Azərbaycan Cənubi Qafqaz KİV konfransının diqqət mərkəzində [Video]

İyulun 6-7-də Tbilisidə “KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” adlı 13-cü Cənubi-Qafqaz KİV konfransı keçirilir. İştirakçılar jurnalistlərin təhlükəsizliyi, həmçinin münaqişə zonalarında, təbliğat qarşıdurmasında jurnalistika standartlarına eməl edilməsi məsələlərini müzakirə edirlər, tövsiyələr irəli sürürlər.

Gürcüstanın xarici işlər  naziri Mixail Canelidze bildirib ki, rəsmi Tbilisi konfransın keçirilməsi üçün şərait yaratmağa məmnundur. Hökumət KİV-in fəaliyyət şəraitinin liberallaşdırılması, ölkədə azad sözün səviyyəsinin qaldırılması kursunu yürüdür.

ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç BMT-nin İnternet azadlığı hüququ haqda qətnamə qəbul etməsini mühüm adlandırıb. O, dünyanın müxtəif ölkələrində jurnalistlərə qarşı zorakılıq faktlarının artmasından narahatlığını bildirib.

D.Miyatoviç bildirib ki, Azərbaycan hakimiyyəti bu yaxınlarda həbsdən buraxılan Xədicə İsmayılovanın bu konfransda iştirakı üçün ölkədən çıxmasına icazə verməyib. Bir qədərdən sonra Xədicə konfrans iştirakçıları ilə əlaqə yaradaraq Azərbaycanda qadın reportyorların işi  üçün böyük təhlükənin olduğundan danışıb.

“Jurnalistikada ən zəif yer qadınlardır”, – o vurğulayıb və buna misal olaraq özünü, özəl həyatına müdaxiləni, uydurma ittihamla azadlıqdan məhrum olunmasını göstərib.

Ümumilikdə, günün birinci yarısında rəsmi qurumların nümayəndələri, müstəqil və hökumətyönlü ekspertlərin iştirakı ilə Azərbaycanda söz  və media sahəsində vəziyyətə dair diskussiyalar olub.

Britaniya Universiteti KİV Azadlığı  Mərkəzinin direktoru Şeffild Ulyarm Xorslinin sözlərinə görə, Azərbaycan jurnalistlərin həbsdə olduğu,  diffamasiyanın kriminallaşdığı yeganə ölkə olaraq qalır.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif  Əliyev bildirib ki, 2005-ci ildən başlayaraq jurnalistlərin diffamasiyaya görə təqib olunması halları artıb. Bu 2007-ci ildə yüksək həddə çatıb. Məhkəmələrə jurnalistlərə qarşı 107 şikayət verilib. Bunun 37-i cinayət işinə keçib. Sonradan kəskin azalma müşahidə edilib, lakin xuliqanlıq, narkomanlıq və s. kimi ittihamlar üzrə həbslərin artması qeydə alınıb.

Hakimiyyət diffamasiya üzrə cinayət təqiblərinə moratorium tətbiqinə istinad edərək indiyədək diffamasiyanı kriminallaşdırmamaqdan imtina edir.

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, 2007-ci ildən jurnalistlərə qarşı fiziki və məhkəmə zorakılığı ilə bağlı statistikanın azalması KİV-in iqtisadi müstəqilliyinin məhv edilməsi və neft gəlirlərinin və özünüsenzuranın səviyyəsinin artması şəraitində demək olar ki, bütün KİV-in hakimiyyət tərəfindən ələ alınması ilə əlaqədardır.

Prezident Administrasiyasının nümayəndəsi Kamran Həsənov və onu  müşayiət edən hökumətyönlü xadimlər Azərbaycana qarşı bu qədər böyük diqqətdən narazılıqlarını bildiriblər. Onlar səslənən faktları və rəyləri qərəzli və əsassız kimi qiymətləndiriblər.

“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun burada danışdıqları qərəzli və əsassızdır”, – K.Həsənov qeyd edib.

E.Hüseynov öz çıxışında jurnalistlərin ölümündə, onların peşə fəaliyyətinə görə təqib olunmasında hakimiyyəti ittiham edib. Həbs təhlükəsi ilə üzləşdikdən sonra ölkədən qaçan E.Hüseynovun sözlərinə görə, indiyədək zorakılıq artır, buna görə də jurnalistlərin çoxu ölkədən getməyə və öz fəaliyyətini xaricdə davam etdirməyə məcburdur.

Sonda Dunya Miyatoviç gərginliyin aradan qaldırılması üçün Azərbaycan nümayəndələrini eyni xarakterli problemlərin olduğu digər Cənubi Qafqaz ölkələrində vəziyyətin müzakirəsi üçün imkan yaratmağa çağırmalı olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button