Azər Həsrət hesabat verir…

Bu da məndən daha bir ilk olsun! Varmısınız?

Azər Həsrət

azer@azerhasret.com

Neçə vaxtdır düşünürdüm ki, artıq ictimai fəal bir vətəndaş olaraq özümün başqa çalışmalarımla bərabər maliyyə durumum haqqında da bilgi verim. Necə ki, müxtəlif hüquqi şəxslər hər ilin sonunda ötən maliyyə ilindəki fəaliyyətləri ilə bağlı hesabat verməlidir, düşündüm ki, elə göz önündə olan fiziki şəxslərin də bunu etməsi pis olmazdı.

Belə düşünməyim də səbəbsiz deyil. Çünki nə vaxtdır bəzi şəxslərin əsassız ittihamlarına cavab verməkdən yorulmuşam düzü. Çalışmalarım hər zaman göz önündə olduğundan və gördüyüm, yaxud da görməyə çalışdığım işlər əslinə qalanda heç də asan başa gəlmədiyindən biriləri (nə yaxşı ki, onların sayı elə də çox deyil) elə düşünür ki, mənim bu çalışmalarımı kimlərsə maliyyələşdirir. Hətta ötən il bir sıra siyasi xadimlərlə müəyyən məsələlər ətrafında yaranmış, yumşaq desək, anlaşılmazlıqlarla bağlı söhbətlər zamanı bəzi gəlirlərimin mənbəyi və məbləği haqqında bilgi vermişdim və həmin şəxslərdən biri rəqəmlərin olduqca ciddi səsləndiyini demişdi. Məni bu “hesabatı” verməyə məcbur edən səbəb müxalif siyasi partiyalardan bəzilərinin üzvlərinin şəxsimi, hakimiyyətdən pul alaraq onların əleyhinə yazılar yazmaqda ittiham etməsi olmuşdu. Mən də gəlirlərim və onların mənbəyi haqqında bilgi verərək aydınlaşdırmaq istəyirdim ki, bu qədər halal və şəffaf gəliri olan birisinin kimsənin əlinə baxmasına gərək yoxdur. Üstəlik, nəzərə alsaq ki, istər özüm, istərsə də ailəmin hər bir fərdi ən sadə həyat tərzi sürürük və cah-cəlal, var-dövlət kimi fani iddialardan uzağıq.

…İki gün öncə millət vəkili Vahid Əhmədovun açıqlamasını oxudum. O, gəlirlər haqqında fikirlərini açıqlayaraq deyirdi ki, vəzifəli şəxslər, o cümlədən millət vəkilləri hər il öz gəlirləri haqqında bəyannamə verməlidir. Di gəl ki, heç bir vəzifəli şəxs bunu etmir. Halbuki bu, qanunlarımızın tələbidir…

Elə mən də yeri gəlmişkən, vəzifəli şəxs olmasam da, öz gəlirlərim haqqında açıqlama verirəm. Düzdür, 2010-cu ili əhatə edəcək gəlirlərim daha öncəki illərlə müqayisədə elə də yüksək hesab edilə bilməz. Ancaq yenə də anlaşılacaq ki, təkcə mənim gəlirlərim ailəmin normal yaşaması üçün yetərli sayıla bilər. Bir daha qeyd edirəm ki, biz cah-cəlal və təmtərağa meylli deyilk. Ona görə də aza qane oluruq…

Beləliklə, 2010-cu il üçün Azər Həsrətin gəlirləri, dövlətə ödədiyi vergilər haqqında rəsmi rəqəmləri təqdim edirəm:

I rüb üzrə:

2600 manat mədaxil. Ondan 104 manat vergi, 15 manat isə Sosial Müdafiə Fonduna, 2 manat da bank xidməti üçün ödənilib. Yəni 2600 manatın 121 manatı ödənişlərə xərcləndikdən sonra xalis gəlirim 2479 manat olub.

II rüb üzrə:

2100 manat mədaxil. Ondan 84 manat vergi, 15 manat isə Sosial Müdafiə Fonduna, 2 manat da bank xidməti üçün ödənilib. Yəni 2100 manatın 101 manatı ödənişlərə xərcləndikdən sonra xalis gəlirim 1999 manat olub.

III rüb üzrə:

3740 manat mədaxil. Ondan 150 manat vergi, 15 manat isə Sosial Müdafiə Fonduna, 2 manat da bank xidməti üçün ödənilib. Yəni 3740 manatın 167 manatı ödənişlərə xərcləndikdən sonra xalis gəlirim 3573 manat olub.

IV rüb üzrə:

5300 manat mədaxil. Ondan 212 manat vergi, 17 manat isə Sosial Müdafiə Fonduna, 2 manat da bank xidməti üçün ödənilib. Yəni 5300 manatın 231 manatı ödənişlərə xərcləndikdən sonra xalis gəlirim 5069 manat olub.

Yuxarıdakı rəqəmləri bir araya toplasaq 2010-cu il ərzində 13 min 740 manat mədaxilim olub ki, ondan dövlətə 620 manat ödəniş etdikdən sonra 13 min 120 manat xalis gəlirim qalıb.

Qeyd edim ki, bu rəqəmlərin hər biri rəsmi sənədlərlə təsdiqlənir və müvafiq dövlət qurumlarına vaxtlı-vaxtında hesabatlar da verilib. Onu da əlavə edim ki, sahibkarlıqla məşğul olan fiziki şəxs kimi istər vergi, istərsə də sosial müdafiə qurumlarında qeydiyyatım var və bu günə qədər heç vaxt hesabat və ödəmələrdə gecikdirməm olmayıb. Fəaliyyət sahəm də gizli deyil: tərcümə (ingilis, türk və rus dilləri üzrə) və kompüter xidmətləri göstərirəm.

Rəsmi bəyan etdiyim maliyyədən başqa təxminən min manata qədər başqa daxilolmalarım da olub ki, onların da vergisi ödənişi edən tərəfindən ödənilib.

Son olaraq qeyd edim ki, xanımım da işləyir və ailə büdcəmizə onun da önəmli qatqısı var.

Bir də onu qeyd etmək istərdim ki, artıq bu cür hesabatlarımı ənənəvi olaraq hər il açıqlamaq fikrindəyəm.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button