Ağır itki…

Atamda o zibil xəstəliyin çıxma xəbərini avtobusdaykən alanda dizlərim büküldü, beynim qurudu, ürəyim soldu, bədənimin idarəsini itirdim, çökdüm, yanımdakı adam olmasa, yerə düşəcəkdim bir torba sümüksüz ət kimi.

İndi 9 aylıq roman qeydlərimin (ondan əvvəl də 5 aylıq qeydlər getmişdi – toplam 14 aylıq) çıxmaz kilidə düşmüş telefonumun yaddaşından artıq bərpa olunmayacağı xəbərini proqramçı dostum Rasim Hamidi mənə bildirəndə eynən elə oldum.

Bir anlıq nəfəsim getdi, gəlmədi, uzandığım yerdə bədənimin necə cansız bir parça olduğunu, az qala, su kimi axıb hayanasa getdiyini hiss elədim.

Gerçəkdən ona kim nə deyir-desin, – ruhmu, canmı, enerjimi, – bax onun bədənimi tərk eləyib göyə uçduğunu aydın görürdüm. Özümə, “Ruh” filmində olduğu kimi yuxarıdan baxırdım.

Bir azdan dostum, ümidin hələ tam üzülmədiyini dedi. Lisenziyalı yaddaş axtarıcı bir proqram varmış, onunla telefonu sıfır çağına qaytarıb, 6 saatlıq axtarış verəcəkmiş.

“Sıfır vəziyyətindən sonra bərpaya ümid yeri varmı?”

“Onsuz da bütün ümidlər bitib, sınamağın bir ziyanı yoxdu. İtirəcəyimiz bir şey qalmadı. Bəlkə bu yolla… Nə deyirsən, start verimmi?..”

Özüm-özümlə çarpışıram. “Hə” deyimmi? Birdən alınmadı? Risk yüzə 99,9. Bəlkə əməliyyata gərək yoxdu? Axı ondan o yana geri dönüş qalmır! Bəlkə belə qalsın? Mən istixarə edincə, dostum start verdi. Geri dönüşsüz əməliyyat başladı. 6 saat gözləyəcəkdim.

Əməliyyat masasından xəbərlər gəldi: “Proqram artıq 15 mətn faylı tapıb…” “20…” “30…” “50…” Nəbzin döyüntüsü artır. “Artıq 50-yə çatıb!” Qurtulacaq!

Çox uzandı. 6 saat 16 saat oldu!

Mən əməliyyatdan xəbər gözləyirəm. İçəridən xəbər gəlmir! Döz görüm, necə dözürsən!

Bu arada ətrafda baş verən qanqaraldıcı məqamlar! Sevgisiz adamlar, üzü dönük dostlar. Dərd üstünə dərd! Bədənimdə ağrılar başlayır. Ağrı dözülməz həddə çatır! Can da əldən gedir, tən də!

***

“Üzgünəm, abi…”

Yenə bükülür dizlərim!

“Yəni bitdimi?..”

“Dayan, bir proqram da var…”

Daha 16 saat gözləmə. “Xilas olacaqmı?..”

“Yox, abi, alınmadı yenə… Deyəsən, bir az xərc çəkməli olacağıq…”

“Xərc qurtuluş deməkdimi?”

“Bilmək olmaz. Qismət…”

***

16 saat sonra…

“Akkauntunla bağlı bilgiləri ver”.

İçimdə ümid qığıltısı və: “Bu dəqiqə…”

6 saat ötür…

***

“Ümidsizlik?”

“Ümid, qorxudan güclü tək duyğudur, abi…”

“O da qorxudur yekunda…”

“İşgəncəni uzadır…”

***

“Maləsəf, tibbin yapacağı bir şey yox…”

“Mənim talesiz romanım! Bu beş ildə başına gəlməyən qalmadı…”

Baxışlarımı tavandan qoparıb sevimli güllərimə dikirəm; nə qədər kifir görünürlər! Evi nə qədər darısqal eləyiblər! Oksigenimi udan da onlardı! Əvvəllər adam kimi danışardılar, dinlərdim. İndisə mən ancaq küy eşidirəm.

