

 “Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə müzəffər ordumuzun Vətən müharibəsində işğalçı Ermənistana qarşı əldə etdiyi tarixi zəfər ölkəmizin dövlət müstəqilliyinin və təhlükəsizliyinin etibarlı şəkildə qorunması və möhkəmlənməsinə imkan vermiş, Azərbaycanın tərəqqisinə, xalqımızın rihafının inkişafına ümid və inamı daha da artırmışdır.

Məhz bu xoş və ülvi hisslərlə ölkəmizin dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmlənməsinə, eyni zamanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 30 illiyinin beynəlxalq praktikaya müvafiq olaraq keçirilməsinə yardımçı olmaq məqsədilə Sizə, cənab Prezident, müraciət edirik.

  1.   Dövlət müstəqilliyinin tarixi əhəmiyyəti

1.1. 1991-ci il oktyabrın 18-də Ali Sovet (parlament) “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” adlı tarixi sənəd qəbul etdi (bax:https://www.youtube.com/watch?v=TsNEfjxRnm0&t=3472s). Bundan sonra tarixdə ilk dəfə olaraq dünya dövlətləri Azərbaycan Respublikasının müstəqilliyini və suverenliyini tanıdı və ölkəmiz BMT-nin bərabərhüquqlu üzvü seçildi.

   1.2. Azərbaycan xalqının uzun illər ərzində apardığı ağır, lakin şərəfli mübarizəsi sayəsində əldə edilən dövlət müstəqilliyi Azərbaycan xalqının böyük tarixi nailiyyəti, ən böyük sərvəti və qürur mənbəyidir. Bu sərvəti qoruyub möhkəmləndirmək hər bir Vətən övladının müqəddəs borcudur.

1.3. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunduqdan sonra müvafiq qanunla 18 oktyabr –  “Dövlət Müstəqilliyi Günü” dövlət bayramı və qeyri-iş günü statusu alıb və 2006-cı ilədək hər il dövlət səviyyəsində qeyd olunub. Bu bayram münasibətilə dünyanın dövlət və hökumət başçıları hər il Azərbaycan xalqını təbrik ediblər.

 

  1. Dövlət müstəqilliyinə qarşı yönələn xarici təhdidlər və onun ağır nəticələri

   2.1. Tarixi təcrübə subut edir ki, milli müstəqil dövlətçiliyi, onun təhlükəsizliyini təmin etmədən hər hansı bir ölkənin davamlı siyasi, sosial-iqtisadi və başqa əsas hədəflərinə və başlıcası isə siyasi məqsədlərinə nail olması mümkün deyildir. Odur ki, hazırda dövlət müstəqilliyinin qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin əsas məqsədi olmalıdır. Lakin Rusiya-Ermənistan kəşfiyyatı uzun illər ərzində Azərbaycanın dövlət hakimiyyət orqanlarında yüksək vəzifələrə yerləşdirdiyi agentləri vasitəsilə ictimai-siyasi, sosial-iqtisadi, media, informasiya və digər sahələrdə siyasi qərarların qəbuluna öz təsirini güclü şəkildə artırmağa, eyni zamanda müxtəlif ölkələrdə sınaqlardan çıxarılmış texnologiyalar əsasında fəaliyyət planları və proqramları hazırlayıb idarəetmə sistemini pozmaq və cəmiyyətdə xaos və qarşıdurmalar yaratmaqla ölkəmizin dövlət müstəqilliyini və suverenliyini əhəmiyyətli dərəcədə sarsıtmağa nail olub və Azərbaycan hökumətinin “de-fakto” müstəqil fəaliyyət göstərməsinə və xalqın mənafeyinə müvafiq müstəqil dövlət siyasəti həyata keçirməsinə imkan verməyib və vermir.

