Bakıda dəhşətli qəza: sərnişin avtobusu yük maşını ilə toqquşdu

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: “Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb”.

*   *   *10:52

Bu gün Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsində ölən qadının 2 uşağı da avtobusda olub və ağır xəsarət alıblar.

Hazırda uşaqlar təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilirlər.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. Uşaqlar kəllə-beyin travması alıblar. Digər yaralıların vəziyyəti isə orta-ağırdır.

*   *   *10:15

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.

Bakı Nəqliyyat Agentliyindən virtualaz.org-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 dövlət qeydiyyat nişanlı, “Ford” markalı yük maşını 10-TF-383 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Qəza nəticəsində bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

*   *   *09:12

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Ələt magistral yolunda 90-OJ-802 dövlət nömrə nişanlı “KamAZ” yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 10 nəfər isə ağır xəsarət alıb. (oxu.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button