ABŞ Kremlin Moskvadakı terrorla bağlı şərhlərini “çirkin kampaniya” adlandırıb

Yayımlandı: 28 Mart 2024 12:55

Kremlin çoxsaylı məmurlarının şərhləri məsuliyyətsiz və abırsızdır”

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib ki, ABŞ, Britaniya və Ukraynanın “Crocus City Hall”dakı terror aktına heç bir aidiyyatı yoxdur.

Miller Kreml məmurlarının terror aktı ilə əlaqədar bəyanatlarını “çirkin” kampaniya adlandırıb.

“Kremlin çoxsaylı məmurlarının şərhləri məsuliyyətsizdir, abırsızdır və bu, Prezident Putinin və komandasının digər üzvlərinin Ukraynaya qarşı qanunsuz müharibəyə haqq qazandırmaq üçün milli faciədən necə istifadə etməsinə daha bir nümunəsidir”, – Departamentin nümayəndəsi bildirib.

Martın 22-də 143 nəfərin həyatına son qoyan terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması  (“İslam dövləti”) öz üzərinə götürüb, lakin Rusiyanın yüksək vəzifəli məmurları sübut təqdim etmədən bildirirlər ki, bu aktda Ukrayna, ABŞ və Böyük Britaniya iştirak ediblər.

Martın 25-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib ki, İŞİD-in Moskvada konsert zalına hücum edə biləcəyinə inanmaq çox çətindir.

O əlavə edib ki, Qərb Ukrayna və Qərb hökumətlərinin üzərindən günahı atmaq üçün məsuliyyəti terror qruplaşmasının üzərinə qoymağa tələsib.

Metyu Miller. ABŞ DD-in saytından screenshot

“Mən bu şərhləri, Prezident Putinin şərhlərini, eləcə də bu terror atkının arxasında bir sıra ölkənin dayandığını iddia edən digərlərinin şərhlərini gördüm. Aydındır ki, bu iddialar tamamilə yalandır və düşünürəm ki, Rusiya hökuməti bunun yalan olduğunu bilir”, – Miller deyib.

Bu hücumların arxasında Ukrayna durmayıb. Bu hücumların arxasında Böyük Britaniya durmayıb. Bu hücumların arxasında ABŞ durmayıb. Faktiki olaraq, ABŞ bu hücumların mümkünlüyü barədə əvvəlcədən Rusiyanı xəbərdar etdi, çünki biz rusiyalıların ölümünün qarşısını almaq istədik”, – Miller deyib.

Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktı martın 22-də axşam saatlarında baş verib.

Son məlumatlara görə, konsert salonuna hücum nəticəsində 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Eyni zamanda, Rusiya hakimiyyəti terror aktının arxasında Ukraynanın olduğunu iddia edir.

Bu barədə həm Rusiya Prezidenti Vladimir Putin, həm Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, həm də Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov danışıblar.

Ukrayna terror aktında iştirakını inkar edir.

“Bloomberg” iddia edir ki, Prezident Vladimir Putinin çevrəsi Ukraynanın terror aktında əli olduğuna dair heç bir dəlilin olmadığına əmindir.

Lakin Putin bu faciədən istifadə edərək rusları Ukrayna ilə müharibəyə cəlb etmək niyyətindədir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button