20 Yanvar hərbi cinayətdir!

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Milli QHT Forumu, 20 Yanvar Cəmiyyəti və Bakı Avrasiya Universitetinin birgə təşkilatçılığı ilə “20 Yanvar – Qanla yazılan tarix və susan dünya ictimaiyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Bakı Avrasiya Universitetinin konfrans salonunda keçirilən konfransı universitetin prorektoru giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra BDM sədri İsmayıl Ağayev 21 il öncə baş vermiş hadisələrin xalqımızın qan yaddaşı olduğunu və müstəqilliyimizin əldə olunmasında həmin günlərin müstəsna yer tutduğunu bildirib. O çıxışında 20 Yanvar hadisələrinin ildönümünün xaricdə yaşayan soydaşlarımız tərəfindən geniş qeyd edildiyini və bu işdə BDM-in xarici ölkə təmsilçiliklərinin rol oynadığını vurğulayıb. Daha sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə, professor Vaqif Arzumanlı, politoloq Cümşüd Nuriyev, 20 Yanvar hadisələrinin iştirakçıları Arif Məhərrəmov, Əsəd Əsədzadə çıxış ediblər. Onlar 21 il öncə baş vermiş hadisələr haqqında fikirlərini konfrans iştirakçıları ilə bölüşüblər. Konfransın yekununda iştirakçılar adından 20 Yanvar hadisələrinin 21-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Bəyanatda deyilir:

1990-cı ildə Azərbaycan xalqına qarşı Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətin 21-ci ildönümünü yaşayırıq. Sovet imperiyasına məxsus hərbi birləşmələr tərəfindən həmin il yanvarının 19-dan 20-nə keçən gecə şəhərə silahlı müdaxilə edərək dinc əhaliyə qarşı qanlı divan tutulub. Bu zaman 134 nəfər şəhid olub, 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sovet ordusunun qanlı cinayətlərinə boyun əyməyən xalqımız Azərbaycanın istiqlaliyyəti uğrunda canlarını fəda verərək şəhidlik zirvəsinə ucalıb. 21 il öncə SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayət misli görünməmiş vəhşilik, vandalizm və insanlığa sığmayan, amansızlıqla həyata keçirilən faciə kimi bəşər tarixinə düşüb. O zamankı sovet rəhbərliyi SSRİ Konstitusiyasını, beynəlxalq konvensiyaları, müəyyən olunmuş beynəlxalq hüquq nomalarını kobud şəkildə pozaraq insanlıq əleyhinə hərbi cinayətin işlənməsinə rəvac verib.

Təəssüflə qeyd edilməlidir ki, dünya ictimaiyyəti M.S.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu dəhşətli hərbi cinayət aktına biganəlik nümayiş etdirməkdədir. 21 il ərzində dünyanın aparıcı ölkələri və beynəlxalq təşkilatları 20 Yanvar hadisələrinə hələ də hüquqi və siyasi münasibət bildirməmiş və o zamankı sovet rəhbərliyini beynəlxalq hüququn qınağına çəkməmişdir.

Bu gün təəssüflər olsun ki, ABŞ və qərbin digər aparıcı dövlətləri zaman-zaman qondarma 1915-ci il erməni soyqırımına münasibət bildirir, müxtəlif ölkələrin parlamentləri qondarma soyqırımla əlaqədar olaraq qərarlar qəbul edirlər. Lakin nədənsə sovet ordusunun Azərbaycan xalqına qarşı 20 Yanvarda törətdiyi hərbi cinayət və daha sonra Rusiyanın bilavasitə iştirakı ilə ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırım cinayətləri dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qalmaqdadır.

Bütün bunları qeyd edərək, konfrans iştirakçıları adından dünyanın aparıcı birlikləri, beynəlxalq təşkilatları 1990-cı ilin 20 Yanvarında sovet rəhbərliyi tərəfindən həyata keçirilən hərbi təcavüzə hüquqi-siyasi qiymət verilməsini, bu vandalizm aktının təşkilatçılarının cəzalandırılmasını tələb edirik.

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button