Azadlığımıza deyilən ağı-KÖŞƏ

bayraq1İgid Teymurlu

Və oxunacaq zəfər marşı

Millətimiz hələ də istibdad dövründən qalma bir hava altında qol götürüb oynamaqda və başımıza gətirilən oyunlar olmayıbmış kimi davranmaqdadır. Zaman-zaman unutqanlığımızın hakim kəsildiyi düşüncə tərzi və səlahiyyət sahiblərinin bundan yararlanma istəyi bizləri bu oyuna vadar edir. İstənilən cəmiyyətlərdə ümummilli məsələlərə münasibətdə BİGANƏLİK göstəriləndə, sosial zümrələr bu və ya digər üsullardan istifadə edilməklə mübarizə meydanlarındakı fədakarlıq keyfiyyətlərindən məhrum ediləndə AZADLIQ daim TƏHLÜKƏ ilə üz-üzə qalır. Onun bizi daş ilə, bizim isə onu aş ilə qaşıladığımız düşmənlər də zatən bunun peşindədirlər. Nə yazıq ki, bizlər bir millət olaraq bu gün həmin təhlükə ilə üz-üzəyik. Və həmin “təhlükə”ni doğura biləcək bir çox suallar var ki, dövlətimizin gələcəyi, bayrağımızın bir daha enməyəcəyi naminə bunlara cavab tapılmalıdır…

VARMI ELƏ BİR MİLLƏT Kİ, çəkdiyi acılar və məhrumiyyətlər baxımından Azərbaycan türkü ilə müqayisə edilə bilə!?

VARMI ELƏ BİR MİLLƏT Kİ, oğul və qızlarının tökülən qanları bahasına sahib çıxdığı öz əzəli torpaqlarının 400 ildə otuz dəfədən də artıq kiçilməsinə, zəbt olunmasına, satılmasına sanki “belə də olmalıymış” kimi münasibət bəsləyə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, bir əsrdə 4 dəfə deportasiyaya məruz qala, 9 dəfə al-qanına qəltan edilə və bütün bunları onun başına gətirənlərə qarşı loyal münasibətdə buluna?!

VARMI ELƏ MİLLƏT Kİ, yenə də bir əsrdə 4 dəfə əlifbası dəyişilə, dünən babasının yazıb qoyub getdiklərindən bu gün nəvələri xəbərsiz ola?!

VARMI ELƏ MİLLƏT Kİ, düşməni ona “ara, hayes, türkes?”  sualıyla həm də unutduğu kimliyini xatırlada, ancaq o, özünü Qatili Stalinin uydurduğu və “sovet adamı” tək bətnində bir mücərrədliyin gizləndiyi “azərbaycanlı” adıyla dünyaya təqdim edə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, onun uğrunda, onun yaşadığı torpaq uğrunda canlarını fəda etmiş öz Şəhid övladlarının məzarı üstündə həmin yurdsevərləri qətlə yetirən manyak qatil Kirovun abidəsini ucalda və bunun ətrafında salınan parkı civildəşən “gecə quşları”nın oylağına çevirə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, 20 Yanvar boyda qətliamın, Xocalı boyda soyqırımın yiyəsi ola-ola üstündən neçə illər ötsə belə hələ də cinayətkar axtarışına çıxa?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, hansısa cinayətin törədilməsinə zəmin hazırlayan kəsləri sonradan elə həmin cinayətkarları arayan deputat-istintaq komissiyasına sədr, üzv seçələr?!

VARMI ELƏ MİLLƏT Kİ, min bir zillətlə qazandığı MÜSTƏQİLLİYİK GÜNÜnə deyil, Afrikadan, Amerikadan, Avropadan, Avstraliyadan milyonlarla dollar hesabına gətirilən və bir-iki gündən sonra zibil qutularına atılan güllərə olan sevgisinə milli bayram statusu verə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, “qaçqın statusu”, “Milli Qəhrəman”, “Şəhid ailəsi”,  “Qarabağ əlili”, “müharibə veteranı” adını bəhanə edərək milyardları mənumsəyən məmur tayfasının talançılığına “təki mən salim olum” hikkəsilə göz yuma və öz mədə niyyətini əsas götürərək belə statuslarla yaşamağı ən düzgün variant sana?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, mücərrəd bir qazancdan ötəri Məmləkət Əhlinə olan biganəliyi çəkilən hündür hasarların arxasında ortalığa qoya və buna qanuni don geyindirməklə yalanları bütləşdirərək milləti də ona səcdə etdirə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, qız və gəlini düşməni tərəfindən əsir götürülsə də, siyasi hakimiyyətə iddialı olan müxalifəti və bu müxalifətin nəzarətində olan media qurumları, qeyri-hökumət təşkilatları Azərbaycanın dövlət maraqlarını tapdalayaraq erməni qarşısında göbək rəqsi oynaya, nümayəndə heyətimizə arxa çevirə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, yeddi yaşında əsir götürülən qızları xüsusu kimyəvi preparatla zəhərləyərək on beş yaşında qarnında erməni cocuğu daşıdığı halda Azərbaycana təhvil verən düşməniylə birgə arsız-arsız hansısa “Qafqaz evi”nə sığınmaq eşqiylə razılaşma haqda düşünə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, hamilə qadınının qarnından hələ bu dünyanın işığını belə görməyən çağanı yırtıb çıxarmaqla onu süngüyə taxan, əsir götürdükləri qızların göbəklərini külqabıya çevirən erməniyə qucaq açmağı “sivil dünyanın prioriteti” kimi qələmə verib, özünün nadanlıq, vəhşi barbarlıq dövrünə qayıdan Avropaya, Amerikaya xoş görünməyə çalışa?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, nəinki ona, bütölükdə Şərq və İslam dünyasına ilk demokratik Cümhuriyyəti bəxş edən Azadlıq Mücahidinin “başına çuval keçirməyi” “təmir” adıyla pərdələyərək əsas diqqəti kilometrlərlə ölçülən tort bişirmə olayına cəlb edə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, deputat mandatı gəzdirən bir kəsin belə riyakarlığa göz yummaqla həmin məsələni qabardan başqa bir deputat həmkarına qarşı “nə yaşına, nə də başına yaraşmayan” əda ilə çıxış edə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, eyni küçədə yaşasalar da, məmləkət əhlinin birinin iti yağla, balla bəslənilə, başqa birisi isə sobada yalxı su qaynadaraq yemək həsrətilə gözlərini qazana zilləyən körpəsini göz yaşlarının müşayiətilə yuxuya verə?!

