5 il əvvəlki çıxış: “Həbsxanada Tanrını gördüm”-VİDEO

Əvəz Zeynallı: “Həbsxananı bütün təhsillərimin ən alisi hesab edirəm”   

 

5 il bundan əvvəl Azərbaycan TED X-i məni də dəvət etmişdi. Zalda qələbəlik, məndə həyəcan vardı. Səhnəyə çıxanda texniki problemlər oldu. Mikrofonlar dalbadal işləmədi. Girişi ona görə elə başladım ki, cinayət işim də belə idi – buradakı mikrofonların işləməməyi mənlik deyilsə, o da mənlik deyildi…

 

Mən çox uzun zaman, çox uzun illər onu anlatmaq istədim ki, mənlik bir şey yoxdur. Həqiqətən mənlik bir şey yoxdur. Eynilə belə olub. Hamının gözünün qabağında…

Burada əslində, mən insan azadlığından danışacam. Yəni bizim hamımız üçün nisbi olan, azadlıqda olanda çox zaman dərk etmədiyimiz – dərk eləyə bilməyəcəyimiz azadlıqdan. Çünki bu, mümkün də deyil. İnsan azad olanda azadlığı dərk edə bilməz. Amma insan çox ağır situasiyalarla qarşılaşarsa, birdən həbs olunarsa, birdən yolu gedər-gəlməzə düşərsə, necə olar? O zaman azadlıq itirmi? Mən ondan danışmaq istəyirəm.

Bilmirəm, səsimdə həyəcan varmı, amma mən Ağır Cinayətlər Məhkəməsinin məhkəmə salonlarında heç həyəcanlanmadım. Bilmirəm məhkəmədə iştirak edənlər, sonra o prosesdən çəkilmiş bəzi hissələrə baxanlar varmı? Həqiqətən mən heç həyəcanlanmadım. Azərbaycan məhkəmələrinin ən ağır hakimlərinin qarşısında həyəcanlanmadım. Amma görünür, burada Azərbaycan gəncliyinin fikir platformasının gücüdür – fikir olan yerdə insan həyəcanlanır. Ədalətsizlik, haqsızlıq olan yerdə həyəcanlanmazsan, çünki sən haqlısan.

Mən bu rəsmi (Ağır Cinayətlər Məhkəməsinin zalında Seıcanla dəmir barmaqlıqlar arxasından görüşümüzü əks etdirən şəkil – Ə.Z.) azad olunandan sonra gördüm. Azadlığa çıxandan sonra gördüm. Bu rəsmdəki mənim qızımdır – Selcan. Əslində, Selcan mənim – bütün mübarizə və döyüş adamlarında olduğu kimi – Selcan mənim mübarizələrimin ümumiləşmiş obrazıdır. Həbs olunandan sonra “Selcanın məmləkəti – Həbsxana gündəlikləri” yazmağımın səbəbi də Selcandır. Əslində, insan inandığı, dəyər verdiyi, etibar etdiyi bir ünvana yazır. Bunu yazıçılar daha yaxşı bilər. Amma mən həmişə ictimai rəylə məşğul olduğuma görə, bu məsələlər haqqında həbsxanada daha çox düşünməyə vaxtım oldu. Və mən o şəkli çox müzakirə etdim və orada əslində, azadlıq gördüm. Azadlıq əslində, odur. Azadlıq əslində, bütün məhdudiyyətlərə baxmayaraq, sərhədləri aşıb keçmə və öz hisslərini biruzə vermədir…

 

Heç birimiz özümüzü tanımırıq

Burada yadıma çox maraqlı bir məqam düşdü, bir növ yaddaşım təzələndi. İnsanın ruhu və yaddaşı olmadığı zaman insan məhvə məhkumdur. İnsanı o zaman əzmək olar ki, onun ruhunu və yaddaşını əlindən alasan. Və çox ağır durumlarla, çox ekstremal şəraitlə insan qarşılaşanda, əslində, bunu hiss edir. Burada olan gənclərdən, insanlardan kim deyə bilər ki, mən özümü tanıyıram, tam tanıyıram. Heç birimiz özümüzü tanımırıq. Biz bilmirik ki, birdən üstümüzə 20 adam tökülüşərsə biz nə edə bilərik? Biz birdən-birə buraya girib, əlimizdən tutub bizi apararlarsa və boynumuza ağır və xüsusilə ağır cinayətləri yükləyərlərsə, biz nə edə bilərik?! Sınarıqmı, sınmarıqmı, qorxarıqmı, ağlayarıqmı, əzilərikmi – biz heç birimiz bilmirik bunu. O mənada məncə, həbsxana insan həyatının ən son mükəmməlləşdiyi yerdir, məkandır.

