AZAL ABŞ-a uçuşları dayandırır-NİYƏ?!
Qubad İbadoğlu
ADR Hərəkatının sədri
2016-cı ildən ABŞ-a birbaşa uçuşlara başlayan Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu ilin oktyabr ayından Nyu Yorka uçuşları dayandırır. AZAL rəsmiləri bunu təyyarə parkını artıra bilmədiklərinə görə, marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərarı ilə əsaslandırıb.
Bu isə o deməkdir ki, Bakıdan Nyu Yorka uçuş gəlirli olmayıb. Əslində, mən bunun gerçəkliyinə şübhə ilə yanaşıram. Çünki AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır. Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür.
Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir. Əgər həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, onda rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəif olması ilə birbaşa əlaqədardır. Çünki bu marşrut üzrə tarif siyasətinin düzgün qurulmamasına görə, bölgədən ABŞ-a gələnlər, eləcə də ABŞ-dan Azərbaycana gedənlər alternativ marşrutlara üstünlük veriblər.
Hesab edirəm ki, AZAL-da köklü dəyişikliklərə ehtiyac vardır. Bu isə dövlət konserninin restrukturizasiya və özəlləşdirmə tədbirlərindən keçməlidir. Əks təqdirdə on milyardlarla sərmayə yeyən, müasir infrastruktura malik olan şirkət hələ bundan sonra da rentabelli işləməyəcək.
Xural.com