Afiəddin Məmmədov onun işinə baxan hakimlərə etiraz edir: onların obyektiv və ədalətli olacağına inanmır

Yayımlandı: 12 Mart 2024 21:46

Hakim fəalın məhkəmədə danışmasına icazə verməyib

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, həbsdə olan ictimai fəal Afiəddin Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər kollegiyasına etiraz edir. Onun işi Səbuhi Hüseynovun sədrliyilə, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyasının icraatındadır. Lakin ictimai fəal bu kollegiyanın onun işinə obyektiv baxacağına, ədalətli hökm çıxaracağına inanmır.

Ötən məhkəmə iclasında Afiəddin Məmmədov və onun vəkili jurnalistlərə məhkəmə prosesinin gedişində videogörüntülər çəkməyə icazə verilməsini istəmişdi. Ancaq məhkəmə bu vəsatəti təmin etməmişdi. Buna etiraz edən Afiəddin Məmmədov və vəkili bildirmişdi ki, bir çox başqa məhkəmə işlərində videoçəkilişə icazə verilir, lakin onun məhkəməsində yox.

Martın 12-də keçirilən məhkəmə iclasında vəkil hakimlərə etiraz edərkən bu məsələni xatırladıb. Müdafiəçi bildirib ki, Afiəddin Məmmədov hakimlərin onun işinə obyektiv baxmaq niyyətində olmadığını, bu səbəbdən videoçəkilişə icazə vermədiklərini düşünür. Ona görə də bu kollegiyaya etiraz edir.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Orxan Kəngərli etirazın əsassız olduğunu bildirib. Deyib ki, məhkəmə özü audio və videoyazı aparır.

Hakimlər də etirazın əsassız olduğunu iddia edərək, onun baxılmamış saxlanmasına qərar verib.

Daha sonra məhkəmə istintaqının başlandığı bildirilib, prokuror ittiham aktını elan edib. İttihama əsasən, Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında saat 16.30 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı-red.) gedərkən Səfər Hüseynovla toqquşub. Bu zaman Afiəddin Məmmədov onun ünvanına nalayiq ifadələr səsləndirib, ardınca gümüşü rəngli bıçaqla ona xəsarət yetirib.

Afiəddin Məmmədova qarşı Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq, soyuq silah saxlama) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İctimai fəal bu ittihamların heç birini qəbul eləmir. O, prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü təqsirli bilmir. İctimai fəal həbsi barədə ətraflı danışmaq istəsə də, hakim onu ifadə verməyə qoymayıb. Deyib ki, vaxt azdır, bu məhkəmə tərkibinin baxmalı olduğu başqa işlər var, növbəti məhkəmə iclasında ətraflı dindiriləcək.
Növbəti məhkəmə iclası isə aprelin 9-na təyin edilib.

Afiəddin Məmmədov deyir ki, o, heç bir cinayət törətməyib. Onun sözlərinə görə, sentyabrın 20-də evdən çıxıb gedəndə bir nəfər ona yaxınlaşıb. Həmin şəxs özünə xəsarət yetirib, bıçağı da onun üstünə atıb. Daha sonra ətrafda əvvəldən gözləyən polislər onu tutub aparıblar.

Bu üsulla şərlənərək həbs olunduğunu deyən ictimai fəalın sözlərinə görə, bıçaqlandığı iddia olunan şəxsin özü ona zərər yetirib. Afiəddin Məmmədov vurğulayıb ki, əsl zərərçəkmiş onun özüdür. Çünki saxlandıqdan sonra özü zorakılığa məruz qalıb:

“Guya mənim bıçaqladığım adam ki var, onun özü mənə zərər yetirib. Məni elə vurmuşdu, iki gün Kürdəxanı təcridxanasında burnumun qanı dayanmırdı”.

Sifarişlə həbs olunduğunu deyən Afiəddin Məmmədov hesab edir ki, ona qarşı bu təxribatın qurulmasının əsl səbəbi işçilərin hüquqlarının müdafiəsilə məşğul olmasıdır. O, yada salır ki, bu fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla şərlənərək, hər dəfə 30 sutka inzibati qaydada həbs olunub.

Avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri və üzvləri də iştirak edib.
Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, ardınca da təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button