“Azərbaycanın ABŞ və onun konqresinin qarşısında heç bir öhdəliyi yoxdur”

“ABŞ Кonqresinin nümayəndələr palatasında noyabrın 15-də keçirilmiş Azərbaycanla bağlı dinləmələr və fikirlərin ABŞ-nin də Fransa kimi güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul etmək istəmədiyini göstərir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, dinləmələrin keçirilməsinə dəstək verən bu ölkədəki erməni lobbisidir.

“Azərbaycan dövlətinin ABŞ və onun konqresinin qarşısında heç bir öhdəliyi yoxdur. Azərbaycan müstəqil siyasət yürüdür. Hər hansı bir qüvvənin Azərbaycana qərəzli mövqe ilə təzyiq göstərməsi yanlış ideyadır”, – deputat deyib.

O qeyd edib ki, Azərbaycan olmadan ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti də iflasa uğrayacaq.

“Çünki, Azərbaycan bu bölgədə açar dövlətdir. ABŞ öz daxilindəki problemlərlə, irqi ayrıseçkilik ilə bağlı dinləmələr keçirməlidir. Bu ölkənin günbəgün artan dövlət borcunun altından necə çıxmağı barədə dinləmələr keçirsəydi bu ABŞ üçün daha əhəmiyyətli olardı. Dünyada baş verən müharibələr, dövlət çevrilişləri, milyonlarla insanın ac və vətənsiz qalması birbaşa ABŞ-nin ssenarisi ilə həyata keçirilir. Bu ölkə 20 il Əfqanıstanı narkotik plantasiyaları üçün işğalda saxlayıb. İşğal dövrü ərzində Əfqanıstanda heç bir quruculuq işləri görülməyib”, – Cavid Osmanov deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button