   2.2. Açınacaqlı və rüsvayçı haldır ki, bütün digər postsovet respublikalarında dövlət müstəqilliyini gerçəkləşdirən istiqlalçı deputatlara (siqnatorlara) dövlət səviyyəsində ən yüksək hörmət və qayğı göstərildiyi, bir sıra ölkələrdə istiqlalçı deputatların statusi haqqında xüsusi qanun qəbul olunduğu və onlar Milli Qəhrəman fəxri adları, ali dövlət mükafatlarıyla təltif edildiyi və onlar üçün güzəştli yüksək pensiya və başqa imtiyazlar müəyyən olunduğu halda, Azərbaycanda istiqlalçı deputatlar Rusiya-Ermənistan kəşfiyyat şəbəkəsinə mənsub yüksək vəzifəli Vətən xainləri tərəfindən təqib və repressiyalara məruz qoyulublar. Bunları aşağıdakı hallar və hüquq normaları aydın şəkildə subut edir:

2.2.1. Rusiya-Ermınistan kəşfiyyatı keçən uzun illər ərzində milli müstəqil dövlətçiliyimizi gözdən salmaq və insanlara müstəqil dövlətdə yaşadıqlarını unutdurmaq məqsədilə Milli Məclisin Aparatının rəhbəri, PKK-çı Səfa Mirzəyevin təşkilatçılığı və “5-ci kolon”a mənsub komitə sədri Hadı Rəcəblinin və digər satqın deputatların fəal iştirakı ilə 2006-cı il dekabrın 8-də Milli Məclisdə dövlət müstəqilliyi bayramının iş günü olması və Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməsi barəsində antikonstitusion və antimilli qərar qəbul edilməsinə nail oldu.

2.2.2. 2006-cı ildə “Dövlət müstəqilliyi günü” dövlət bayramının iş günü edilməsinə nail olan Rusiya-Ermənistan kəşfiyyatı həmin vaxtdan etibarən bu bayramın dövlət səviyyəsində təntənəli şəkildə keçirilməsinə də imkan verməyib. Halbuki dünya dövlətlərində, o cümlədən digər postsovet ölkələrində “Müstəqillik Günü” bayramı hər il əsas dövlət bayramı olaraq ən yüksək səviyyədə qeyd olunub və olunur. Məsələn, müstəqillik bayramı münasibətilə Ukraynada 5 gün qeyri-iş günüdür, Maydanda hərbi parad keçirilir. Türkmənistanda isə müstəqillik bayramı 2 gün qeyri-iş günüdür və bu bayram dövlət səviyyəsində xarici dövlət və hökumət nümayəndələrinin iştirakı, xalq şənlikləri, hərbi paradla təntənəli şəkildə keçirilir.

2.2.3. Rusiya-Ermənistan kəşfiyyatı “5-ci kolon”a mənsub Səfa Mirzəyev və Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun əli ilə qısasçılıq məqsədilə Azərbaycanın dövlət müstəqilliyinin gerçəkləşdirilməsində müstəsna xidmətləri olan, 1991-1995-ci illərdə fəaliyyət göstərən ilk Milli Məclisin üzvləri  olub, bütün dövlət atributlarını, milli müstəqil dövlətimizin qanunvericilik bazasını hazırlayıb qəbul edən deputatların sabiq deputatlar üçün müəyyən olunan imtiyazlı pensiya almasına imkan veməyib. Belə ki, S.Mirzəyev səlahiyyətlərini aşaraq və vəzifə cinayəti törədərək DSMF-yə göndərdiyi rəsmi məktubunda mövcud qanuna və Konstitusiyaya zidd olaraq göstərib ki, sabiq deputatlar üçün müəyyən olunan güzəştli pensiya ilk Milli Məclisin üzvlərinə şamil oluna bilməz. DSMF-nin sədri S.Müslümov isə S.Mirzəyevin məktubunu əsas tutaraq həmin sabiq deputatları güzəştli pensiyadan məhrum edib. Hazırda S.Müslümov bu və digər cinayət əməllərinə görə həbs olunub. Lakin S.Mirzəyev keçən uzun illər ərzində çoxsaylı cinayət əməlləri törətdiyinə baxmayaraq, Putin hakimiyyəti tərəfindən ciddi-cəhdlə himayə olunduğuna görə hələ də məsuliyyətə cəlb olunmayıb.