VARMI ELƏ BİR MİLLƏT Kİ, ziyalısı bir loxma çörəyə görə talançılar ordusuna çevrilən ZİYANLILAR qarşısında qul kimi işləyə, “qanun mənəm” prinsipiylə işləyən QULDARLAR QULLAR DÜNYASI-nı “inkişaf etmiş cəmiyyət” kimi dünyaya təqdim edə?!..

VARMI ELƏ BİR MİLLƏT Kİ, aktiv müharibə illərinin “CANLI ENSİKLOPEDİYALAR”ını gözdən-könüldən irağa qoyub, satılan toyuq-cücə, toğlu-moğlu hesabına buraxılan “BPOŞÜRALAR”ı cəmiyyətə az qala DƏRSLİK kimi təqdim edə?!..

YOXDUR BELƏ MİLLƏT!!!

Sadalanan və sadalanmayan çətinliklərin, problemlərin önündə tab edib, dözüm nümayiş etdirsə də, DƏRDLƏRİMİZə BİGANƏLİYİ ilə YOX OLMAĞA doğru yol götürən millətimizin BÖYÜKLÜYÜ dünyanın özü boydadır. BÖYÜKLÜYÜMÜZə BİGANƏLİYİMİZ bizi kor günə qoyub – gecə ilə gündüzü bir görürük. Rusun, fransızın, amerikalının  tayası dibində yatan erməni köpəklərsə bu kölgəliyi öz hünərləri sayəsində əldə etdiklərini dünyaya təqdim etməkdədirlər.

“QA-RA-BAĞ!!!” deyə-deyə mütəmadi qışqır-bağırlar salmaq, ATƏT-inin köməyinə arxalanaraq qarşılaşa biləcəyimiz sərt qışa ruzi toplamamaq, dünyanın siyasi qurumsaqlarına bel bağlamaq bir millət olaraq bizləri ADSIZLAŞMAQdan xilas etməyəcək. “Xalq diplomatiyası” adı altında erməniyə qarşı sıcaq münasibətlərin formalaşdırılmasıyla bağlı cəhdlər də başımıza gələn faciələr kontekstində bu gün üçün bir bəhanədir. Zaman-zaman ərsəyə gətirilən belə “bəhanələr”in sonradan bir aldanış olduğunu qoca tarix özü sübüt edib…

ADSIZLAŞMAĞIMIZI və EV YİYƏSİ olmağımızı nəzərə alaraq həmişəkindən bir az fərqli şəkildə bu dəfə qəzəbimizi də, istibdadımızı da öz içimizdə boğmalıyıq. Sadalanan DƏRDLƏRİMİZə sahib çıxıb, ÖZÜMÜZə qayıtmalıyıq ki, düşmən də BÖYÜKLÜYÜMÜZ qarşısında diz çökərək masaya oturmaq məcburiyyətində qalsın. Başqa variantlarsa AZADLIĞIMIZı təhlükəyə ata bilər. Bu yazı ağı notları üzərində qələmə alınsa da, artıq belə davranmanın zamanı deyil. Südlü aşa soğan doğrayıb “as aşbaz” kimi görsənməyə çalışanlar tək davranmayaq. Millət olaraq VƏTƏNDAŞ HƏMRƏYLİYİ nümayiş etdirməklə bütün mümkün vasitələrdən istifadə edib BİR DAHA ENMƏYƏCƏK BAYRAĞIMIZın altında hünər və zəfər marşını oxumalıyıq.

P.S. Bu deyilənlər heç də yeni xəbər deyil, sadəcə olaraq,  ruhun titrəyişidir ki, işıldaşan böcəklərə yataq yeri olmayaq, ÖZÜMÜZə qayıtmaqla ilqarımıza sahib çıxaq, dönük olmayaq…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button