Ali Məhkəmə Bayramlının həbs müddətini iki ay azaldıb

Bu gün Azərbaycan Ali Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının üç illik həbs müddətini iki ay azaldıb.

Məhkəmə ittihamı CM-in 206.1-ci (qaçaqmalçılıq) maddəsindən 29,206.1-ci (qaçaqmalçılığa cəhd) maddəyə tövsif edib.

Məhkəmədə çıxış edən vəkil Elçin Sadıqov Bayramlının Azərbaycanda 206.1-ci maddə ilə həbsdə saxlanılan yeganə insan olduğuna diqqət çəkib. O, qeyd edib ki, Bayramlı dəfələrlə uydurma ittihamla həbs edildiyini və siyasi məhbus olduğunu bəyan edib.

“İş materialları arasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin məktubları var. O məktublardan görünür ki, G.Bayramlı, hətta Gürcüstanda olanda da izlənilib”, deyə vəkil bildirib.

Bayramlı sərhəddən bəyan edilməmiş 12 min dollar keçirməyə çalışmaqda ittiham olunur. Amma o, “Sınıq Körpü” gömrük məntəqəsini keçməzdən əvvəl saxlanılıb.

“Biz istintaq qarşısında məntəqədəki videogörüntülərin alınması haqda vəsatət qaldırdıq. Bir ay sonra cavab gəldi ki, həmin görüntülər saxlanmayıb. Bu iş üzrə məhkəmədə 14 vəsatət qaldırdıq, heç biri təmin olunmadı”, deyə vəkil bildirib.

Amma prokuror Bayramlıya bəraət verilməsi xahişi yer alan kassasiya şikayətinin təmin edilməsinə etiraz edib.

Müşavirədən sonra hakim Hafiz Nəsibov ittihamı tövsif etdiyini və cəza müddətini 2 ay azaltdığını elan edib.

İclasdan sonra AXCP fəalları Ali Məhkəmənin binası qarşısında Bayramlının azad edilməsi tələbi ilə fleş-mob keçiriblər.

AXCP lideri Əli Kərimli Azərbaycan hakimiyyətini siyasi rəqibinin cinayət təqibinə görə qınayıb.

Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb və 3 il müddətinə həbs edilib. O, 12 min dolları onun baqajına hüquq-mühafizə orqanlarının əməkdaşlarının özlərinin qoyduğunu bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button