Aşıq Hüseyn Saraçlı

huseyn saracli

Eldə fövqəl bir varlıq kimi qarşılanan Aşıq Hüseyn Saraçlı

Aprelin 16-da doğulduğu Saraçlı kəndində məşhur ustad aşıq Hüseyn Saraçlının 100 illik yubileyi qeyd olundu. Tədbirdə iştirak edə bilməsəm də Ustadın müqəddəs ruhuna ehtiram olaraq deməyə sözüm var.

“Tütək səsi” filmində Aşıq Hüseyn Saraçlının çaldığı “Ürfanı” havasını yəqinki çoxları dinləyib. Həmin filmə niyə məhz bu saz havasının, özü də Hüseyn Saraçlının ifasında salındığı barədə müxtəlif fikirlər söyləmək olar, amma anladığım bir şey var ki, “Ürfanı” gerçək ərənlərin, ürfan əhlinin havasıdır. Bu hava Hüseyn Saraçlının ifasında öz klassik formasına daha sədaqətli səslənirdi.

Saz Borçalının simgəsidir. Borçalı öz sazının qüdrətilə zamanla müxtəlif adlar altında tarix səhnəsinə çıxmış Bütöv Azərbaycanın ruhunu təşkil edir. Bu fikrimi Səfəvilər dövləti qurularkən Şah İsmayıl Xətainin sarayına sazın məhz Borçalıdan getməsi faktı da təsdiqləyir.

Bütün simli musiqi alətlərinin anası olan saz Borçalı aşıqlarının simasında XX əsr aşıq sənətinin şah zirvəsini fəth edib. Həmin dövr aşıq sənətinin fatehləri sırasında Xındı Məmməd, Quşçu İbrahim, Məsim Bəyazidli, Sadıq Sultanov, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev, Alxan Qarayazılı, Aşıq Göycənin və neçə-neçə başqalarının adını çəkmək olar. Bu aşıqların sırasında özünəməxsus yeri, klassik üsluba sadiq, özəl improvizasiyalara malik olan Aşıq Hüseyn Saraçlı da var. Hüseyn Saraçlının adını sonda çəkməklə bu yazını ona həsr elədiyimi bir daha oxucunun diqqətinə çatdırmaq istəyirəm.

Aşıq Hüseyn sənətin elə bir dövründə yaşayırdı ki, burada XX əsrin aşıq sənəti tarixində qalmağın yalnız iki yolu vardı. Bu, səhnəyə ya klassik formanın mükəmməl mühafizəkarı, ya da novator ifaçı kimi çıxmaqla mümkün idi. O dövr üçün yaranmış aşıq musiqisi prosesinin modernləşmə qütbünü Aşıq Əmrah, Sadıq Sultanov və Xan Kamandar tutmuşdusa, klassik üslubun mühafizəkarı qütbünü Hüseyn Saraçlı təkcə öz boynuna götürmüşdü. Qeyd edim ki, aşıq sənətindəki bu qütbləşmə hər iki istiqamətdə öz möhtəşəmliyini isbat edə, böyük nailiyyətlərə imza ata bildi.

Hüseyn Saraçlı sənəti klassik aşıq sənətinin bütün tələblərinə cavab verməklə dastançılıq yolunda da öz xüsusi yerinin olduğunu ictimaiyyətin diqqətinə çatdıra, folklor və aşıq sənətinin tarixinə yaza bildi. Onun dastanlara öz improvizasiyasını qatması dinləyicilərə özəl bir zövq verirdi. Bu, Hüseyn Saraçlının dilimizin zənginliyini içinə hopdurması səbəbindən doğurdu. Eyni zamanda, o, dastanı dilimizin qrammatik formasında deyil, əksinə el dilində danışmağa, hətta dialoqları obrazların məxsus olduğu regionun, hadisələrin cərəyan etdiyi bölgənin şivəsində dinləyiciyə çatdırmağa üstünlük verirdi. Bu üslub və ya yanaşma onu aşıqsevərlərə xüsusilə sevdirdi. Hüseyn Saraçlının keçirdiyi məclislər, onun toy-nişanda ifa etdiyi mahnılar və söylədiyi əfsanələr, əhvalatlar, gülməcələr, atmacalar öz təsirini təkcə ictimai şüurun formalaşmasına deyil, həm də Borçalı ədəbi mühitinin, aşıq poeziyasının inkişafına öz təsirini göstərirdi. O, ictimai düşüncəni ürfan ədəbiyyatına, Qurani-Kərimi təfsir edən poeziyaya, yeri gəldikcə nəti-şərifə, Xalq dastanlarında mifləşdirilmiş obrazların təhlilinə və bu obrazların dastan boyu səfər etdikləri məkanların, orada göstərdikləri qəhrəmanlıq nümunələrinin özəl xüsusiyyətlərinə yönəldirdi. Hüseyn Saraçlı eləcə də, öz maraqlı söyləmələri ilə dinləyicini Dirili Qurbani, Xəstə Qasım, Xəstə Hasan, Abbas Tufarqanlı, Qul Qarani, Qul Allahqulu, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Şair Ağacan, Şair Nəbi, Novruz Təhləli və s.kimi böyük ədibləri dərk etməyə sövq edirdi. Çünki bu aşıq və şairlərin yaradıcılıq nümunələri, eyni ilə də Hüseyn Saraçlının əsərləri dinləyiciyə çatdırma ustalığı tarixi yaddaşın qorunmasına, türkçülük ruhunun diri tutulmasına, milli şüurun inkişafına stimul verən əvəzsiz bir xidmət idi.

Aşıq Hüseyn Saraçlı öz davranışı, qabiliyyəti, ustadlığı, insanlıq göstəriciləriylə elə bir aşıq obrazı yaratmışdı ki, insanlar onu adi deyil, eldə fövqəl bir varlıq kimi qarşılayırdılar. Buna baxmayaraq, o, çox sadə, ürəyiaçıq, səxavətli, elin imicininin uca görünməsinə çalışan, dədə-babadan miras qalmış Borçalı kişilik obrazının əlamətlərinə sadiq qalan mükəmməl bir insan idi. Bu gün də söhbətlər arası ondan sitatlar gətirilir, onun yaratdığı səhnələr, lətifələr, başına gələn əhvalatlardan ağızdolusu və fəxarətlə bəhs edilir.

Elbəyi Cəlaloğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button