2.2.4.  Rusiya-Ermənistan kəşfiyyatı öz casus şəbəkəsinə daxil olan yüksək vəzifəli Vətən xainləri vasitəsilə qanunvericilik hakimiyyətinin (patlamentin) bir hissəsinə qarşı diskriminasiya (ayrı-seçkilik) tətbiq etməklə, başqa sözlə, ilk Milli Məclisin deputatlarını dünyada analoqu olmayan saxta bəhanələrlə güzəştli pensiya hüququndan məhrum etməklə bərabər, həm də qanunvericilik aktlarının tələblərinə zidd olaraq qəsdən, qısasçılıq məqsədilə uzun illər ərzində işsiz saxlamaqla maddi-mənəvi sarsıntılara, mənəvi-məxməri terrora məruz  qoyub onların vaxtsız vəfat etməsinə bais olub. Halbuki beynəlxalq praktikaya müvafiq olaraq bir sıra postsovet ölkələrində (məsələn, Latviya, Litva, Estoniya, Moldova və Ukraynada) istiqlalçı deputatların (siqnatorların) statusu haqqında qanunlar qəbul edilib və onların xidmətlərinə və şəxsiyyətinə ən yüksək dəyər verilib.

 

   Hörmətli cənab Prezident!

2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümü ərəfəsində 1991-1995-ci illərdə fəaliyyət göstərən ilk Milli Məclisin üzvləri olmuş 11 nəfər  istiqlalçı deputatın: prof. Hacıbaba Əzimov, Sabir Rüstəmxanlı, İbrahim İbrahimli, Firudin Cəlilov, Məryəm Həsənova, Vahid Əhmədov, İxtiyar Şirin, Sülhəddin Əkbər, Mətləb Mütəllimli, Etibar Məmmədov və Mirmahmud Mirəliolunin (adlar sənəddəki sıraya müvafiq qeyd edilib) imzasıyla Sizə göndərilən müraciətdə Milli Məclisin sabiq deputatlarının pozulmuş pensiya və digər hüquqlarının təmin olunması, eyni zamanda “Dövlət Müstəqilliyi” bayramının dövlət səviyyəsində ləyaqətlə keçirilməsi və müstəqil dövlətçiliyimizin möhkəmlənməsi üçün çox mühüm əhəmiyyət kəsb edən digər təkliflər irəli sürülüb. Lakin acı təəssüf hissiylə xatırladırıq ki, keçən uzun illər ərzində Azərbaycan hökuməti nəinki istiqlalçı deputatların çox haqlı və dövlət əhəmiyyətli təkliflərini yerinə yetirməyib, nəinki  Rusiya-Ermənistan kəşfiyyatının “5-ci kolon” şəbəkəsinin Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini sarsıtmaq niyyətlərinin qarşısını almayıb, hətta Nazirlər Kabinetinin və Prezident Administrasiyasının bir çox yüksək səlahiyyətli nümayəndələri ölkəmizin milli və dövlət mənafeyi əleyhinə yönəldilmiş xəyanətkar planların həyata keçirilməsində fəal iştirak ediblər və edirlər.

 

Hörmətli cənab Prezident!

Belə hesab edirik ki, hazırda Azərbaycan Respublikasının dövlət orqanları, xüsusən hüquq-mühafizə və təhlükəsizlik qurumları ölkəmizin “5-ci kolon” şəbəkəsinə mənsub antimilli ünsürlərdən təmizlənməsi sahəsində fəaliyyətlərini gücləndirməli, dövlət müstəqilliyinin  və suverenliyinin etibarlı və dayanaqlı şəkildə qorunub möhkəmləndirilməsi üçün davamlı şəkildə ciddi tədbirlər həyata keçirməlidirlər.

   Biz, bu müraciəti imzalayan istiqlalçı deputatlar, siyasi partiyalar, ictimai təşkilatlar, ictimai xadimlər yuxarıda göstərilən halları əsas tutaraq və xalqımızın ali mənafeyini və iradəsini ifadə edərək Azərbaycan hakimiyyətini dövlət müstəqilliyini və xalqla dövlət hakimiyyətinin sarsılmaz birliyini qoruyub möhkəmlətmək, ölkəmizin dünyada nüfuzunu gücləndirmək üçün həyati əhəmiyyət kəsb edən aşağıdakı təklifləri təxirə salmadan həyata keçirməyə çağırırıq:

 

  1. Dövlət müstəqilliyinin otuzuncu ildönümü bayramının beynəlxalq səviyyədə qeyd edilməsi üçün qısa vaxt ərzində Dövlət Proqramı hazırlansın və nəzərdə tutulmuş bayram tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi təmin edilsin. Bakıda keçirilən təntənəli bayram tədbirlərinə qardaş Türkiyənin və digər dost ölkələrin dövlət və hökumət başçıları dəvət olunsun.

