Surxay Qocayev yazır: “Ömrümüzün Vətən adlı yolları…”-ŞEİR
Ərdəbildən keçir, Təbrizdən keçir,
Xətai ad qoyan yol – rizdən keçir,
Tarixdə itməyən hər izdən keçir,
Ömrümüzün Vətən adlı yolları.
Keçir elə İrəvandan köçəndən,
Keçir Zəngəzurdan, keçir Göyçədən,
Borçalı, Dərbəndi qürbət seçəndən,
Ömrümüzün Vətən adlı yolları.
Əzm, hünər suyunu qeyrətdən içir,
Yol oğulu seçmir, oğul yol seçir,
Qarabağdan keçir, Şuşadan keçir,
Ömrümüzün Vətən adlı yolları.
Haqq-hesab çəkilər bir gün yağıdan,
Kar ki, aşmaz ağlamaqdan, ağıdan,
Oğul istər bu sədləri dağıdan,
Ömrümüzün Vətən adlı yolları.
Min arzudan keçir, diləkdən keçir,
Açılmaz yumruqdan, biləkdən keçir,
“Ya Qarabağdan, ya ölmək”dən keçir.
Ömrümüzün Vətən adlı yolları.
17.02.2019
Xural.com