Pənah Hüseyndən videokonfransda maraqlı çıxış: “Siyasi müxalifət müharibənin yaratdığı problemlərdən hakimiyyət uğrunda mübarizə üçün istifadə etməyəcək!”

Xural.com xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hökumətinin Baş naziri Pənah Hüseyn 03.10.2020-ci ildə keçirilən siyasi partiyaların videokonfransındakı çıxışının mətnini özünün facebook səhifəsində paylaşıb. Qeyd edək ki, videokonfrans Prezident Administrasiyasının Siyasi Partiyalarla və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakçılığı və təşkilatlığı ilə keçirilib. Xural.com Pəınah Hüseynin çıxışını olduğu kimi təqdim edir:
“Hörmətli konfrans iştirakçıları!
Bu konfransda müxtəlif qüvvələrin təmsilçiləri iştirak edir. Gizli deyil ki, son dövr siyasi tariximiz, indiki siyasi gerçəkliyimiz, ölkənin siyasi gələcəyi barədə baxışlarımız, yanaşmalarımız, mövqelərimiz fərqlidir, bəzi məsələlərdə diametral fərqlidir.
Ancaq bu gün bu konfransa Azərbaycan Xalq Partiyası olaraq fikir, mövqe ayrılıqlarını yox, düşmənə və onun havadarlarına qarşı bir yerdə olduğumuzu nümayiş etdirmək üçün gəlmişik.
Yurdumuzda müharibə gedir. Xarici hərbi təcavüzlə üz-üzəyik. Gəlmişik deyək ki… və deyirik ki, bu müharibəni Vətən müharibəsi sayırıq, bu müharibədə heç bir qeyd-şərt qoymadan, xalqla, dövlətlə, ordu ilə birik, bir yerdəyik!
Təcavüzün dəf olunması, işğal olunmuş ərazilərin azad olunması, əhalinin təhlükəsizliyi üçün ölkə rəhbərliyinin həyata keçirdiyi hərbi və siyasi addımları, konkret olaraq hərbi əməliyyatın başladılmasını müdafiə edirik. Bu əməliyyatların axırıncı işğalçı torpağımızı tərk edənə qədər davam edilməsi barədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəyanatlarına tərəfdarıq, təqdir edirik və arxasındayıq.
Qardaş Türkiyə ilə siyasi və hərbi əməkdaşlığın dərinləşdirilməsini birmənalı şəkildə müdafiə edirik. Bu əməkdaşlığa Azərbaycanın və bütövlükdə regionun təhlükəsizlik təminatı kimi baxırıq, bu əməkdaşlığın daha da dərinləşdirilməsini, zəruri hallarda bir dövlət kimi hərəkət edilməsini istəyirik, buna çağırırıq. Buradan da Türkiyə dövləti rəhbərliyinə, Azərbaycanın haqq davasına dəstək verən Türkiyə siyasi partiyalarına verdikləri dəstəyə görə dərin minnətdarlığımı çatdırmaqdan şərəf duyuram.
Bir sıra beynəlxalq güclərin, dövlətlərin, təşkilatların hadisəyə işğalçı Ermənistan tərəfində beynəlxalq müdaxilə anlamına gələn riyakar mövqelərini nifrətlə və hiddətlə pisləyirik. Azərbaycan rəhbərliyini bu müdaxiləyə qarşı qətiyyətlə və əmin şəkildə durmağa çağırırq və bildirirk ki, Azərbaycan siyasi müxalifəti müharibənin və beynəlxalq güclərin müdaxiləsinin, təxribatlarının yaratdığı və yarada biləcəyi problemlərdən heç vaxt siyasi hakimiyyət uğrunda mübarizə məqsədiləri üçün istifadə etməyəcəkdir və belələri olacaqsa onlara qarşı olacağıq.
Təklif edirəm ki, həm iqtidar, həm də müxalifət hərbi əməliyyatların davam etdiyi sürəcdə son dövr siyasi tariximiz, indiki siyasi gerçəkliyimiz, ölkənin siyasi gələcəyi ilə bağlı məsələlər barədə, o cümlədən burada iştirak etməyən siyasi partiyalara münasibətdə müharibə marağı ilə şərtlənməyən əks təbliğata, diskussiyalara moratorium qoysunlar, birliyimizi və həmrəyliyimizi zədələyən, aramıza nifaq salan fikir və çıxışlardan çəkinsinlər, təsir imkanları olan KİV-lərə, jurnalistlərə tövsiyə etsinlər ki, orduda, cəbhədə, həm də arxa cəbhədə siyas motivli ayrı-seçkilik salan yazılarla çıxış etməsinlər, verilişlər verməsinlər. Təəssüf ki, belə hallar vardır.
Hesab edirəm ki, məhz indi “siyasi məhbus” problemini sıfırlayacaq amnistiya və əfv verilməsi, cəmiyyətdə birlik, həmrəylik mühitinin daha da möhkəmlənməsi baxımından fövqəladə faydalı olar, bu problemi Azərbaycana qarşı istifadə edən düşməni və dünyadakı havadarlarını tərksilah edər, onların hücumlarını əhəmiyyətli şəkildə neytrallaşdırar.
Digər təklifim ondan ibarətdir ki, nəzərə alaraq ki, cəbhə zonasına getməklə əlaqədar hərbi vəziyyətdən irəli gələn məhdudiyyətlər var, siyasi partiya sədrlərinə bir yerdə döyüş zonalarında olub əsgərlərimizlə görüşlər keçirmələrinə şərait yaradılsın. Fikrimcə iqtidar və müxalifəti təmsil edən partiya sədrləri ilə belə birgə tədbirlər milli birliyimiz və həmrəyliyimizin möhkəmlənməsinə, ordumuzun döyüş ruhunun yüksəlməsinə xidmət edərdi.
Cəbhədəki əsgərlərimizin şücaətləri, qəhrəmanlıqları, ordumuzun uğurları və arxada Azərbaycan insanının nümayiş etdirdiyi yüksək vətənpərvərlik təzahüratları, Vətən, torpaq, namus uğrunda hər şeyə hazır olmaları bizi sonsuz dərəcədə sevindirir, qürur və iftixar verir, qələbəyə inam yaradır.
Dünən jurnalistlərdən biri sual verdi: “Qələbə olsa Ali Baş Komandanı təbrik edəcəksinizmi?” Əlbəttə, hamımızın arzu etdiyi, uğrunda qanlar tökülən, canlar verilən o böyük qələbə olacaqsa – və mütləqdir ki, olacaq – onu qazanan xalq da, əsgər də, komandan da təbriki, təbriklərdən ötəsini də haqq edəcəkdir.
Azərbaycan əsgərinə eşq olsun!
Hər şey Vətən naminə, Hər şey qələbə üçün!
Yaşasın Azərbaycan!
Təşəkkür edirəm.”
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button