Biz o zaman Türkiyəyə təhsil almağa göndəriləndə, mən bir müsahibə vermişdim. İlk müsahibələrimiz verirdik. O zaman mən demişdim ki, buynuzlarımızı itiləməyə gedirik. Və Cəlil Məmmədquluzadənin bir sitatı ilə davam etmişdim ki, mən dünyaya gələndə hər yeri qaranlıq gördüm. Biz qaranlıqları aydınlatmağa gedirdik – çox böyük bir ordu misali. Bəlkə də sovet təhsili deyirlər, bəlkə də Türkiyə təhsili deyirlər, onun dəxli yoxdur, mən bilirəm ki, onun yaddaşla, onun gen yaddaşı ilə, genetik kodlarla əlaqəsi var. Və həbsxananı mən bütün təhsillərimin ən alisi hesab edirəm. Mən orta məktəbdə də yaxşı oxumuşam, Ankara Dövlət Universitetinin hüquq fakultəsini də uğurla bitirmişəm, çox gənc yaşlarımdan ictimai dirilişlə məşğul olmuşam, ağır problemlərin altına girmişəm. Mən heç bir zaman çiynimin qaldıra biləcəyi yükün altına girməmişəm. Mən bir cəmiyyətin və bir dövlətin yapışa biləcəyi bir işin altına girmişəm və o yükün altından çıxa bilmişəm. Biz 14 fevral-30 İyun döyüşündən çıxdıq və biz 30 İyunu bu ölkəyə gətirdik. Həmin yaddaş məsələsi idi. Həmin qloballaşan dünyada itməmək məsələsidir həmin o yaddaş məsələsi. Və dünyanın ən isti bucaqlarında müzakirə olunur, dünyanı idarə edənlər bütün balaca millətləri özlərinə yem etmək istəyirlər. Həmin o qloballaşan dünyada itməmək üçün verilən savaşın həm də bir döyüşçüsüyəm mən. Belə hesab elədik, belə bildik, belə anladıq. Mən hər zaman “niyə bu ölkə dünyanı oxumur?” dedim. Deyilmi? Niyə bu ölkə dünyanın ən böyük əsərlərini oxumur? Niyə dünyanın tarixini dəyişdirən əsərlər bu ölkədə yoxdur, bu dildə yoxdur? Ki, o zaman mən tərcümə etdiyim bir kitaba görə, mənə cinayət işi açıldı. Hətta biriləri də durub dedilər ki, bu dildə və bu ölkədə bu kitab çap oluna bilməz. Nə üçün? Niyə dünyanın hər bir dilində oxunan əsər mənim dilimdə oxunmasın?

 

Həbsxana azad və müstəqil insan üçün, həbsxana döyüşü sevən insan üçün, həbsxana nə istədiyini bilən bir insan üçün bir Akademiyadır

Bir problemimiz də budur. Mən həm də bunu gördüm. Və əslində, davamız da o böyüklüyün üstündə oldu. Həmin o böyüklüyün qovğasını apardıq. Və bir də baxdıq ki, azad olunmaq həm də ağır və xüsusilə ağır cinayətlə ittiham olunmaqdır. Və o mənada mən həbsxananı itirilmiş illər hesab etmirəm. Həbsxana azad və müstəqil insan üçün, həbsxana döyüşü sevən insan üçün, həbsxana nə istədiyini bilən bir insan üçün bir Akademiyadır. Həbsxana mənim üçün ən əziz insanların yoxluğuna sevinməkdir. Məsələn, mən çox sevindim ki, Atam nə yaxşı ki, bu dünyada yoxdur, çünki o, dözə bilməzdi. Həbsxana mənim üçün 60.000 səhifə kitab oxumaqdır. Həbsxana mənim üçün 3603 səhifə gündəliklər yazmaqdır. Barmaqlar qanayana qədər. Mən həbsdən sonra barmaqlarımla qələm tuta bilmirəm. Çünki o qədər yazmışdım ki, barmaqlarım qələmdən qorxdu. Və əslində, həbsin ən böyük işgəncəsi bir redaktora kompüter verməməkdi. Mən 3 ildə Azərbaycan Penitensiar Xidmətindən bunu ala bilmədim. Həbsxana mənim üçün 1.000 səhifəlik məktublar və məqalələr yazmaqdır. Və bunların hamısını toplayanda – 60.000 səhifə kitab oxumaq, 3.603 səhifə gündəlik yazmaq, 1.000 səhifə məqalələr və məktublar yazmaq – vəsatətləri bura daxil etmirəm – bu, 1158 gün edir, o da 3 il 2 ay 2 gün. Yəni həbsxana insana o mənada həqiqəti anladır ki, o mənada böyük bir dərs keçir ki, sən azadlığın nə qədər ali və əlçatmaz olduğunu hiss edəsən, biləsən.

