AZƏRBAYCAN NƏHAYƏT VİZA PROSEDURLARINI SADƏLƏŞDİRDİ
Prezident İlham Əliyev Bakıda “Avroviziya 2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə fərman verib. Fərmana görə, Bakıda keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. Digər tərəfdən, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:
1. “Avroviziya 2012” mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;
2. Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
3. “Avroviziya 2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Fərmanda göstərilən şəxslər – “Avroviziya 2012” mahnı müsabiqəsinin təşkilat komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri – 2012-ci il aprelin 15-dən iyunun 1-dək, eləcə də Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Avroviziya 2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər – 2012-ci il mayın 10-dan iyunun 1-dək viza almaq üçün müraciət edə biləcəklər.
XuralTAC