2000-ci ilin və bu günün Müsavat Partiyası – deputatlığa namizədləri müqayisə etsək…

Müsavat Partiyası deputatlığa 78 dairədən 81 namizədinin siyahısını elan etdi. Müsavat başqanı Arif Hacılı bildirib ki, seçkilərə qatılan digər müxalifət təşkilatları-Real Partiyası və Nida Vətəndaş Hərəkatının təmsilçiləri ilə təmasları davam etdirirlər. O, bəzi dairələrdə Müsavatın namizəd irəli sürmədiyini bildirərək, həmin dairələrdə partiya üzvü olmayan müxalifətçi namizədləri müdafiə edəcəklərini qeyd edib. Arif Hacılı həmçinin deyib ki, 3 dairədə Müsavatın iki nümayəndəsi öz namizədliyini irəli sürüb, onlarla bağlı partiyanın yekun qərarı namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra qəbul olunacaq. 

9 fevral 2019-cu il tarixinə təyin olunan növbədənkənar parlament seçkilərində Müsavat Partiyası namizədlərinin siyahısı ilə 2000-ci ilin noyabrında keçirilmiş parlament seçkilərində proporsional seçki sistemi üzrə 25 nəfərlik deputatlığa namizədlər siyahısını müqayisə etdik. 2000-ci il seçkilərindəki 25 nəfərlik namizədlər siyahısı nəinki bir seçki dairəsində, hətta bütün ölkə miqyasında tanınan, nüfuza malik insanlardan ibarət siyahıdır. Sıralama belədir: İsa Qəmbər, Arif Hacılı, Vurğun Əyyub, Sülhəddin Əkbər, Qubad İbadoğlu, İbrahim İbrahimli, Rauf Arifoğlu, Flora Kərimova, Fəxrəddin Bağırov, Əsgər Əhməd, Hacı Hacılı, Nəsiman Yaqublu, Məleykə Hüseynli, Adil Qeybulla, Şirməmməd Hüseynov, Musa Qasımlı, Abbas Abdulla, Qabil Hüseynli, Rafiq İsmayıl, Söhrab Məhərrəmli, Seyidəli Məmmədli, Şirzad Məmmədli, Məryəm Oruclu, Xalid Kazımlı, Əlvan Əliyev, Əlisa Şükürlü, Şəmsəddin Mütəllimov, Məryəm Həsənova, Mahmud Hacıyev, Orxan Kərimov.

9 fevral 2020-ci il parlament seçkilərində Müsavatın 81 nəfərlik namizədlər siyahısında isə parlaq, ölkədə tanınan, ciddi siyasi çəkiyə malik 25 nəfər tapmaq mümkün deyil. Bu siyahıdan seçmə etdik. Ən yaxşı halda 20-yə yaxın tanınan simanın adına rast gəldik: 8 saylı Binəqədi birinci Seçki dairəsindən Arzu Səmədbəyli, 9 saylı Binəqədi ikinci Seçki dairəsi Nemət Kərimli, 10 saylı Binəqədi üçüncü Seçki dairəsi Gülağa Aslanlı, 15 saylı Yasamal birinci Seçki dairəsi Arif Hacılı, 16 saylı Yasamal ikinci Seçki dairəsi Almaz Məmmədli, 19 saylı Nərimanov birinci Seçki dairəsi İsa Qəmbər, 20 saylı Nərimanov ikinci Seçki dairəsi Valeh Hümmətoğlu, 24 saylı Nizami birinci Seçki dairəsi Nəsiman Yaqublu, 26 saylı Sabunçu birinci Seçki dairəsi Rafiq İsmayıl, 31 saylı Suraxanı ikinci Seçki dairəsi Mustafa Hacılı, 33 saylı Xətai birinci Seçki dairəsi Nüşabə Sadıxlı, 38 saylı Nizami ikinci (Gəncə) Seçki dairəsi Cahangir Əmirxanlı, 43 saylı Sumqayıt üçüncü Seçki dairəsi İkram İsrafil, 80 saylı İmişli-Beyləqan Seçki dairəsi Razim Əmiraslanlı, 84 saylı Füzuli Seçki dairəsi Osman Kazımov, 86 saylı İsmayıllı Seçki dairəsi Dünyaxanım Carullayeva, 108 saylı Ağstafa Seçki dairəsi Başxanım Abbaslı, 113 saylı Şəki şəhər Seçki dairəsi Həbibullah Manaflı.

Digər namizədlərin sırasında deputatı olmaq istədikləri rayonlarda əhalinin tanıdıqlarının olması mümkündür. Ola bilsin ki, rayon səviyyəsində nüfuzları da var.

Ancaq Müsavatın 20 il öncəki siyahısı ilə indiki siyahısı əslində real mənzərəni ortaya qoyur. 25 nəfərlik siyahının, yoxsa 81 nəfərlik siyahının daha samballı olduğunu oxucular yəqin ki, müəyyən edər.

Daha bir maraqlı məqam isə odur ki, Müsavatın 2000-ci ildəki məşhur 25 nəfərlik namizədlər siyahısındakılardan hazırda cəmi 6 nəfər Müsavat Partiyasında qalır. Digərləri müxtəlif səbəblərdən partiyadan ya özləri gedib, ya da xaric olunublar. Dünyasını dəyişənlər (7 nəfər) də var.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button