Ad günü

Mirzə Sakit

Yaxşı yadımdadır. 2024-cü il idi. Nəvə-nəticələrim payızın qızıl günlərinin birində başıma yığılıb 65 yaşımı qeyd edirdi. Evimizin darısqallığını və havanın ilıq olmasını nəzərə alıb, bu mərasimi təbiətin qoynunda keçirməli olduq. Ölkədə getdikcə qorxulu vəziyyət yaranmışdı. Beş nəfər adamın bir yerə toplanmasına qətiyyən icazə verilmirdi. Buna görə də biz şəhərdən çox uzaq guşəyə çəkilib, candərdi şadyanalıq edirdik. Bu ad günü də balaca nəvəmin arzusu idi deyə, onun qəlbini qırmamaq xatirinə düzənləmişdik. Bundan az öncə yerli hakimiyyət Qarabağ savaşındakı atəşkəsin 30 illiyini böyük təntənə ilə qeyd etmişdi. Bu illər ərzində ermənilər artıq Naxçıvanı və Gəncəni də işğala məruz qoymuşdular. Ölkəni keçmiş prezident Heydər Əliyevin nəvəsi Heydər Əliyev idarə edirdi. O, həftədə bir neçə dəfə televiziya vasitəsi ilə Naxçıvanın, Gəncənin, hətta Qarabağın da tezliklə işğaldan azad olunacağını xalqın diqqətinə çatdırırdı. Camaatın da bəzi təbəqəsi onun haqqında deyirdilər ki, görürsünüzmü, bizim prezident ingilis, fransız, rus, alman və italyan dillərini əzbər bilir, idmana meyllidir. Düzdür, ətrafı pisdir, amma yavaş-yavaş onu da düzəldəcək. Bax, keçən il dörd dənə naziri dövlət çevrilişinə cəhd etdiyinə görə həbsə atdırdı. Yaxşı ki, bizi Avropa Şurasının üzvlüyündən çıxardılar, yoxsa indi onlar hay-küy qaldırıb baş-beynimizi aparacaqdılar.

Böyük nəvəm müxalifət partiyasının sədri olsa da, heç bir fəaliyyəti yox idi. Eləcə arabir pıçıltı ilə qulağıma deyirdi ki, ay baba, bu prezident diktatordu. Uşağın nənəsi də həmişə onun üstünə çımxırırdı ki, a bala, nənə qurban, kirimiş dur, ağzının yiyəsi ol. İndi bu boyda sədr olmusan, sənə daha nə lazımdı. Odeey, Mahal İsmayıloğlunun nəvəsi o gün qəzetə yazmışdı ki, radikallıq ədəbsiz hərəkətdir. Allah qoysa, sivil və seçki yolu ilə diktaturaya qalib gələcəyik. Heç bir təbliğat və təşviqatın əhəmiyyəti yoxdur. Kişinin oğlu düzcə deyir, a qadoyalım.

Axşamüstü yır-yığış eləyib evə qayıtmağa hazırlaşdıq. Qonşumuz Molla Nurəddinin nəvəsi Sədrəddinin “Qazel”inə doluşub şəhərə tərəf istiqamət götürdük. Əzizbəyovun “kruq”unda böyük tıxac yaranmışdı. Soruşduq, ay camaat, bu nə tıxacdı belə? Dedilər ki, bəs sabah günorta Nikaraquanın, Zimbabvenin, Nigeriyanın, Venesuelanın, İranın, Türkiyənin və Özbəkistanın dövlət başçıları diktatura mədəniyyətinin Bakıda keçiriləcək konfransına gələcəklər. Və bizim prezident də onların pişvazına çıxmaq üçün hava limanına gedəcək. Ona görə də sabah günortadan sonraya qədər yol bağlı olacaq. Müxalifətçi nəvəm yenə dözməyib qulağıma pıçıldadı:

– Babacan, o ölkələrin hamısında avtoritar rejimdi?
– Dedim, ay Allah evini yıxsın, bayaq nənən ölmüş ağzında sənə bir Quranlıq söz dedi, indi bizimlə qəsdin nədi, bizi qana çalxalamaq istəyirsən? Ayə, sənə yüz dəfə demişdim ki, mənim cibimə 2006-cı ildə heroin atıb tutdurdular? Qənimət babanı Sevgiladə nənə şərlədi, Eynulla babaya da terrorçu damğası vurub, səkkiz il yarım iş verdilər, türmədə də ayaqqabısının içinə mənim cibimə atdıqları o zəhrimardan atıb dübarə işini artırdılar?! A bala, indi zaman dəyişib. And olsun o İslam Konfransında Şeyxin oxuduğu dualara ki, sənin evinin zirzəmisindən kokoin daşıyan qırıcı təyyarələr çıxararlar. A bala, o yalançı müxalifətçiliyini tərgit getsin.

Yaxşı ki, nənəsi eşitmədi, yoxsa abrını bükərdi ətəyinə. Nəysə, gördük gözləməyin yeri yoxdu, “Qazel”dən tökülüşdük yerə. Qab-qazanı kürəyimizə şəlləyib payi-piyada camaata qoşulub, axşama gəlib evimizə çıxdıq. Evə çatanda gördük ki, işığımızı kəsiblər. “Azərenerji”nin mətbuat xidmətinin keçmiş rəhbəri Tanrıverdi müəllimin nəvəsi Allahverdi müəllimə zəng etdim. O Allah saxlamış da dedi ki, ay əmi, neyliyim mən axı? O işığı kəsənlər ermənilərin, rusların qabağında ikiqat boyun əyənlərdi. Yenə sağ olsun, heç olmasa mədəni və obyektiv danışdı.

Bunlar hamısı düzələn işlərdi. İndi də deyirlər ki, bəs, bizim prezidentin bir nəvəsi olub, adını da İlham qoyublar. Bax bu yerdə deyiblər babalarımız “Ölünü qoy, dirini ağla”. İndidən o müxalifətçi nəvəmə demişəm ki, bala, mən öləndən sonra başdaşıma xaç işarəsi vurarsan. Onsuz da gec-tez ermənilər gəlib Bakını da alacaqlar. Heç olmasa gorda rahat yata bilim. Keçmiş Müdafiə nazirinin nəvəsi Cəfər Əbiyevin ordusunda ki bu bespredellikdir, mütləq ermənilər “dənizdən-dənizə” doğru addımlayacaqlar.

Artıq 70 yaşım var. Bu danışdığım əhvalat beş il bundan qabaq olub. İndi heç 70 illiyimi hərləyən yoxdu. Çünki nəvəm müxalifətçilikdən sovuşdu…

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button