Mən Nelson Mandelanı anladım, məsələn. Çünki Nelson Mandela zibil qırıntılarının içərisindən qəzet parçaları tapırdı və onları düzəldib oxuyur, informasiya alırdı. Mən Paraqvayın Xose Muxika adlı bir prezidenti var, onu xüsusilə ağır cinayətdə ittiham edib həbs etmişdilər və xüsusi təhlükəli cinayətkar olduğu üçün onu yerin 2 km dərinliyində saxlayırdılar. O orada qurbağalarla, ilanlarla ünsiyyət qura bilmişdi – qurbağaya deyirdi ki, çəkil buradan, çəkilirdi, ilana deyirdi ki, gözümə görünmə, görünmürdü, məsələn. Bu, insanın əslində, ən kriminal, ən ekstremal şəraitdə özünü ifadə edə bilmə və yaşama istəyidir və belə də olmalıdır. Mən onu anladım. Mən Alparslan Türkeşin dırnaqlarını çəkən əsgərə, “yavrum, senin ne günahın var, sıkılma” dediyini, niyə dediyini anladım. Bəlkə Napoleonu da anladım, çünki Napoleon yalnız başına aylarla, uzun-uzun dövrlərdə düşmənin nəzarətində qaldı. Əslində, bəlkə də mən bunların hamısını yaşamadım, görmədim, amma hamısını anladım.

 

Azadlıqda minlərlə insan var ki, azad olduğunun fərqində deyil, kölədir, amma həbsxanada insanlar var ki, onlar çox azaddırlar

 

Azadlıqda bunu anlamaq mümkün deyil. Və azadlıqda yüzlərlə və minlərlə insan var ki, azad olduğunun fərqində deyil, kölədir. Həbsxana çox dəyərli insanlar, həmkarlarım var ki, onların hamısına azadlıq arzulayıram, azaddırlar, çox azaddırlar.

Mən Selcanı səhnəyə dəvət etmək istəyirəm… Və Selcan gələnə qədər bir şeyi demək istəyirəm. Mən həbsxanada həm də Tanrını gördüm. Hamı bilir… Tanrını görməyi bilmirəm, təsəvvür edə bilirsinizmi? Mən Tanrıdan ən gileyli adamam, mən Tanrıdan ən narazı adamam, mən Tanrıya hər cür əsəblərimi açıq şəkildə biruzə verən adamam. Amma mən həbsxanada Tanrını gördüm. Tanrı günahsız insanların gözünə görünür. Tanrı günahsız insanların həmişə yanında olur – amma mütləq günahsız olmalısan.

Çox xırda bir qeyd edim – həbsxanaya tələsmək olmaz. Heç kim dediklərimdən bu nəticəyə gəlməsin ki, bu gözəl şeydir, elə hamımız gedək. Ancaq mübarizə aparırıqsa, mübarizənin təbii və məntiqi nəticəsi oradırsa, xoşdur, ora da bizim ölkədir, ora da bizim müqəddəs bir məkandır. Bizim yerimiz harada olmağımızdan asılı olmayaraq bizim ruhumuz və yaddaşımızdır.

 

Azadlıq insanı xoşbəxt edir

İlk görüşdə – mənə çox uzun zaman görüş vermədilər, məni çox ağır tutmuşdular, çox ağır ittihamla tutmuşdular, Azərbaycan nazirlərinin hamısının topundan mənim maddələrim çox idi. Bunlar hamısı ayrı-ayrı müzakirə ediləcək problemlərdir, sözüm onda deyil. 3.603 səhifəni mən burada danışa bilmərəm. Amma ilk görüşdə çox maraqlı bir hadisə oldu. Müstəntiq çox israrla dedi ki, Əvəz Zeynallının uşaqları gəlməsin. Həbsxanadır, qız uşaqlarıdır, yaddaşlarında qalar, dəhşətli iz buraxar və s. Mən çox əsəbiləşdim o zaman müstəntiqə. Dedim mənim uşaqlarımın yaddaşını mən və mənim genetik kodum müəyyən edir.

Mən Selcanı, Banuçiçəyi – uşaqları həbsxanaya dəvət elədim. Uşaqlarım hər zaman mənim yanıma gəldilər, dəmir qəfəslərdən qorxmadılar, biz dəmir qəfəslərdə bir-birimizə sarıla bildik.

Mən Sizə onu demək istəyirəm – əslində, hamıya demək istəyirəm. Mən müstəntiqin o qərarını ona görə pozdum ki, Selcan gəlsin və atasının orada da azad olduğunu görsün. Əslində qəfəslər, əslində qollara vurulan qandallar azadlığı məhdudlaşdırmır, qollara vurulan qandallar insanın yalnız şərəfini artıra bilər – günahsız, azad və müstəqil insanın.

Azadlıq insanı xoşbəxt edir. Mən Sizin hamınıza xoşbəxtlik və azadlıqdan qorxmamağı arzulayıram. Azadlıqdan qorxmayın!

18 aprel 2015-ci il,

TED X

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button