Adamlar və siçanlar

Seymur Baycan

Hacı bəylə nə vaxt, hansı şəraitdətanışolduğum dəqiq yadımda deyil. Əgər yaddaşım məni aldatmırsa, cəhv etmirəmsə, Müsavat Partiyasının qərargahında tanış olmuşduq. O vaxtlar mən çox gənc idim. İddiam yerə-göyə sığmırdı. Bütün həqiqətləri dərk etdiyimi düşünürdüm.

Hacı bəylə əsasən, ədəbiyyat, əsərlər haqqında söhbət edirdik. Onun məni necə səbrlə dinlədiyini indi tam olaraq başa düşürəm. O vaxt mən danışırdım, Hacı bəy səbrlə qulaq asırdı. Hacı bəy o vaxt öz davranışı, təvazökarlığı, savadı ilə başqalarından seçilirdi.

Mənim zövqümün dərinləşməsində Hacı Hacılı müstəsna rol oynadı. Əlimə keçən kitabları oxuyurdum. Hacı bəy lazım olan əsərləri, mənbələri mənə nişan verdi. Buna görə Hacı bəyə öz dərin təşəkkürümü bildirirəm. Dostluğumuz isə davam etməkdədir. Hacı bəy indi vətəndən uzaqda, Avropada yaşasa da, müntəzəm məktublaşırıq, fikir mübadiləsi edirik. Qısası, Hacı Hacılı çox böyük sayğı duyduğum şəxslərdən biridir…

Növbəti görüşlərimizin birində Hacı bəy ənənəyə uyğun olaraq mənə “nə oxumusan” sualı verdi. Cavab verdim: “Con Steynbekin “Adamlar və siçanlar” əsərini”. Yadımdadır, qızğın söhbətimiz başladı. Hacı bəy o vaxt belə bir söz işlətdi: “Əgər o əsəri oxumusansa, səndən nəsə alına bilər”.

Bu söz həyatda eşitdiyim ən xoş sözlərdən biridir. Daima çətinliyə düşəndə, əziyyət çəkəndə, hər şeyin bitdiyini düşünəndə Hacı bəyin sözünü xatırlayıram. Avtomatik olaraq Con Steynbekin “Adamlar və siçanlar” əsərini xatırlayıram.

Con Steynbeki Azərbaycan Oxucusu daha çox “Mirvari” əsərinin müəllifi kimi tanıyır. “Mirvari” əsərini dilimizə Manaf Süleymanov tərcümə edib. “Adamlar və siçanlar” əsərinin Azərbaycan dilinə çevrilib-çevrilməməsindən xəbərim yoxdur. Mən əsərin nədən bəhs etdiyi haqda heç nə yazmayacağam. Mümkün deyil. O əsəri yalnız oxumaqla anlamaq olar. Süjeti danışmaq çətin məsələdir. Steynbek Mark Tvenlə başlayan Amerika ədəbiyyatında digər amerikan yazıçılarına çox az oxşayır. Onu olsa-olsa bir az Drayzerə bənzətmək olar. Yaxud tam tərsinə Steynbek üslub, mövzuya yanaşma baxımından daha çox rus yazıçısıdır. Onun əsərlərinin ortasından keçən qırmızı xəttin adı insandır. Steynbekin əsərlərində içki, əyləncə səhnələri azdır. Varsa belə, yenə də insan faciəsini göstərməyə xidmət edir.

“Adamlar və siçanlar” əsəri bu günə qədər oxumağa imkan tapdığım əsərlər arasında məni ən çox sarsıdan beş əsərdən biridir. Mən o vaxt statistika naminə, sitat gətirmək üçün oxuyurdum. Həcmi o qədər də böyük olmayan “Adamlar və siçanlar” əsərini oxuyub sözün həqiqi mənasında sarsıldım. Bu, nəsə başqa bir əsər idi. Özümə gələ bilmirdim. Əsərin sonluğu məni məhv etmişdi. Şoka düşmüşdüm. “Bu qədər qəddarlıq ola bilməz” deyirdim. Sonralar müxtəlif dövrlərdə əsəri beş dəfə təkrar oxudum. Hər dəfə əsəri oxuyub bitirəndə yenə də sonluğu həzm edə bilmirdim.

“Adamlar və siçanlar” deyəsən, ilk əsər idi ki, mən o əsəri hisslə oxumuşdum. İndi başa düşürəm ki, bir çox əsərləri anlamaq üçün tək ağıl, analiz etmək qabiliyyəti bəs etmir. Hiss də lazımdır. Nəinki lazımdır, vacibdir. Bu qədər sadə. Əks halda… Heç nə…

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button