 

  1. “Dövlət Müstəqilliyi” bayramı hər il oktyabr ayının 18 və 19-da keçirilsin və həmin günlərin qeyri-iş günləri sayılması barəsində müvafiq qərar qəbul olunsun.

 

  1. “Dövlət Müstəqilliyi” bayramına beynəlxalq praktikaya müvafiq olaraq əsas dövlət bayramı statusu verilsin və hər il ümumxalq bayramı olaraq dövlət səviyyəsində geniş və təntənəli şəkildə qeyd olunsun. Oktyabrın 18-də bu bayram münasibbətilə Bakı şəhərində hərbi parad keçirilsin.

 

  1. Dövlət müstəqilliyinin otuzuncu ildönümü münasibətilə ölkədə geniş amnistiya və əhv tədbirləri həyata keçirilsin.

 

  1. Dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində müstəsna xidmətləri olan İstiqlalçı Deputatlar (“43-lər”) üçün beynəlxalq praktikaya müvafiq olaraq “İstiqlalçı deputatların statusu haqqında” Qanun qəbul olunsun. Həmin qanunla istiqlalçı deputatlar üçün fəxri adlar, mükafatlar, güzəştli yüksək pensiya və başqa imtiyazlar müəyyən olunsun.

 

  1. İlk Milli Məclisin üzvlərinin qanunla sabiq deputatlar üçün müəyyən olunmuş güzəştli əmək pensiyası almaq hüququ təxirə salınmadan təmin edilsiin.

 

  1. Dünyasını dəyişmiş istiqlalçı deputatların xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq tədbirlər görülsün.

 

  1. 1991-сi il oktyabrın 18-də Ali Sovetdə qəbul olunan “Azərbaycan Respublikasnın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”na səs verən və əmək, qanunvericilik, ictimai-siyasi sahələrdə qüsursuz çalışan sabiq deputatların xidmətlərinin dövlət səviyyəsində dəyərləndirilməsi məsələlərinə baxılsın.

 

Dərin hörmət və ehiramla

Haçıbaba Əzimov, istiqlalçı deputat, Müstəqillik Aktının əsas müəllifi, Milli Məclisin sabiq deputatı, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, prof., d-r

Cümşüd Nuruyev, istiqlalçı deputat, Milli Məclisin sabiq komitə sədri, prof., d-r

Mirmahmud Mirəlioğlu, istiqlalçı deputat, Milli Məclisin sabiq deputatı, Klassik Xalq Cəbhəsi Partiyasının sədri

Mətləb Mütəllimli, istiqlalçı deputat, Milli Məclisin sabiq deputatı, Sosial Ədalət Partiyasının sədri

Sülhəddin Əkbər, istiqlalçı deputat, Milli Məclisin sabiq deputatı, Azad Demokratlar Partiyasının sədri

Tahir Əliyev, istiqlalçı deputat, Milli Məclisin sabiq komitə sədri

Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri, dosent

Əhməd Oruc, Azadlıq Partiyasının sədri

Sərdar Calaloğlu, Azərbaycan Demokrat Partiyasının sədri    

Qubad İbadoğlu, Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ Rutgers Universitetinin professoru, d-r

Cavanşir Quliyev, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin professoru, əməkdar incəsənət xadimi

Əli Əskərli, ABŞ-ın Şimalı Karolina Universitetinin professoru

Əli Mustafa, “Demokratik Dəyişim Platforması” Təşkilatının rəhbəri

Ərəstun Orucli, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Zəlimxan Məmmədli, Beynəlxalq “Borçalı” Cəmiyyətinin rəhbəri

 

Bakı şəhəri, 21 avqust 2021-ci il”

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button