Aşqabadda müəssisələrdə bahalaşmanın 'normal hadisə' olduğu izah edilir

Aşqabadda dövlət qurumları iclaslar keçirir, büdcə işçilərinə izah edilir ki, “dünyanın bütün ölkələrində ərzaq bahalaşır və Türkmənistanda ərzaq qiymətlərinin baha olması normal haldır”.

Bu barədə AzadlıqRadiosuna yerli sakinlər bildirib.

“Son günlər bir çox dövlət qurumları bu vəziyyətlə bağlı insanların fikirlərini öyrənmək üçün işçilərlə görüşlər keçirib ərzaq məhsullarının bahalaşması mövzusunu müzakirə edirlər”, – anonimlik şərti ilə belə görüş iştirakçılarından biri deyib.

AzadlıqRadiosunda bu görüşlərin keçirildiyi dövlət qurumları ilə bağlı məlumatlar var, lakin təhlükəsizlik baxımından adlar açıqlamır.

Bildirildiyinə görə, bu görüşlər adətən natiqlik qabiliyyətinə malik liderlərdən birinin prezident Sərdar Berdiməhəmmədovun yürütdüyü dövlət siyasətini tərifləyən çıxışı ilə başlayır.

“Sonra söhbət bu mövzuya keçir ki, dünyanın bütün ölkələrində ərzağın bahalaşması və Türkmənistanda da qiymətlərin qalxması normal haldır. Rəhbərlər tabeçiliyində olanları “xalq üçün bu çətin zamanda” hökumətin siyasətini dəstəkləməyə və ölkə prezidentinin ətrafında birləşməyə çağırır”, – Aşqabaddan olan digər büdcə işçisi deyir.

Belə görüşlərdən sonra əhali arasında dövlət mağazalarında qiymətlərin daha da artırılması ilə bağlı söz-söhbətlər dolaşmağa başlayıb.

Yerli sakinlərin sözlərinə görə, bu cür şayiələr adətən bir aydan sonra gerçək olur, bu da, onların fikrincə, şayiələrin arxasında ölkənin xüsusi xidmət orqanlarının dayandığını göstərir.

“Türkmənistanın təhlükəsizlik xidmətləri qəsdən şayiələr yayır və bununla da əhalini növbəti bahalaşmaya hazırlayır. Onlar bunu əhali arasında mümkün narazılığın səviyyəsini qiymətləndirmək üçün edirlər”, – paytaxt sakini deyir.

AzadlıqRadiosu dövlət qurumlarında keçirilən görüşlərlə bağlı Milli Təhlükəsizlik Nazirliyindən şərh ala bilməyib.

Bu vəziyyət Ramazan ayının (miladi təqvimi ilə martın 11-də başlayıb) əvvəlindən ərzaq qiymətlərinin 200 faiz artması fonunda müşahidə olunur. Baxmayaraq ki, ölkə prezidenti bu yaxınlarda hökumətin iclasında qiymətləri və bazarların, ticarət nöqtələrinin istehlak malları ilə təminatının nəzarətdə saxlanılmasının zəruriliyini bir daha vurğulayıb.

Türkmənistanın hakimiyyət orqanları, rəsmi mediası qiymət artımı ilə bağlı vəziyyətə susur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button