ANS kollektivi Heydər Əliyevin məzarına və ruhuna məktub yazdı

Ulu Öndərimiz!

Böyük Dostumuz və Liderimiz!

Əziz Heydər Əliyev!

Sizə rəhmət olsun! Ruhunuzu narahat etdiyimizə görə üzr istəyirik. Amma başqa çıxış yolumuz qalmadı. Özünüz bizə dəfələrlə tapşırmışdınız ki, bir çətinliyə düşsək, sizə müraciət edək. İndi məhz o zamandır. Bizi ürəkləndirən odur ki, həmişə ANS-i qiymətləndirmisiniz, qorumusunuz, ən çətin vaxtlarımızda arxa olmusunuz. Azərbaycan xalqının 3 övladının Sovet İttifaqında ilk müstəqil televiziya və radio yaratmaq bacarığına layiqincə dəyər vermiş, “mən bu üç azərbaycanlı gənclə fəxr edirəm!” demisiniz. Hələ 1991-ci ildə, Naxçıvana dönəndə bizi qəbul etməyiniz, çətinliklərdən qorxmamaq, həmişə azərbaycançılıq ideyalarına xidmət etmək barədə verdiyiniz tövsiyələr həmişə fəaliyyət proqramımız olub. Bizə həmişə həssaslıqla yanaşmısınız, səhvlərimizi də özümüzə şəxsən demisiniz, olub ki, hətta sərt sözlərlə tənbeh də etmisiniz, amma heç vaxt başqalarına bunu etməyə izn verməmisiniz. Sizin tənqidiniz isə bizim üçün əsl universitet olub. Bu gün də Azərbaycana, öyrətdiyiniz kimi, xalqımızın ən yüsək dəyərlərinə sədaqətimizlə fəxr edirik. Allah, Dövlətimiz, xalqımız və ruhunuz qarşısında alnıaçıq və üzü ağıq.

Ulu öndərimiz!

Mənəvi liderimiz!

Bu gün biz ən çətin günlərimizi yaşayırıq. 10 aydan artıqdır ki, keçmiş Sovetlər birliyinin ilk müstəqil televiziya və radiosu bağlanıb. Vətənpərvərliyini və təmizliyini, dəqiqlik və halallığını nümunə göstərdiyiniz, yüksək qiymətləndirdiyiniz, fəxr etdiyiniz, fiziki ömrünüzün sonunda son söz demək üçün seçdiyiniz kanalı terrorçuluğa dəstəkdə günahlandıraraq bağlayıblar. Azərbaycanın müstəqil dövlət quruculuğunun, Qarabağ müharibəsinin, yaşadığımız vətəndaş müharibəsinin, bölgənin, dünyanın ən yeni tarixinin toplaşdığı, yalnız bizə etbar etdiyiniz müsahibə və görüşlərin qiymətli sübutlarını özündə saxlayan Arxivimizə girişimizə yasaq qoyulub. Müstəqil jurnalistikamızın ən qabaqcıl nümayəndələrinin çalışdığı ANS-in əməkdaşları pərən-pərən düşüb. Müraciət etdiyimiz dövlət qurumları bizə yalnız sükutla cavab verirlər. Həmişə özümüzə dost və qardaş, demokratik azadlıqların təminatçısı hesab etdiyimiz, səs verdiyimiz Prezidentə səsimiz gedib çatmır. Beynəlxalq qurumların Azərbaycanda inkişaf və vicdanlı informasiya modeli saydığı qurumun bağlanması onu milyon manatlarla borcla üz-üzə qoyub. Sizin bizə ilk müstəqil televiziya və radio binasının inşası üçün təklif verib ayırdığınız, prezident İlham Əliyevin xeyir-dua və sərəncamı ilə 2015-ci ilin martında tikintisinə başladığımız layihənin mənzərəsi bu gün miskin bir xarabalığı xatırladır. ANS 25 illik keçmişindən məhrum edilib. Otaqlarımızın qapısı hüquq-mühafizə orqanlarının əmri ilə möhürlənib. Öz əmlakımıza əl vura bilmirik. Siz bizə “Azərbaycanda qazanın, Azərbaycana sərmayə qoyun!” deyərdiniz. Biz bütün qazandıqlarımızı Azərbaycanımıza yatırmışıq. Bu əməlimizlə fəxr etmişik. Amma indi faktiki olaraq heç nəsiz qalmışıq. ANS bağlanıb. Əlbəttə, bu, böyük dərddir. Amma daha böyük dərd də var: biz gələcəyimizdən məhrum edilmişik. Yeganə bacardığımız peşəyə, canımızı və ömrümüzü qoyduğumuz jurnalistika fəaliyyətinə, bu yolla Azərbaycana xidmət edə biləcəyimiz illərə – GƏLƏCƏYİMİZƏ də yasaq qoyulub.

ÜMİD YERİMİZ ULU ÖNDƏR!

Sizdən ümid gözləyirik. Biz heç vaxt terrorçu olmamışıq, bunu Siz hamıdan yaxşı bilirsiniz, əksinə Azərbaycanın məruz qaldığı terror aktlarının lentə alanı, tarixə köçürəni ANS olub. Bu gün dünya Ermənistanın törətdiyi terror aktlarını məhz ANS-in kadrlarının şahidliyi ilə məhkum edir. Azərbaycan gəncliyi bu günkü vətənpərvər ruhu ilə həm də ANS-in 25 illik xidmətinə borcludur. Haqsızlığın nə qədər ağır olduğunu, layiq olmadığın cəzanın ağrısını Sizdən yaxşı kim bilir ki? Bu gün biz də belə bir əzab, bir anlaşılmazlığın yaratdlğı problemin işgəncəsini yaşayırıq. Bizim üzərimizdən “terrorçu” damğasının götürülməsinə yardım edin. Bu adla yaşamaq, valideynlərimizin, balalarımızın, doğmalarımızın, vətənpərvərlik ruhu aşıladığımız milyonlarla insanın gözünün içinə baxmaq çox ağırdır. “Buyurun, bu da Sizin qulluq etdiyiniz dövlətin Sizə verdiyi qiymət!” kimi acı qınaqlardan bizi qurtarın. Əlbəttə, səhvimiz də olub. Siz özünüz də həmişə deyərdiniz ki, “səhv yalnız qəbristanlıqda olmur”. Amma bu səhvlərin heç biri cinayət deyil. İş olan yerdə səhvin də, anlaşılmazlığın da olması təbiidir. Biz Sizin yolunuzla gedirik. Bundan sonra da öz yolumuzu dəyişmək niyyətimiz yoxdur! Yolunuzun layiqli yoldaşlarını bu dəfə də darda qoymayacağınıza inanırıq. Biz Sizə burda, yanımızda olanda İlin Adamı dedik, bu adı bizdən alarkən ANS-i şərəfləndirmiş, bizə, obyektivliyimizə yüksək dəyər vermişdiniz. İndi isə Sizə Əbədiyyət Adamı kimi üz tuturuq. Qiymətinizə yenə və daha çox ehtiyacımız var! Son sözü Siz deyin. Qoy adınız və ruhunuz köməyimiz olsun!

ANS kollektivi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button