ABŞ-ın İran üzrə nümayəndəsi Cənubi Qafqazda olub

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsi Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.

O, Bakı, Tbilisi və Yerevanda yüksək vəzifəli məmurlarla görüşlər keçirib və danışıqlar aparıb.

A.Peyli aprelin 1-də səfərin yekunlarına dair X platformasındakı hesabında belə yazıb: “Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli məmurlar və özəl sektorun nümayəndələri ilə görüşdüm”.

O, Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Səfərlə bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı açıqlama olmayıb.

A.Peylin bu açıqlamasına İranın Azərbaycandakı səfirliyinin də, hələlik, münasibəti bəlli deyil.

Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdiyinə və insan hüquqları ilə bağlı pozuntulara görə son illər Qərb ölkələrinin yeni sanksiyasına məruz qalıb.

İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya arasında 2015-ci ildə bu ölkənin nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. ABŞ prezidenti Donald Tramp administrasiyası 2018-ci ildə sazişi tərk edərək sanksiyaları bərpa edib. O bildirib ki, İran sazişə əməl etmir.

İran buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button