Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin mühasibi haqqında həbs qərarı

Yayımlandı: 14 Mart 2024 16:46

Qərarda Zərifə Abbasovanın məhkəmə prosesinə gəlməməsi əsas götürülüb

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyində 1 milyon manata yaxın pul yeyintisiylə bağlı məhkəmə araşdırmaları davam edir. 15 il nümayəndəliyin mühasibi olmuş Zərifə Abbasova 983 min manatlıq mənimsəmədə ittiham edilir. O, həbsdə olmasa da, ötən ilin mayından işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 14-də hakim Əhməd Quliyevin sədrliyilə keçirilən məhkəmə prosesində Zərifə Abbasovanın həbs olunması barədə qərar qəbul edilib. Hakim qərarı əsaslandırarkən bildirib ki, o, artıq neçənci dəfədir ki, məhkəməyə gəlmir, prosesdən yayınır. Bu dəfə də məhkəməyə gəlmədiyinə görə onun haqqında polis nəzarətinə vermə qətimkan tədbirinin həbslə əvəz olunmasına qərar verilib.

İttihama əsasən, 1 milyon manata yaxın mənimsəmə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko və qurumun daha bir diplomatının elektron imzalarının, möhürün ələ keçilməsi yoluyla baş verib.

Cinayət işinin materiallarında göstərilib ki, Zərifə Abbasova 1 mart 2008-ci ildən 18 yanvar 2023-cü ilə qədər Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasibi vəzifəsində çalışıb. O, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə köçürülən pulları mənimsəmək üçün səfir Peter Mixalko və digər məsul şəxsin imzasını, həmçinin möhürü əldə edib. Onların vasitəsilə də nümayəndəliyin Beynəlxalq Bankdakı hesabında olan vəsaitlərin bir hissəsini ələ keçirib.

“Zərifə Abbasova 2017-2022-ci illər ərzində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mühasib vəzifəsində işləyərkən təşkilatın bank hesabında olan vəsaitləri nağdlaşdırıb. Həmçinin saxta ödəniş tapşırıqları vasitəsilə müxtəlif vaxtlarda pulları özünün əməkhaqqı kartına köçürərək, təşkilata məxsus 983 min 254 manatı mənimsəyib”, – ittihamda yazılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

İttihama münasibət bildirən Zərifə Abbasova deyib ki, özünü qismən təqsirli bilir. O bildirib ki, 983 min manat yox, təşkilatın 50 min manat pulunu mənimsəyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button