Avropa Parlamenti süni intellekti tənzimləyən qanun qəbul edib

Yayımlandı: 14 Mart 2024 13:41

Tənzimləmə potensial risklərə və təsir səviyyəsinə əsasən Aİ üçün öhdəliklər müəyyənləşdirir

Martın 13-də Avropa Parlamenti süni intellektdən istifadəni tənzimləyən qanun qəbul edib.
Bu, dünyada qəbul edilən ilk belə qanundur.

Bu barədə Avropa Parlamentinin yaydığı məlumatda bildirilir ki, innovasiyaları gücləndirməklə yanaşı, təhlükəsizliyi və fundamental hüquqlara uyğunluğu təmin edən Süni İntellekt Qanunu təsdiqlənib.

2023-cü ilin dekabrından üzv dövlətlərlə aparılan danışıqlarda razılaşdırılan reqlament Avropa Parlamentinin deputatları tərəfindən 523 lehinə, 46 əleyhinə və 49 bitərəf olmaqla təsdiq edilib.

Qanun əsas hüquqları, demokratiyanı, qanunun aliliyini və ekoloji davamlılığı yüksək riskli süni intellektdən qorumaq, eyni zamandan, innovasiyaları gücləndirmək məqsədi daşıyır.
Tənzimləmə potensial risklərə və təsir səviyyəsinə əsasən Aİ üçün öhdəliklər müəyyən edir.

Qadağan olunmuş proqramlar

Yeni qaydalar vətəndaşların hüquqlarını təhdid edən bəzi süni intellekt tətbiqlərini, o cümlədən həssas xüsusiyyətlərə əsaslanan biometrik kateqoriyalara ayırma sistemlərini və sifətin tanınması verilənlər bazası yaratmaq üçün internetdən və ya CCTV görüntülərinin məqsədsiz surətdə çıxarılmasını qadağan edir.

İş yerində və məktəblərdə emosiyaların tanınması, sosial qiymətləndirmə, proqnozlaşdırıcı polislik və insan davranışını manipulyasiya edən və ya insanların zəifliklərindən istifadə edən süni intellekt də qadağan ediləcək.

Hüquq-mühafizə orqanlarında istisnalar

Hüquq-mühafizə orqanları tərəfindən biometrik identifikasiya sistemlərinin (RBI) istifadəsi, hərtərəfli sadalanan və dar şəkildə müəyyən edilmiş hallar istisna olmaqla, prinsipcə qadağandır.

“Real-vaxt” RBI yalnız ciddi təminatlara əməl olunarsa, yerləşdirilə bilər. Onun istifadəsi isə coğrafi miqyas baxımından məhduddur və əvvəlcədən xüsusi məhkəmə və ya inzibati icazəyə tabedir. Bu cür istifadələrə, məsələn, itkin düşən şəxsin məqsədyönlü axtarışı və ya terror hücumunun qarşısının alınması daxil ola bilər. Belə sistemlərdən istifadə yüksək riskli istifadə halı hesab edilir. Bundan istifadə yalnız cinayət əməli zamanı edilə bilər. Bunun üçün məhkəmə icazəsi tələb olunur.

Həmçinin qanun tələb edir ki, süni intellekt sistemlərinin köməyi ilə hazırlanmış bütün foto və videoların üstündə müvafiq işarələnmə olmalıdır.

“Süni intellektin inkişafının mərkəzində insan olmalıdır”

Müzakirələr zamanı Daxili Bazar Komitəsinin həmməruzəçisi Brando Benifei deyib ki, riskləri azaltmaq, imkanlar yaratmaq, ayrıseçkiliklə mübarizə aparmaq və şəffaflıq gətirmək üçün nəhayət, süni intellektlə bağlı dünyada ilk məcburi qanunumuz var:

“Parlament sayəsində Avropada bəzi qəbuledilməz təcrübələr qadağan ediləcək. İşçilərin və vətəndaşların hüquqları qorunacaq. Biz süni intellektin inkişafının mərkəzində insan və Avropa dəyərlərinin olmasını təmin edirik”.

Qanunu Aİ Şurası təsdiqləməlidir. Onun mayın sonunda qüvvəyə minəcəyi gözlənilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button