4 Qırğızıstan vətəndaşı Azərbaycanda saxlanaraq təhvil verilib

4 Qırğızıstan vətəndaşı Azərbaycanda saxlanaraq təhvil verilib.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi bu gün, martın 26-da məlumat yayıb.

Mətbuat xidməti xatırladıb ki, Qırğızıstan hüquq-mühafizə orqanlarının martın 23-də yayılan açıqlamasında bu ölkənin ərazisində “5 nəfər azərbaycanlının şübhəli şəxs qismində” saxlanması barədə məlumat verilib:

“Azərbaycan Daxili İşlər Nazirliyi… qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı qırğız tərəfinə təqdim ediblər. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib”.

Bildirildiyinə görə, qarşı tərəfin müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğızıstan Respublikası vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar həmin ölkənin aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər:

“Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız Respublikasının hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”.

Hələlik, bu açıqlamaya saxlanan şəxslərin yaxınları və vəkillərindən münasibət almaq mümkün olmayıb.

Martın 23-də Qırğızıstanın hüquq mühafizə orqanları bu ölkənin Gömrük Xidmətinin keçmiş rəis müavini Rayımbek Matraimovun Azərbaycanda olması barədə məlumat yayıblar.

Bildirilmişdi ki, məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət göndərilib və həmin ölkənin güc strukturları Matraimovun ekstradisiya məsələsinə baxırlar. Habelə iddia edilmişdi ki, martın 23-də Qırğızıstanda həbs olunmuş Azərbaycandan olan şəxslərin (5 nəfər olduğu bildirilirdi) Rayımbek Matraimovla əlaqəsinə aid məlumatlar var. Onlar ölkə rəhbərliyinə sui-qəsd hazırlamaqda ittiham edilirlər.

R.Matraimov Qırğızıstanda yanvar ayında axtarışa verilmişdi. O, qanunsuz olaraq azadlıqdan məhrum etmə və daha əvvəl isə korrupsiyada günahlandırılıb.

İstər onun, istərsə də sui-qəsdə hazırlıqda ittiham edilən həmin 5 şəxsin və yaxınlarının ittihamlara münasibətini ayrılıqda öyrənmək mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button