”Azərbaycan məhkəmələri məhkəmə adına utancdır”

Dekabrın 1-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda blogerin vəkili Şəhla Hümbətova məhkəməyə disk təqdim edib. Müdafiəçi diskdəki görüntülərə məhkəmədə baxılıb qiymət verilməsi haqda vəsatət qaldırıb.

“Mehman özü də ifadəsində bildirdi ki, həbs olunmasının da, ondan əvvəl təzyiqlərə məruz qalmasının da səbəbi jurnalist fəaliyyəti, ölkəni idarə edənlərin biznesi, əmlakları haqda video-reportajlarıdır. Məmurların villaları haqda video-reportajlar ölkədə geniş yayılıb, əhali arasında müzakirələrə səbəb olub. Bu diskdə Mehman Hüseynovun həmin reportajları toplanıb. Bunlara baxanda bir daha aydın olur ki, Mehmanı niyə həbs eləyiblər”.

Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov isə vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, vəsatətin verilən ittihama aidiyyəti yoxdur.

Hakimlər müşavirədən sonra vəsatəti təmin etmədiklərini elan ediblər.

İclasda məhkəmə istintaqının tamamlanması məsələsi müzakirə edilib. M. Hüseynovun vəkilləri deyib ki, onsuz da heç bir istintaq, araşdırma aparılmadı, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmadı. Amma prosesi lüzumsuz yerə uzatmamaq üçün məhkəmə istintaqı mərhələsinin yekunlaşmasına etiraz eləmirlər.

Mehman Hüseynov da vəkilləri ilə razı olduğunu deyib. Proses dekabrın 15-də davam edəcək.
Prosesi ictimai-siyasi şəxslər də izləyib.

M.Hüseynov yanvarın 9-da M. Hüseynov Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button