***

Hamısı hövsələsizlik, əsəb, uşaqlıq üzündən… Eynən insan həyatında olduğu kimi, qiymətlilərimizin qədrini bilməməyimizin nə boyda məsuliyyətsizlik olduğunu bir daha anlamaq. Zamanında bu gün-sabaha saxlamayıb telefondan kompüterin yaddaşına atsaydım, belə olmazdı. Daha gecdi. Artıq bir təsəllim var: hər şey məni bapbalaca uşağa çevirən O-nun bir telinə qurban. Zatən, ona böyük qurban yaraşar…

Amma təsəlli nəyi qaytarır ki?.. Təsəlli hansı proqramdan üstündür?

***

“Abi, inanıram ki, daha da yaxşıları yazılacaq…”

“Daha yazmayacam. Onsuz da hadisədən bir gün qabaq ədəbiyyatdan gedəcəyimi demişdim. Küsdümü yoxsa ədəbiyyat, özü məndən getdi, məndən qabaq…”

“Yox, abi…”

“Bu xarabada yaşamaq belə izafi zəhmətdi…”

***

Deyəsən, qan dövranım dayanıb. Ürəyim dəmir anbarı kimi ağır. Ağrılar da üstünə-üstünə. Sabah telefonu götürməyə gedəcəyəm. Götürüb qayıdacağam. İçi itmiş telefona baxıb xatırlayacağam…

…Xeyli uşaqdım. Qonşumuz yeniyetmə Umud eşşəyini çullayıb, heybəsinə pendirdən-şordan, üstündə çiçəklər açan təndir çörəyindən qoyub meşəyə oduna getdi. Qurumuş ağaclardan odun doğradı, iki tay tutdu, bir az çırdan-çırpıdan şələ bağladı öz kürəyi üçün. Naharını eşşəyi ilə böldü. At yolu cığırlarla eşşəyinin böyrünə böyrünü verib dərəyə endi, eşşəyinin çaydan doyunca su içməsinə ləzzətlə tamaşa elədi. Ağzı sulandı, özü də çay qırağında korun-korun qaynayan buz bulağa diz çöküb pendirin yanğısını soyutdu. Güney dərəyə qalxdılar. Aşağıdan çayın ancaq qıjıltısı gələn yüksəklikdə ayağı sürüşdü, taylarını pələsəng tutmuşdu deyə, eşşək özünü saxlayammadı, dərəyə yuvarlandı…

Kənddə evlərinə çatanda tövləni gördü, qəfildən ağlamağını kəsdi, kövrəldi, parçalanmış eşşəyin çiyninə yüklədiyi çulunu, noxtasını unudub üzünü göyə tutdu, yazıq-yazıq uladı:

“Allah, gedəm görəm, eşşək tövlədə, çulu da üstündə…”

***

“İtmiş qeydlərin sorağında” çabalasam… sonuncu yazdığım bu idi, sözbəsöz olmasa da, xatırladığın canını yazıram:

“Mərhum Manaf Süleymanovun kitabını oxuduqca bolşevizm pərdəsinə bürünmüş rusun köpəyi, hökumət dəftərxanalarından birində çalışan, Rəsulzadənin belə tanıdığı arvadıyla birgə Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında əvəzsiz rol oynamış Əli Bayramovun başının kəsilməsinə bir əsr sonra sevinən mən Şoloxovun 1925-26-cı illərdə yazdığı qırmızı hekayələri oxuduqca əsərin bolşevik qəhrəmanlarının hər hekayədə ard-arda qolçomaq kazaklar tərəfindən qətlə yetirilməsinə üzülə-üzülə, az qala, yazıçını söyürəm ki, eləmə, Şoloxov, bu qədər qəddarlıq eləmə! Yazıqdılar…

Bax, budur ədəbiyyatın gücü!”

…Yazmayacağam mən daha. Mən də başı kəsilənlərdənəm…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button